Uzun müddətdir ölkə mətbuatı qohum nikahların qadağan olunması məsələsini müzakirə edir. Ötən aylarda qohum nikahlarla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olundu və bununla da cəmiyyət iki cəbhəyə bölünüb. Bu nikahların genefondu dağıtdığını düşünənlər, qohumlar arasında bağlanan nikahları müdafiə edənlər. Yaxşı haldır ki, birincilərin sayı ikincilərdən çoxdur, lakin bu, ölkə əhalisini qohum nikahlardan çəkindirmək üçün yetərli deyil.
"Qohum nikahlar" bir-biri ilə qohumluq əlaqəsi olan insanların ailə qurmasına verilən addır. Evlənən və nəsil verən şəxslər arasında genetik əlaqə varsa, gələcək nəsildə xəstəlik ehtimalı büyükdür. Statistikaya görə Azərbaycanda qeydə alınan qohum nikahların təxminən 60 faizi Bakı, Lənkəran, Astara və Şəkidə bağlanır.
Qohumlaşan nikahlar xəstəlikləri də qohum edir
Təkamül prosesindən az-çox anlayışımız olduqda “qohumluq” anlayışını analiz edirik və anlayırıq ki, yer üzündəki bütün insanlar əslində bir-biri ilə qohumdur, sadəcə yaxınlıq və uzaqlıq dərəcələri, nəsil mərhələləri vacibdir. Qohum nikahı anlayışı, yaxın qan qohumluğu olan və ortaq nəsildən olan şəxslər arasında qohumluq əlaqəsi deməkdir. İnsanlar öz əmisi oğlu, bibisi qızı, dayısı oğlu, xalası qızı ilə evlənmənin gələcək uşaqları üçün zərərli ola biləcəyi ehtimalını inkar etmədən əvvəl, genetikanın nə olduğunu, ailələrdə xəstəliklərin necə baş verdiyini başa düşməlidirlər. Qohum evlilikləri bu genetik pozuntulara təkan verən, xəstəliyi qıcıqlandırıb oyadan amildir.
Xəstəliyi resessiv şəkildə daşıyan iki insan ayrı-ayrılıqda nikaha girəndə də onların uşağının bu xəstəliyə tutulma ehtimalı 25% civarında olacaq. Lakin eyni nəsil daxilində qohum nikahlarının bağlanması və bu nikahlardan uşaqların doğulması, xəstəliklərin inkişaf riskinin 50 %-dək artmasına səbəb olur. Bu resessiv genlərin daha tez birləşməsi, anadangəlmə qüsurların və ölümlərin əsas səbəbidir. Genetik problemlərin əhəmiyyətini də belə başa düşə bilərik: qadınlar normal hamiləlik yaşaya biləcək orqanizmə sahib olmalarına baxmayaraq, bunu yaşaya bilmir, çünki qohum nikahındadır. Onların doğulmamış uşaqları resessiv olan genetik anormallıqlar səbəbindən ya anomaliya ilə doğulur, ya da hamiləlik yarıda pozulur.
Bizi valideynlərimiz kodlayır, əgər genlər xəstədirsə...
İnsanlarda 22 cüt autosom və ya cinsiyyət xromosomu və 1 cüt cinsi xromosom (oğlanlarda XY, qızlarda XX) var. Doğulmamış uşaq genini hər iki valideyndən - yarısını atadan, digər yarısını isə anadan alır. İnsanlar arasındakı fərqlərin səbəbləri, daha çox hüceyrələrdə mayoz prosesi zamanı genlərin rekombinasiyası ilə bağlıdır. Bundan əlavə, mutasiya halları və müstəqil variasiyalar da bir insanı digərindən fərqləndirən genetik dəyişikliklərə səbəb olur.
Bu nə deməkdir? Bəzi genlərimiz tərəfindən kodlaşdırılan fiziki, fizioloji və ya davranış xüsusiyyətlərimizin düzgün işləməsi üçün hər iki valideynimizdən aldığımız genin normal işləməsi şərtdir. Bizi kodlayan genlərdən biri xəstə olsa, yalnız biri işləsə belə, ona tabe göstəricilərimiz normal inkişaf edəcək, habelə orqanizmimiz qaydasında işləyə bilər. Lakin valideynlərimiz qohumdursa, hər ikisi eyni genetik xəstəliyin daşıyıcısıdırsa bizim onlardan aldığımız hər ik gen də qüsurlu olacaq.
Yəni, əgər tərəflər qohum olmasa idi və ikisindən birinin genində problem olsa idi belə, bir gen sağlam olduğu üçün dünyaya gələcək uşaqların orqanizmi çox zərər görməzdi. Lakin tərəflər qohumdur və eyni xəstə geni daşıyırlar, dünyaya gələcək övladlarına eyni xəstə geni ötürürlər. Bu zaman mutasiya problemləri yaranır. “Autosomal resessiv” genetik xəstəliyi olan bir şəxsin bu xəstəliyi daşımasının səbəbi, hər iki valideynindən zərərli mutasiyaya malik eyni geni miras alması deməkdir. Qohum evliliklərini qadağan edən qanun, bu cür nikahlardan doğulan şikəst uşaqların olmaması üçün şərtdir.
Qohumla evlənib nəsil artırırsansa...
Qohum evliliklərinin nəsil davamlılığı risk altında olur. Əgər ailədə qohum nikahı olmayıbsa və ilk qohum nikahı gerçəkləşirsə onların anadangəlmə qüsurlu uşaqlarının doğulma nisbəti 3%-dən 4-5%-ə qədər artır. Ölüm göstəriciləri qohum nikahı olmayanlara nisbətən 3,5-4,4% yüksəkdir. Lakin ailə daxilində qohum nikahlarının tezliyi və sayı artdıqca bu faizlər də artır. Ölkəmizdə 3-4 nəsil ardıcıl qohum nikahı bağlamış ailələr var ki, bu nikahlardan doğulan uşaqlarda anomaliyalar, anadangəlmə qüsurlar var.
Əgər qohum nikahların qadağan edilməsi haqqında müzakirələr olmasaydı, qanun gündəmə gəlməsəydi, bizi Pakistan reallığı gözləyirdi. Əmiuşağı, xalauşağı, bibi-dayı uşaqları evliliklərinin nisbətinin 50%-i keçdiyi Pakistanda bu nikahlardan doğulan uşaqların ölüm nisbəti 8 % təşkil edir. Qohum evliliyi olmayan ailələrdə doğulan uşaqlarda bu ölüm nisbəti təxminən 5 % təşkil edir. İkiqat birinci dərəcəli qohum nikahından doğulan uşaqlarda ölüm səbəblərinin 41,2%-i resessiv genlərlə bağlıdır. Yəni, qohum nikahından doğulan uşaqlar da böyüyüb qohumla nikaha girirsə bu təhlükə 41 faizi ötür. Bu nisbət qohum evliliyi nəticəsində doğulan pakistanlı uşağın digər uşaqlara nisbətən resessiv genlərin yaratdığı genetik xəstəliyə tutulma riskini 13 dəfə artırır.
Qohum nikahları ipi çəkilmiş bombadır
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542, 2023-cü ildə isə 1 935 olub. Azərbaycanda qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir. Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Qohum nikahların daha çox olduğu Şəki, Masallı və Bakıda bu irsi xəstəliklərin yayılma tempi 15 % təşkil edir. Bu xəstəlikər arasında ən çox yayılanı talassemiyadır. Talassemiya daşıyıcıları arasında qohumla evlənmə faizi yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 %-dir. Azərbaycanda 500 min əlil insandan 200 min nəfəri məhz qohum nikahlarından doğulanlardır. Bu insanların günahı nədir? Qohumla qohum olmaq sevdasına düşən valideynin cəzasını övladları çəkir.
Qohum nikahlar problemi son illər dünyanı ciddi narahat edən məsələdir. İrsi xəstəliklərin çoxalması, fiziki cəhətdən məhdudiyyətli insanların artması, dünya əhalisinin böyük əksəriyyətinin genetikasının xəstə olması bu istiqamətdə tədbir görməyi sürətləndirir. Statistik göstəricilər deyir ki, dünya üzrə bağlanan nikahların 20 %-i qohumluq əlaqələri olan nikahlardır. Hər il dünyada doğulan körpələrin 8.5 %-i qohum nikahlarından doğulan körpələrdir. Azərbaycan kimi qohum nikahların çox bağlandığı ölkələrdə fiziki qüsurlu uşaqların doğulma tezliyi də sıx-sıx rastlanır. Qohum nikahlarına görə dünya ölkələri arasında liderlik edən ölkələr Hindistan, Misir və Türkiyədir.
Niyə qohuma qız verib, qız alırlar?
Ölkəmizdə qohum nikahları bir çox səbəbdən bağlanır. Birinci səbəbi qohumdan qız almaqla evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa qaynana-gəlin konfilikti olmaz. İkinci səbəbi odur ki, qohumla qohum olanda toy və nişan qiymətlərində, kənar xərclərdə güzəşt olunur. Üçüncü bir səbəb də odur ki, tərəflər qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün bu addımı atırlar. Üstəlik, qohumluq əlaqələri birtərəfli də qalmır, adətən qohuma qız verənlər o ailədən də qız alırlar, ikibaşlı, daha doğrusu üçtərəfli qohum olurlar - əzəli qohumluq, qız verməklə bağlanan qohumluq, qız almaqla bərkidilən qohumluq.
Problem o qədər böyükdür ki, həlli hardasa mümkün deyildi, əgər qanun məsələsi gündəmə gəlməsəydi. Çünki insanlar qohum nikahların fəsadları barədə məlumatlı deyil, maariflənmək istəmirlər, xəbərdarlıqlara məhəl qoymurlar. Həmçinin, qohum nikahları adətən ailə böyüklərinin təhriki ilə olduğundan gənclərin zorakı, habelə erkən evləndirilmə məsələsi də gündəmə gəlir. Erkən nikah hallarının bir çoxunda adətən qohum nikah gerçəyi var.
Nə etməli?
Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağanın tətbiq ediləcəyi gün genefondun mühavizəsi istiqamətində ən böyük addım atılacaq. AR Ailə Məcəlləsi, Maddə 12-də qeyd edilən nikahın bağlanmasına mane olan hallardan biri də yaxın qohumlar arasında bağlanması halıdır. Düzəlişə qədər həmin maddədə yaxın qohumlar - valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş-bacılar nəzərdə tutulurdu. Yeni düzəlişdə yaxın qohumlarla yanaşı əmi, bibi, xala və dayıuşaqlarının da nikahının qadağan olunması əlavə olunub.
Qohum nikahları çoxdan qadağan etmək lazım idi, genetik sağlamlığı mühavizə edə bilmək üçün bu şərt idi. Çox gecikdik. Amma gec atılan addım da cəmiyyətin faydasınadır, növbəti ildən qanun qüvvəyə minəcək. Təmənnamız o idi ki, qadağa bir an öncə tətbiq edilsin, çünki qadağa barədə məlumatlanan insanlar qohum evliliklərini qanun qüvvəyə minmədən tezləşdirirlər. Yəni 1 il sonraya planlaşdırılan qohum əqdi, 1 il öncə bağlanır - nəticəsinin nə olacağını eyninə almadan, doğulacaq uşaqların şikəst olma ehtimalını düşünmədən.
İstisnasız olaraq, qohum nikahlar bacı-qardaş evliliyidir və yolverilməzdir. İnsanlar bunu anlamalıdır, istər könüllü, istər məcburi.
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB