Qida terroru: BİZİ NECƏ ZƏHƏRLƏYİRLƏR? - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

Qida terroru: BİZİ NECƏ ZƏHƏRLƏYİRLƏR? - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

“Elə bir dövrdə yaşayırıq ki, sənaye inkişaf etdikcə qidalarımız dəyişməyə davam edir. Yediyimiz, içdiyimiz işlənmiş-işlənməmiş hər cür maddəyə qida deyilir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “Dünya siyasətinin aparıcı fikir adamlarından biri olan Kissincerin sözü çox düşündürücüdür. “Neftə hökm etsən, dövlətlərə hökm edərsən. Qidaya hökm etsən insanlara hökm edərsən”. Artıq qlobal dövlətlər qida üzərindən siyasətlərini həyata keçirirlər. Bu baxımdan da qida təhlükəsizliyi hər bir dövlət üçün milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Hər bir dövlət müstəqil aqrar siyasət həyata keçirməlidir.

Qidalar sağlam olmaq üçün deyil, doyum üçün tərceh edilir. Çox qazanc əldə edilməsi üçün qidaların rəf ömrünü uzatmaq üçün müxtəlif qatqı maddələri qatılır. Keyifyyətsiz, nəzarətsiz, nərdivan altı dediyimiz istehsal artır. Toxumlarımız artıq dəyişdirilib və toxum şirkətlərinin patenti altına alınıb. Əvvəllər əkdiyimiz ənənəvi dədə-baba toxumlarımız sıradan çıxarılıb. Fermerlər qlobal toxum şirkətlərindən asılı vəziyyətə gətirilib.

Qida sektoru tərəfindən istehsal olunan və aldadıcı reklamlarla insanlar üçün faydalı qida maddəsi olaraq təqdim olunan işlənmiş və onlarla qida qatqı maddəsi istifadə olunmuş qidalar insanların sağlamlığı üçün deyil, milyard dollarlıq qida bazarı xeyrinə çalışır. Bir tərəfdən sənaye üsulu qidalarla xəstələndirilən insanlar, digər tərəfdən dərman şirkətlərinin hədəfinə çevrilir. Bir sözlə insanlar marketlərdən, bazarlardan sağlamlıq əvəzinə öz xəstəliklərini satın almış olurlar. Bir çox dövlətlərdə qida və dərman şirkətləri əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Yüksək miqdarda zərərli yağ, şəkər, duz və qatqı maddələri ehtiva edən işlənmiş və paketli qidalar insanları bioloji olaraq qidalandırmır. Qida qatqı maddələri ilə zəngin və qida dəyəri aşağı olan qidalar orqanizmdə toksinləri artırır və xəstəliklərin ortaya çıxması üçün zəmin hazırlayır. Nəticə etibarilə həm fiziki olaraq, həm də ruhən xəstə hala düşürük.

Bir tərəfdən qida sektorunun baş tacı edilmiş enerji içkiləri, digər tərəfdən reklamlarına milyonlar xərclənən fast-food restoran şəbəkələrinin qidaları, rəngli, qazlı içkilər geriyə qeyri-sağlam nəsil buraxmağa davam edir.

Əgər cəmiyyət olaraq şüurlu şəkildə həyat tərzimizi dəyişib sağlam həyat tərzinə meyil etməsək, yaxın gələcəkdə genafondu məhv edilmiş, qeyri-sağlam bir cəmiyyət halına çevriləcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə