Dinimiz kişinin dörd qadınla evlənməsini buyurur? - AYDINLIQ GƏTİRİLDİ

Dinimiz kişinin dörd qadınla evlənməsini buyurur? - AYDINLIQ GƏTİRİLDİ

"İslam dinində insanın ailə qurması ilə bağlı Qurani-Kərimdə ayələr və hökmlər var. Əgər bir ərazidə şəriət qanunları hökm sürürsə, həmin ölkədə kişinin 4 qadınla evlənməsinə icazə var. Amma bu məsələdə müəyyən açıqlamalar vermək lazımdır. Məsələn, kişi birbaşa 4 qadınla evlənə bilərmi? Əsla. Qurani-Kərim buyurur ki, əgər buna qüdrəti və gücü varsa, qanunlar bunu tənzimləyə bilirsə, kişi dörd qadına sahib ola bilir. Yox əgər qanunla bu tənzimlənə bilmir və maddi durumu bunu qarşılaya bilmirsə, onda kişi bir qadınla ailə qurub yaşamalıdır". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

"Dində kişinin dörd qadın almaq hüququ elə başa düşülməməlidir ki, hər kişi gedib birbaşa dörd qadını nikahına ala bilər. Bu məsələdə zaman və mühit böyük önəm daşıyır. Hətta islam dini yetim, sahibsiz qızlara önəm verilməsini diqqətə yetirir. Yəni, ailə qurulan zaman sahibsiz qız varsa, ilk olaraq onlara önəm vermək məsləhət görülür",- deyə o əlavə edib.

Din xadimi vurğulayıb ki, Azərbaycan demokratik bir dövlətdir: "Ölkəmizdə hər bir kişi bir qadınla ailə qurmaq ixtiyarına sahibdir. İki insan həm dini, həm də dövlət səviyyəsində ailə qurmaq imkanına malikdir. Nikah qanunları beynəlxalq səviyyədə tənzimlənir. Əhalimiz də bu qanunlara əməl edir və bir ailə ilə kifayətlənir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə