Selektiv abortu nə üçün məhz problem kimi qiymətləndiririk? - EKSPERT AÇIQLADI
“Selektiv abort günümüzdə Qafqaz ölkələrində, Cənubi və Şərqi Asiyada kifayət qədər aktual bir problemə çevrilib. Selektiv abortu nə üçün məhz problem kimi qiymətləndiririk? Çünki bu formada həyata keçirilən abortlar gələcəkdə gender balansının pozulmasına, demoqrafik problemlərə və yeni nəslin psixoloji və sosial sahələrdə boşluqlarının yaranmasına gətirib çıxardacaq”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert İlkin Hüseynov deyib.

Onun sözlərinə görə, ailələrin oğlan uşaqlarına üstünlük verməsi, “nəslin davamçısı” məntiqi ilə qız uşaqlarının abort edilməsi haradasa cinayət statusuna uyğun bir addımdır: “Çünki Azərbaycanda dölün abort olunması qanunla yalnız ilk 12 həftədə mümkündür. Təsadüfi hal deyil ki, uşağın cinsinin öyrənilməsi isə 12-ci həftədə mümkündür. Deməli, günümüzdə Azərbaycanda selektiv abort qeyri-yolla edilir”.
İlkin Hüseynov sözlərinə belə davam edib: “Mənim fikrimcə, bu gün selektiv abortların aradan qaldırılması üçün həm lokal, həm də beynəlxalq təşkilatlar qadınlar və kişilər üçün çoxşaxəli maarifləndirmə işləri aparmalıdır. Bu maarifləndirmə tədbirləri selektiv abortlarla yanaşı, ümumilikdə abort prossesinin nə qədər təhlükəli olduğuni öyrətməlidir. Həmçinin, günümüzdə media qurumları müxtəlif sahələrdə olan xanım liderləri önə çəkərək, heç də kişilərdən geri qalmadıqlarını insanların alt şüuruna möhkəmləndirməlidir.
Qəbul etmək lazımdır ki, bu problem heç bir zaman sıfıra enməyəcək. Lakin, cəmiyyətimiz bunu minimuma endirə bilər. Bir daha vurğulayıram, bu cür düşüncə məhz cahilliyin əlamətidir. Cəhalət də yalnız elm, savad və maarifləndirmə ilə aradan qalxa bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB