“Dağılan ailələrin boşanma səbəblərində üçüncü əlin rolu danılmazdır” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Dağılan ailələrin boşanma səbəblərində üçüncü əlin rolu danılmazdır” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ölkə üzrə dağılan ailələrin boşanma səbəblərində üçüncü əlin rolu danılmazdır.
Üçüncü əl rolunda isə çox zaman qayınana çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Fatimə Hacıbəyli deyib.

Onun sözlərinə görə, gəlin və qayınana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir: “Bununla yanaşı, gəlin və qayınananın birlikdə yaşamadığı vəziyyətlərdə də tərəflər arasında problemlər yaşanmaqdadır. Bir çox hallarda bu problemlərin mərkəz nöqtəsi evin idarə edilməsi, qarşılıqlı ünsiyyət məsələləri sayılır. Gəlinlər qayınanalardan, qayınanalar isə gəlinlərdən şikayətçidir”.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Bəzi gənclər ya iş tapa bilmirlər, ya da işləmək istəmirlər. Bununla da onlar müstəqil deyil, maddi və mənəvi cəhətdən qayınana və qayınatadan asılı olurlar. Qayınana isə gərək demokratik, sivilizasiyalı, humanist insan olsun ki, oğlu və gəlininin çətinliklərini üzə vurmasın. Belə qayınanalar həqiqətən var. Amma ağıllı olmayanlar da var və onlar bəhanələrlə yeni evlənən gənclərin həyatına qarışırlar.

Gənc ailələrə bir az sərbəstlik vermək lazımdır. Gəlin-qayınana problemləri dərhal yaranmır, bu gərginliklər günbəgün yığılır və birdən özünü büruzə verir. Gənclərə doğru istiqamət verilməlidir. Çətin vaxtlarında onlara maddi və mənəvi dəstək olmaq lazımdır. Ancaq onların istəklərini məhdudlaşdırmaq olmaz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə