Zəngilana yola salınan sakinlər təəssüratlarını bölüşdü - SORĞU
Bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. SİA mövzu ilə bağlı keçmiş məcburi köçkünlərin fikirlərini öyrənib.

Keçmiş məcburi köçkün Sonya İsmayılova: “Çox sevincliyəm. Bizi qarşıda əla bir həyat gözləyir.
Həyəcandan danışa bilmirəm. Bizə bu günü yaşadan, bu günün həyata keçməsində əməyi olan hər kəsə minnətdaram”.

Keçmiş məcburi köçkün Zəminə Eyvazova: “30 il əvvəl doğma yurddan çıxarılmışıq. İndi də gəlmişəm gedənləri yola salım.
Bu çox gözəl bir hisdir. Əlimdəki su ilə onları yola salacağam. Qoy, yolları bu su kimi açıq olsun. Sağ-salamat getsinlər. Sağ əlləri bizim başımıza”.

Keçmiş məcburi köçkün Ayaz Baxşalıyev: “Çox sevincliyik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah Prezidentimizi qorusun.
Prezidentimizin Dəmir Yumruğu heç vaxt əskik olmasın. Bizim üçün bundan gözəl gün yoxdur. Gedək 30 ildir həsrətini çəkdiyimiz Ağalını yenidən qurub yaradaq”.

Keçmiş məcburi köçkün Səadət Quliyeva: “İlk dəfədir Ağalıya gedirəm. Çox həyəcanlıyam.
Ağalı mənim üçün çox maraqlıdır. Sevinirəm ki, gedib torpaqlarımızı görəcəyik.
Allah şəhidlərimizə rəhmət etsin. Onların sayəsində torpaqlarımıza qovuşuruq. Onların haqqını heç vaxt ödəyə bilmərik.
Ağalıya iki oğlum və yoldaşımla qayıdıram. Böyük oğlum magistr təhsili alır. Kiçik oğlum isə əsgərlikdən yeni gəlib”.

Keçmiş məcburi köçkün Füzuli Quliyev: “Kənd həyatını çox sevirəm. Ağalıya getməyi ən çox da buna görə istəyirəm.
Görək, Allah orada bizə necə həyat qismət edəcək. Biz fəxr edirik ki, öz kəndimizə qayıdırıq. Bu prosesdə əməyi keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm”.

Keçmiş məcburi köçkün Gülşən Məmmədova: “Allah şəhidlərimizə rəhmət etsin. Ruhları şad olsun. Cənab Prezidentimizə də təşəkkür edirik ki, bizə bu günü yaşatdı. Çox sevincliyəm və hisslərimi sözlərlə ifadə edə bilmirəm.
Nəvəmlə öz doğma yurduma gedirəm. Mənim üçün bundan sevincli gün ola bilməz. İnşallah doğma yurdumuzda bundan sonrakı günlərimiz daha gözəl olar. İnanıram ki, ağalıda savadlı gənclər yetişəcək”.

Keçmiş məcburi köçkün Nəzrin Baxşalıyeva: “Bu gün bizim üçün çox qürurverici bir gündür. Heç vaxt Ağalıda olmamışam və bu gün ilk dəfə o sevinci yaşayacağam. Mən bir müəllim və Ağalı sakini olaraq istəyirəm ki, gələcəyimiz üçün Ağalıda vətənimizə layiqli, cəmiyyətimizə xeyirli olan övladlar yetişdirək.
Biz bu sevinci şəhidlərimiz, qazilərimiz və cənab Prezizentimizə borcluyuq. Allah ordumuza güc qüvvət versin. Biz onlarla qürur duyuruq”.

Keçmiş məcburi köçkün Mürvət Məhərrəmov: “Həyəcandan danışa da bilmirəm. Səhərə qədər yata bilməmişəm.
Ağalıdan 31 yaşımda çıxmışdım. İndi isə 60 yaşındayam. Ailəmlə birlikdə doğma yurda qayıdacağıq. İndi qardaşımı yola salmağa gəlmişəm. Növbəti mərhələdə isə biz köçəcəyik”.

Keçmiş məcburi köçkün yoldaşı Günay Əliyeva: “Bu işdə əziyyəti olan hər bir kəsə minnətdaram.
Mən Lənkəranlıyam. Yoldaşım isə Zəngilan rayonu Ağalı kəndindəndir. Bizi orada yeni həyat gözləyir. İnşallah hər şey yaxşı olacaq.
Ağalıya 3 övladım və yoldaşımla birlikdə qayıdırıq”.

Keçmiş məcburi köçkün Validə Abdullayeva: “Ağalıdan çıxanda 38 yaşım var idi”. İndi isə qayıdıram və oğlumun 38 yaşı var.
Şəhidlərimizə minnətdaram. Onlar bu vətən yolunda canını qoyub. Ağalıya getmək bizim borcumuzdur.
Ailəmin məndən başqa 4 üzvü ilə yollanıram. Allah qoysa, orada yaşıyacağıq. Sevincimin həddi-hüdudu yoxdur”.

Keçmiş məcburi köçkün Tahir İbrahimov: “30 il sonra ailəmlə doğma yurda qayıdıram.
Ağalıdan çıxanda bir oğlum var idi. O da 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, veterandır. Bu torpaqların alınmasında onun da əməyi var. İndi isə yurduma iki oğlum və yoldaşımla birlikdə qayıdıram.
Əsas canımız sağ olsun. Bir daha müharibə olmasın”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB