"Universitet və nazirliklər bölgələrə köçürülərsə,..." - ŞƏRH EDİLDİ

"Universitet və nazirliklər bölgələrə köçürülərsə,..." - ŞƏRH EDİLDİ

"Zaman-zaman gündəmə gələn universitetlərin, nazirlik və digər dövlət qurumlarının ölkəmizin digər bölgələrinə və ya paytaxt ətrafı ərazilərə köçürülməsi ictimaiyyət arasında da geniş müzakirə olunan məsələlərdən biridir. Düşünürəm ki, bu tip məsələlər barədə qərar vermək üçün müvafiq hesablamalar aparılmalı, iqtisadi və siyasi cəhətdən əsaslandırılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat sözlərinə belə davam edib: "Dünya tarixinə baxsaq müasir dövrümüzə qədər bir çox halda artan populyasiya fonunda dövlət strukturlarının, təhsil müəssisələrinin və hətta bütün paytaxtın digər şəhərlərə köçürülməsi nümunələrini görə bilərik. Lakin bu dəyişim, o qədər də sadə və asan başa gəlməyən, böyük maliyyə resursları tələb edən və ən əsası düzgün strateji plana əsaslanmalı olan, zaman tələb edən bir prosesdir.

Belə bir qərar alınarsa fikrimcə, buna kompleks şəkildə yanaşılmalıdır. Məsələn iqtisadiyyatın hər hansı sahəsi üzrə inkişaf etmiş bir bölgəmizə müvafiq sahəyə cavabdeh dövlət strukturu, bu sahədə ixtisaslı kadr yetişdirən peşə və ali təhsil ocağı köçürülə bilər ki, bu da gələcəkdə elmi tədqiqat işlərinin effektiv aparılmasına və innovasiyaların tətbiqinə şərait yaratmış olar. Bu isə uzun perspektivdə həmin bölgənin dayanıqlı inkişafına öz töhfəsini verə bilər. Həmin ali təhsil ocağı isə öz sahəsində dünya universitetləri sırasında yerini tutar. Buna kiçik misal, Kanadanın Kənd Təsərüfatı Nazirliyi demək olar ki bütün əsas idarələrini Ontario vilayətinin Guelph şəhərinə köçürdü. Nəticə olaraq o zaman Guelph Kənd Təsərrüfatı Koleci olan daha sonra inkişaf edərək Guelph Universitetinə çevrilən və bu sahədə dünyanın ən prestijli təhsil müəssisələri arasında yer alan bir təhsil ocağı yarandı.

İstər şəhərlərin köçürülməsinin, istərsə də dövlət və təhsil müəssisələrinin köçürülməsinin öz üstünlükləri və dezavantajları var. İnfrastruktur, yeni texnologiyaların tətbiqi, işçi qüvvəsi, insanların yerdəyişməyə adaptasiyası və.s. məsələlər sahənin mütəxəssisləri tərəfidən araşdırılıb elmi əsaslarla hökumətə təqdim ediləcəkdir. Lakin ümumi götürsək dövlət qurumlarının bölgələrdə yerləşməsi o bölgənin inkişafı üçün böyük stimul ola bilər və insanlar üçün daha əlçatan olmaqla dövlət xalq münasibətlərini daha da sıxlaşdırmağa imkan verər. Təhsil müəssisələrinin yüksək sıxlıqlı paytaxtdan kənara köçürülməsi isə ilk növbədə tələbələrə daha rahat və maraqlı tələbəlik dövrü yaşamaq imkanı verər. Çünki daha geniş ərazidə yaradılacaq universitet şəhərciyi tələbələrə öz ekosistemlərini qurmağa imkan verəcək. ​Və təbii ki, bu kimi qərarlar paytaxt Bakımızın tıxac, ekoloji çirklənmə və.s. problemlərinin biraz da olsa azalmasına gətirib çıxarar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə