“Övlad bizim şəxsi əşya və məhsulumuz deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

“Övlad bizim şəxsi əşya və məhsulumuz deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ümumiyyətlə, insan adı onun haqqında yaranan ilkin təəssüratdır. Məsələn, ilk tanışlıq zamanı qarşı tərəfin adını eşidən an "nə gözəl adınız var" kimi ifadələr işlədirik. Bu ifadə artıq yaranacaq ünsiyyətin açarı olur”. Bu sözləri SİA-ya açıqlamasında 311 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel İbrahimova deyib.

Onun sözlərinə görə, övladına ad qoyan hər bir valideyn bu barədə çox və ətraflı düşünərək addım atmalıdır: “Çunki həmin ad uşağın gələcəyini, cəmiyyətin ona münasibətini və onun psixoloji durumunu formalaşdıran ən birinci faktordur.

Adın daşıdığı semantika və səslənmə belə insan həyatında böyük rol oynayır. Hər bir ismin lügəvi mənası müəyyən zaman çərçivəsində fərdin xarakterində, əməlində, taleyində öz əksini tapır. Bunu ədəbiyyatımızda "Dədə Qorqud" dastanında ərənlərin göstərdikləri igidliyin müqabilində verilən adlardan da görürük”.

Günel İbrahimova sözlərinə belə davam edib: “Biz adını bəyənməyib, ətrafdakıların gülüş hədəfinə çevrilməkdən yorulmuş və tez bir zamanda ismini dəyişən çox insana rast gəlirik. Lakin bu addımı atmaq istəyən və cəsarət etməyən insanlarımız da var. Ona görə də gələcəkdə övladlarımız belə hallarla qarşılaşmasın, daxilində bizə küskün olmasın deyə bu cür addımlardan çəkinmək və ad seçərkən diqqətli davranmaq lazımdır.

Digər bir məqam adın milli xarakter daşımasıdır. Çünki adlar da nəsildən-nəslə ötürülən və tarixi özündə yaşadan bir faktdır. Milli ruhda, xalqına, kökünə və millətinə bağlı bir vətəndaş istəyiriksə, bu məqamı da diqqətdə saxlamalıyıq. Niyə Tomris, Burla Xatun, Bəyim xanım kimi igid, yenilməz, qürurlu xanımlarımızın adlarını daşımaq yerinə “Cana”, “Nəmuska” kimi gülünc adlardan istifadə etməliyik?! Övlad bizim şəxsi əşyamız, məhsulumuz deyil. O, cəmiyyətin fərdi və ölkənin vətəndaşı olduğu üçün bunlar nəzərə alınmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə