Son zamanların fenomen məhsulu: QURU ŞAMPUN - ARAŞDIRMA

Son zamanlar qadınlar arasında “quru şampun” adlanan bir məhsul məşhurlaşıb. Belə ki, bu məhsul çirkli saçları su dəymədən tər-təmiz edir. Qadınların əksəriyyəti də onu canqurtarıcı adlandırır. Məsələn, əgər təcili gedəcək bir yer çıxarsa, bu şampun köməyimizə çatır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Necə tətbiq olunur?

Sprey şəklində olan və toz quruluşlu quru şampun saçdakı yağ tərkibini azaltmağa kömək edir, eyni zamanda saçları daha həcmli göstərən kosmetik məhsuldur. Bu sprey məhsulu saçın kök və yağlı hissələrinə uyğun şəkildə tətbiq etdikdən sonra ağ görünüş yaranacaq. Ancaq bu görüntü sizi qorxutmasın. Çünki bir müddət sonra bu ağlıq yox olur.

İstifadəsi kimlər üçün əlverişlidir?

Bütün günü işləyən və ya tələsən insanlar üçün quru şampun istifadəsi ideal üsul ola bilər. Məsələn, gününün böyük bir qismini işdə keçirən iş qadınları, yaxud uşaqlı analar bu üsula daha çox üz tutur.

Eyni zamanda, çox düz və sönük saçlı xanımlar saçlarını daha həcmli etmək üçün quru şampundan istifadə edirlər.

Quru şampun istifadəsi sayəsində hər yerdə rahatlıqla istifadə edilə bilən məhsuldur. Ancaq bilinməlidir ki, saçları dərindən təmizləmir. Səthi təmizləmə təmin etdiyi üçün günün sonunda duş qəbul edərək saçları yaxşıca təmizləmək lazımdır.

Hansı fəsildə daha çox üstünlük verilir?

Xüsusilə, qış aylarında quru şampuna çox üstünlük verilir. Sərfəli qiymətləri də insanların ona üstünlük verməsini təmin edir.

İstifadə qaydası:

Quru şampun olan qutunu yaxşıca silkələyin ki, içindəki sprey yaxşı qarışsın. Çünki bu prosesi gözardı etsəniz, quru şampun saçınızda kif kimi qalacaq. Daha sonra bu spreyi saçın yağlı və ya aralarında görünən hissələrinə çəkib bir az sürtmək lazımdır. Ancaq diqqət etməli olduğunuz ən vacib şey, çox yaxından püskürtməməyinizdir. Quru şampun ilk dəfə saça çəkildikdə ağ pudralı bir görünüş yaranır. Amma bu görünüş təxminən 2 dəqiqədən sonra yox olacaq. Daha sonra seyrək fırçalı daraqla saçları daramaq və sanki duşdan təzə çıxan görünüşü almaq mümkündür. Quru şampun tətbiq edildikdən sonra istəyə görə saçları düzəltmək və qurutmaq da mümkündür. Qeyd edək ki, quru şampun tətbiqi 2 və ya 3 dəqiqə çəkəcək bir prosesdir.

Quru şampunun zərərləri nələrdir?

Quru şampundan çox istifadənin zərərli təsirləri var. Yəni, müsbət tərəfləri ilə yanaşı, bir çox mənfi cəhətləri də var. Ən böyük zərər həddindən artıq istifadə zamanı baş verir. Quru şampundan çox istifadə edildikdə baş dərisində kəpək və yaraların əmələ gəlməsi ehtimalı artır. Bundan əlavə, baş dərisində sızanaqlara və hətta kistlərə səbəb olur. Mütəxəssislər bununla bağlı istifadəçilərə də xəbərdarlıq edir.

Xüsusilə son illərdə onun istifadəsi çox artıb. Quru şampun yalnız saçın yağlı görünüşünü sanki maskalamağa xidmət edir. Bu prosesi edərkən saçın normal yağ balansını pozur və saç köklərində quruluğa səbəb olur. Bu qurutma daha sonra kəpək əmələ gəlməsinə səbəb olmağa başlayır. Bu səbəbdən çox çətin vəziyyətdə olmasanız və ya çox tələsmədiyiniz halda quru şampundan istifadə etməyiniz tövsiyə edilmir. Quru şampundan çox istifadə edildikdə saç köklərində tozlu təbəqənin əmələ gəlməsinə səbəb olur. Onun təkrar istifadəsi saçın əvvəlki yumşaqlığından və nəmli görünüşündən əsər-əlamət qoymur.

Araşdırmalar göstərir ki, quru şampunun tez-tez istifadəsi saçlar düzgün yuyulmadığı üçün saçınızın köklərində yığılma ilə nəticələnəcək. Bu, follikulların tıxanmasına və bu problemin zamanla daha da artmasına səbəb ola bilər. Problemin qarşısını almaq üçün saçınızın yağlılığına uyğun olaraq yuyulma vaxtınızı təyin etməli və müntəzəm olaraq yumalısınız. Bir çox mütəxəssislər saçları iki dəfə şampunlamaq lazım olduğunu bildirir. Lakin bu məqamda saçınızı düzgün yumaq çox vacibdir.

Quru şampunu saça çəkdikdən sonra bir müddət gözləmək lazımdır. Bunun səbəbi quru şampunun saç köklərindəki yağlılığı azaltmasını gözləməkdir. Ancaq insanların çoxu onun təsirini gözləmədən daha çox məhsul tətbiq edir. Bu, da quru şampunun nəticə verməməsinə səbəb olur. Əksinə, artıq məhsul saçın köklərində toplanır və saçınızın sağlamlığını təhlükəyə atır. Bu kimi problemlərin qarşısını almaq üçün kifayət qədər miqdarda quru şampun çəkdikdən sonra bir müddət gözləməli və daha yaxşı nəticə əldə etmək üçün tətbiqdən sonra saçlarınız daranmalıdır.

İstifadəçilər nə söyləyir?

İstifadəçi Rüfanə İsmayılova: “Dəfələrlə quru şampun alsam da, heç bir effekt görməmişəm. Əksinə, saçım daha da ağırlaşaraq qaşınma yarandı. Saçım çox yağlandıqda və təcili işim olduqda yağlı görüntünü aradan qaldırmaq üçün uşaq pudrası istifadə edirəm. Amma evə qayıdan kimi saçlarımı tez yuyuram”.

Aliyə Qarayeva: “Mən belə məhsulların istifadəsindən çox çəkinirəm. Ən yaxşısı dədə-baba üsulu ilə normal çimməkdir. Təbii ki, uşaqlı analar və təcili işi olanlar bu məsələdə istisnadır. Canqurtarıcı olsa da, bir çox komfortlar həyatımıza ciddi təhlükə yaradır”.

Ülkər Orucova: “Mən bu məhsuldan istifadə etmişəm. Müsbət cəhəti odur ki, çirkli saçdakı yağlı görüntünü aradan qaldırır. Amma saçda ağırlıq yaradır. Yəni, insan özünü rahat hiss etmir.

Bundan əlavə olaraq bir müddət sonra saç dibində qaşınma yaradır və ağır toz qalır. Bir növ “saç lakı” kimidir. Əl vuranda saç dibi bərk olur”.


Bəs, saçları tez-tez yağlanan insanlar nə etməlidir? Quru şampundan başqa hansı zərərsiz alternativlər var?

Alma sirkəsi

Sirkənin tərkibində olan və ona həm kəskin dadını, həm də qoxusunu verən sirkə turşusu baş dərisində pH balansının saxlanmasında mühüm rol oynayır. Sirkəni su ilə qarışdırıb saçınıza tətbiq etdiyiniz zaman daha uzun müddət yağsız qalan yumşaq və parlaq saçlara sahib ola bilərsiniz. Ümumiyyətlə, alma sirkəsi tövsiyə edilsə də, istəsəniz üzüm sirkəsindən də istifadə edə bilərsiniz.

Lavanda

Sirkə qoxusu sizi narahat edirsə və ya saçınıza gözlədiyiniz effekti vermirsə, daha ətirli bir alternativ lavandadır. Asanlıqla əldə edə biləcəyiniz qurudulmuş lavanda yarpaqlarını götürün, təxminən 2-3 stəkan suya bir çimdik atın və 10 dəqiqə qaynadaraq suyun soyumasını gözləyin. Soyuq olanda quru saçlarınıza kökdən ucuna qədər çəkin və 30 dəqiqə saxlayın. Sonra saçınızı həmişəki kimi yaxşıca yuyun. Yağlılıq probleminin azaldığını görənə qədər bu üsulu həftədə bir dəfə tətbiq edin.

Soda

Sirkə kimi bir çox təmizləmə prosesində məşhur olan soda saçları yağlardan təmizləməkdə effektlidir. Baş dərisinin pH balansını tənzimləyən sodadan istifadə etmək üçün 3 stəkan suya təxminən 1 çay stəkanı soda əlavə edin. Yaxşı qarışdırın və bu qarışımı sprey şüşəsinə tökün, saçınıza çəkin. İlk növdədə saçı təmiz su ilə kökdən uca qədər isladın və 5 dəqiqə saxlayın. Sonra adi saç yuma prosedurlarınızı edin.

Qara çay

Çayın tərkibində olan taninlər də saçların tez yağlanmasının qarşısını almaqda çox təsirlidir. Üstəlik bu üsulu seçsəniz, artıq dəmlədiyiniz çayı soyuduqdan sonra istifadə etməklə işinizi asanlaşdıra bilərsiniz. Təxminən 1 stəkan dəmlənmiş qara çayı saçlarınıza kökdən ucuna qədər çəkin və təxminən 10-15 dəqiqə saçınızda saxlayın, sonra yaxşıca yuyun.

Nanə

Tərkibindəki faydalı maddələr sayəsində həm saç dərinizin pH balansının qurulmasında, həm də təravətləndirilməsində təsirli olan adlardan biri də nanədir. Mümkünsə təzə nanə, tapa bilmirsinizsə qurudulmuş nanə almaqla başlayın. 1 dəstə təzə nanə və ya 1 ovuc quru nanəni 1 litr suda qaynadın. Sonra onu süzün və yaranan suyun soyumasına icazə verin. Bir sprey şüşəsinə tökünvə saçınıza tətbiq edin. 10-15 dəqiqə saxlayın və yuyun.

Limon suyu

Limon baş dərisinin pozulmuş pH balansını bərpa etməyə kömək edir. 1 stəkan suya 1 təzə sıxılmış limonun suyunu əlavə edib qarışdırın. Sprey şüşəsinə tökdüyünüz qarışığı saç köklərinizə çəkin və 10 dəqiqə saxlayın. Bu tətbiq zamanı yüngül qaşınma baş verə bilər. Bundan dərhal sonra saçınızı yaxşıca yumağı və yaxalamağı unutmayın. Əgər baş dəriniz çox həssasdırsa, bu qarışıma 1 çay qaşığı bal əlavə edə bilərsiniz.

Pomidor

Limon kimi pomidor da turşulu bir quruluşa sahib olduğu üçün yağlı saç problemini azaltmaqda təsirlidir. 1 böyük pomidor götürün, qabığını soyun və yaxşıca doğrayın. Sonra suyunu çıxarmaq üçün incə süzgəcdən keçirin. Əldə etdiyiniz pomidor suyunu saç dərinizə çəkin, 25-30 dəqiqə saxlayın və saçınızı yaxşıca yuyun.

Aloe vera

Tamamilə dəriyə və saça dost olan aloe vera bitkisinin yarpaqları arasında olan geləbənzər quruluşdan hər dəfə saçınızı yuyanda 1 çay qaşığı götürərək istifadə edəcəyiniz şampun miqdarına əlavə edin, qarışdırın və saçınızı yuyun. Tezliklə görəcəksiniz ki, saçınızda yağlanma problemi azalıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə