Protein: dərman, yoxsa qida əlavəsi? - ARAŞDIRMA

Müasir dünyada insanlar ideal bədən sahibi olmaq barədə daha çox düşünür, buna nail olmağın ən asan üsullarını axtarırlar. Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaq olsa da, bəzən bədənlərini gücləndirmək və əzələlərini möhkəmləndirmək istəyənlər müxtəlif həblərdən, qida əlavələrindən də istifadə edirlər. İdman qidalarını qəbul etmək olar və ya olmaz, onlar zərərlidir, yoxsa faydalı? - Bu məsələlər bu gün idman dünyasının ən mübahisəli mövzularından biridir. SİA mövzu ilə bağlı araşdırma aparıb.

İdmanla məşğul olanlar az hərəkətli həyat tərzi sürənlərlə müqayisədə 3-6 dəfə çox enerji sərf edirlər. Mütəxəssislər bildirirlər ki, idman qidalarını qəbul etdikdə fiziki aktivlik şərtdir, əks halda, bu, lazımsız əsəbi emosional gərginliyə səbəb ola, bəzi hallarda isə zədələrə və xəstəliklərə aparıb çıxara bilər.

Protein nədir?

Proteinlər əzələ toxumasının əsasını təşkil edir. Bədənimizin bütün hüceyrələrinin böyük bir qismi proteinlərdən ibarətdir. Bu hüceyrələr davamlı olaraq yenilənməkdədir və bu səbəblə bədənimiz davamlı protein almaq məcburiyyətindədir. Əgər bədənimiz kafi miqdarda protein almazsa hüceyrələrimiz yenilənməz və əzələlərimizdə itki prosesi başlayır.

Proteinin faydaları

- Əzələlərin böyüməsi, inkişafı və köhnələn əzələlərin yenilənməsi;

- Bədəndə yeni toxumaların meydana gəlməsi və bərpa edilməsi;

- Yaraların sağalması;

- İmmunitet sisteminin qüvvətlənməsi.

Gündəlik qəbul etməli olduğumuz enerjinin 20% -i proteinlərdən gəlməlidir. Bu sayədə gün içərisində boşalmağa başlayan əzələlərimizin bərpası mümkün olur.

Ancaq ehtiyacın artdığı sıx məşq prosesində qidalardan aldığımız protein ehtiyacımızı qarşılamaya və qəbul etməli olduğumuz protein ehtiyacı 40%-ə qədər arta bilər.

Bu vəziyyətdə professional və həvəskar olaraq idmanla məşğul olanlar üçün protein tozlarının qəbulu şərtdir.

Protein tozu niyə istifadə edilməlidir?

İdmançıların, xüsusilə bodibildinq ilə məşğul olanların protein ehtiyacının iki qatına qədər artabiləcəyini nəzərə alsaq, bu qədər qidanı istehlak etmək mümkünsüzdür.

Ayrıca qidalar təbiətdə saf karbonhidrat, protein, yağ qaynaqları şəklində olmur. Bütün qidalar öz içində müəyyən nisbətlərdə karbonhidrat, protein, yağ ehtiva edir və bunları təhlil edərək istehlak etmə imkanımız yoxdur. Ehtiyacımız olan proteini almaq üçün bu qədər qida istehlak etmək çəki almağımıza səbəb ola bilər.

Heyvan qaynaqlı proteinlərin, eyni zamanda, doymuş yağ və xolesterol baxımından da zəngin olduğunu unutmamaq lazımdır.

Bu mərhələdə dövrəyə qida əlavələri olan protein tozları girməkdədir.

Gündəlik qəbul etdiyimiz protein miqdarı hesablandıqdan sonra alınması lazım olan əlavə protein, qida əlavələri təmin edilməlidir.

Protein tozunun faydaları

İdmançı qidalanması: Atletlər və digər idmançıların protein ehtiyacı adi insanlardan daha çoxdur. Məşq zamanı və sonrasındakı protein ehtiyacını qarşılamaq, əzələ meydana gəlməsini sürətləndirmək, immunitet sistemini gücləndirmək üçün istifadə edilməlidir.

Anabolizma (Əzələ inkişafı): Protein möhkəmlətməsi, bədənin anabolik halda olmasını təmin edir. Anabolizma, əzələ inkişafı deməkdir. Bunun tərsi katabolizmadır və əzələ itkisini ifadə edir.

Böyümə hormonunun ifraz olunması: Sağlamlıq üçün düzgün bir hormon səviyyəsi də çox əhəmiyyətlidir. Kafi miqdarda protein alışı bədənin böyümə hormonu üçün lazımı qidaların almasını təmin edir. Böyümə hormonu əksikliyi maddələr mübadiləsini yavaşladır, əzələ itkisinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir.

Maddələr mübadiləsi: Daha əvvəl də qeyd etdiyimiz kimi bədən, proteini həzm üçün daha çox enerjiyə ehtiyac duyur, bu səbəbdən maddələr mübadiləsini sürətləndirir. Protein lazımi miqdardan az olduğunda bədənin maddələr mübadiləsini hərəkətə keçirərək yağ anbarlarını enerjiyə çevirməsi çətinləşir.

İnsulin: Protein, qandakı insulin səviyyəsinə köməkçi olur ki, bu, düzgün enerji dövrü üçün əhəmiyyətli bir faktordur.

Nə zaman istifadə edilməlidir?

Protein əlavələrinin növünə görə istifadə zamanları dəyişir.

Səhər: Oyandıqdan sonra bədən ac vəziyyətdə olur. Bir müddətdir protein almadığınız üçün bədəniniz müsbət azot tarazlığını qorumanızı təmin etmək məqsədi ilə sürətli həzm üçün bir protein qaynağına ehtiyac duyur. Sürətli həzm edilməsi bədənimizin və əzələlərimizi dərhal bəslənməsini təmin edir.

Bu nöqtədə həm sürətli, həm də yavaş həzm üçün bir protein tozu istifadə yaxşı bir fikirdir. Bu, yumurta və pendir, ya da WHEY protein toz qarışığı kimi qatı bir protein qaynağı ilə WHEY protein içkisi ola bilər.

Məşqdən Əvvəl: Məşqdən əvvəl qəbul etdiyiniz protein siz məşq edərkən bədəninizdə müsbət azot tarazlığını qoruyacaqdır. Məşqdən Əvvəl WHEY Proteini qəbul etməyiniz, məşq zamanı bədəninizi və əzələlərinizi bəsləyəcəkdir.

Məşqdən Sonra: Məşq sonrası üçün yanaşmamız eyni ilə səhər kimi olmalıdır. Məşqdən sonra bədənin özünə gəlməsinə köməkçi olması, yorulan və acan əzələlərinizi bəsləmək üçün bədənə sürətli qarışan, WHEY Protein istifadə etməlisiniz.

Günboyu: Gün ərzində alınan nizamlı protein əlavələri ilə bərabər, yumurta kimi yavaş həzm proteinlər qəbul edilməlidir. İki yemək arasında alınan yavaş həzm olunan protein, bədəninizin gün ərzində müsbət azot tarazlığını qorumasını və davamlı əzələlərinizin bəslənməsini təmin edir.

Gecə: Yatmazdan əvvəl yavaş həzm olunan bir protein əlavəsi almaq, yatarkən azot tarazlığınızı maksimum səviyyəyə çıxarır. Bədənimiz gecə boyu böyümə hormonu ifraz etdiyi üçün onu gecə bəsləmək inkişaf üçün çox əhəmiyyətlidir. Bu səbəblə Kazein proteini yatmazdan əvvəl ən yaxşı seçimdir.

Bəs həkimlər nə deyir? İdman qidalarının zərəri var?

Həkim-mütəxəssis Yazgül Abdiyeva bildirib ki, bu suala cavab tapmaq üçün, əvvəlcə idman qidalarının nə olduğunu və hansı məqsədlə istifadə edildiyini bilmək lazımdır: "İnsan məşq edəndə orqanizm ağır yüklərə məruz qalır, idman qidalarının qəbulu isə orqanizmin qısa müddət ərzində bərpasını təmin edir, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır. İdman qidaları təyin olunmuş dozalara riayət edilməklə qəbul olunduqda və yalnız yoxlanılmış keyfiyyətli məhsullardan istifadə edildikdə onların zərəri olmur. İdman qidaları ümumillikdə 6 növə bölünürlər. Protein-karbohidrat qarışıqları əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edir. Amin turşuları əzələ üçün "tikinti materiallar"ıdır. Piyyandırıcı idman qidaları yağların yandırılmasına kömək edir. Vitamin və mineral kompleksləri orqanizmin ümumi tonusunu artırır. Qeynerlər məşq zamanı orqanizmin gücünün və dözümlüyünün artmasına imkan verir. Qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmir, orqanizmdə tez həzm olunur. Lakin idman qidaları təbii qida əlavələri olaraq, ənənəvi məhsulları və qidaları əvəz etmir, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə, onları tamamlayır".

Y.Abdiyeva qeyd edib ki, gənclərin protein tərkibli preparatlardan istifadə etməklə əzələ kütləsini şişirdib cüssəli görünməsi də mümkündür: "Yaz-yay aylarında ideal bədən quruluşuna sahib olmaq istəyən gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Təbii ki, ideal bədən quruluşuna sahib olmaq üçün müəyyən vaxt tələb olunur. Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək mümkündür. Gənclər protein tərkibli preparatlardan istifadə etməklə qısa zamanda istəklərini reallaşdıra bilirlər".

Həkim bildirib ki, əzələ kütləsini artıran, fiziki gücü çoxaldan protein növləri oğlanlar arasında daha populyardır, lakin əksər hallarda özbaşına qəbul edilən protein tərkibli preparatlar insan sağlamlığına ziyan vurur. Bu preparatlar qaraciyərdə yağlanma, böyrəkdə daş əmələ gətirir, cinsi zəiflik yaradır: "Əsl idmançıların qəbul etdikləri proteinlərin qiyməti çox baha olur. Lakin ucuz və keyfiyyətsiz maddələr idmançılar üçün məsləhət deyil. Bu gün bodibildinq və idman zallarında məşqlər keçən gənclərin əksəriyyəti protein qəbul edir. Nəzarətsiz olan həvəskar idmançılar uzun müddət məşq edib bədəni möhkəmləndirmək əvəzinə 10-15 manatlıq proteinlə əzələ kütləsini artırmağa üstünlük verirlər. Trenajor zallara gedərək protein qəbul edən gənclər istənilən halda bunu məşqçinin nəzarəti altında həyata keçirməlidirlər. Bu, ən azından sağlamlığı risk altına atmamaq baxımından önəmlidir. Keyfiyyətli protein preparatlarının həkimin və ya məşqçinin tövsiyəsi ilə üç ay ardıcıl qəbul edilməsi məsləhət görülür. Üç ay müddətində gəncin əzələləri şişir, bədəni müəyyən formaya düşür. Amma məşq etmədikdə qısa müddət ərzində bədən öz formasını itirir, şişmiş əzələlər yumşalır, dəridə qırışlar əmələ gəlir. Sonradan isə bədəni normal vəziyyətə qaytarmaq çox çətin olur".

Məşqçi Fövqi Əfəndi isə bildirib ki, doğru-düzgün məlumatı olmayan insanlar, hətta bir çox həkim və dietoloqlar belə proteinləri dopinqlərlə qarışıq salırlar: "Bu ikisi arasında çox böyük fərq var. Proteinlər təbii qidalardan hazırlanır. Ümumiyyətlə, protein ingilis dilindən tərcümədə "zülal" deməkdir. Yəni, proteinlər zülalın toz halına gətirilmiş formasıdır. İdmançılar bunu bədəndəki bütün toxumaların inkişafı üçün istifadə edirlər. Hər bir toxumamız zülaldan ibarətdir. Zülal əskikliyi isə əzələ inkişafının daha gec getməsinə səbəb olur. Ona görə də protein istifadəsini məsləhət görürük. Əgər insanlar proteinləri dopinqlərdən fərqləndirmək istəyirlərsə, qeyd edim ki, dopinqlərin satısı leqal deyil. Yəni, dopinqləri hər hansı bir aptekdən və ya idman mağazalarından almaq mümkün deyil. Amma aptek və ya mağazalarda satılan proteinlər və ya Amin turşularını tam rahatlıqla alıb normal miqdarda qəbul etməklə istifadə edə bilərsiniz".

İdman sağlamlıqdır, lakin bəzən belə qidalardan istifadə etməklə sağlamlığı görünüşə qurban vermək olmaz. Ona görə də bu qidaları lazımi ölçüdə və doğru şəkildə istifadə etmək məsləhət görülür.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə