Kütləvi İnformasiya Vasitələri həyatımızın ayrılmaz parçasıdır. Belə ki, biz qəzet, televiziya, radio, sayt, jurnal və digər KİV-ləri izləyərək ölkədə və dünyada gündəlik baş verən hadisələr barədə ətraflı məlumat alırıq. Bəs, müasir gənclik gündəlik informasiyanı haradan əldə edir? KİV-in aparıcı vasitələrindən olan qəzetləri daha oxunaqlı etmək üçün nə etməliyik? Ümumiyyətlə, qəzet oxumaq ənənəsi unudulurmu? SİA mövzu ilə bağlı gənclər arasında sorğu edərək bu barədə onların fikirlərini öyrənib.

Miqrasiya könüllüsü Ramina İsmayılova: “Qəzet oxuyuram. Məlumatları çap məhsullardan almaq mənə daha maraqlı və yaddaqalan gəlir. Ən çox universitetmizdəki qəzətləri oxuyuram. Hər 2 həftədən bir yeni nəşri çıxır və onları ən birinci götürənlər sırasında oluram. Oxuduğum zaman kağızın qoxusu və materialı bir az da qəzəti tam oxumağa həvəs yaradır. Məhz buna görə qəzətlərin çapının davam etdirilməsini istəyərəm. Amma bunun mənfi cəhəti var ki, bu da təbiətə ziyan vurmasıdır. Bildiyimiz kimi, kağızların hazırlanmasına görə ağacların sayı azalır. Bu məsələ ilə bağlı tədbir görülsə, qəzətlərin çıxarılmasına heç bir problem qalmaz”.

Milli Debat Proqramının üzvü Yunis Məmmədli: “Qəzetlər, cəmiyyətin müxtəlif sahələrində baş verən hadisələr, iqtisadi və siyasi yeniliklər, mədəniyyət və idman hadisələri barədə gündəlik formada informasiya əldə etməyimizə səbəb olan unikal vasitədir. Müxtəlif debat oyunlarında komanda şəklində bəzən faktları təqdim etmək üçün qəzetlərdən istifadə etməli oluruq. İstər debat oyunları zamanı, istərsə də hər hansı debat mövzusuna hazırlaşarkən ən etibarlı mənbələrdən biri olan qəzetlərdəki məlumat və faktlara istinad edirik, onlar vasitəsilə araşdırma bacarıqlarımızı inkişaf etdiririk.
Düşünürəm ki, günümüzdə internetdə olan onlayn resurslardan əlavə, cəmiyyətin maariflənməsində və aktual xəbərlərin hər kəsə çatdırılmasında qəzetlərin müstəsna əhəmiyyəti var. Müxtəlif yaş qruplarının maraqlarının bir nöqtədə cəmləşdiyi azsaylı vasitələrdən biri elə məhz qəzetlərdir.
Bu səbəbdən də qəzetlərin bağlanması əlçatan resurslarımızın azalması demək olduğunu düşünürəm”.

"İRƏLİ" İctimai Birliyinin əməkdaşı Riad Cəbrayılov: "Qəzetlərin günümüzdə geniş maraq dairəsinə nüfuz etdiyi, fikrimcə, olduqca zəifdir və bu da təbii bir haldır. Solğun və yorucu formatda çap olunmuş bəzi qəzetlərin şəxsi nümunədə mənim üçün heç bir marağı yoxdur. Ola bilər ki, qəzetlərin nəşr olunmasında da yaradıcılıq tələb olunmalıdır, fikrimcə, bu sahədə də müxtəlif irəliləyişlərə nail olmaq olar. Dünya təcrübəsində qəzetlərin oxunaqlılığının artırılması istiqamətində mütəmadi olaraq innovativ həllər üzərində işlənilir, xüsusi dizayn, rəssam işi və redaktə baxımından oxucunun diqqətini cəlb etmək üçün xüsusi tədbirlər görülür.
Ümid edirəm ki, cəmiyyətimiz üçün də bu amillər keçərliliyi ilə qəzetlərimizin dəyişimi baş tutar. Qəzet hər birimiz üçün önəmlidir və fikrimcə, qəzetlərin müasir kreativ industriyanın tələb və şərtlərinə əsasən, yenidən formalaşması onların bağlanmasından daha çox aktual olmalıdır. Günümüzdə müxtəlif jurnallar ki, məhz qeyd olunan vizuallıqda olduqları üçün həm geniş oxucu kütləsinə təqdim olunur, həm də onun mahiyyəti olduqca rəqabətə davamlı olur".

NAYORA könüllüsü Ələviyyə Oruczadə: “Qəzet oxumuram. Çünki həm demək olar ki, satışda qəzetlərə rast gəlinmir, həm də istənilən məlumatları internetdən əldə edə bilirik.
Ən son qəzet oxuyarkən ibtidai sinifdə təhsil alırdım. İndi isə magistr tələbəsiyəm. Atamın evdə futbol xəbərləri ilə bağlı saxladığı köhnə qəzetləri var idi. Mən də onları maraq üçün oxuyurdum. İndi isə onlayn jurnalları oxumağa üstünlük verirəm.
Günümüzdə o qədər də qəzet oxuyan insan olduğunu düşünmürəm. Qəzetlər çap olunacağı təqdirdə isə limitli sayda çapı daha məqsədə uyğundur. Bu da internetə çıxışı olmayanların istifadəsi üçün vacibdir. Ancaq indi 7-dən, 70-ə hər kəs sosial media istifadə etdiyi üçün hər kəsin internetə çıxışı var. Ucqar bölgələrdə yaşayan insanlar da meqabayt vasitəsilə internetə çıxışlarını təmin edirlər.
Məsələn, Vətən müharibəsi ərəfəsində insanlar ən doğru məlumatları həmin an Prezident İlham Əliyevin “tvet”lərindən öyrənirdi. Bir neçə dəqiqə ərzində məlumatları milyonlarla insan görə bilir. Qəzetlərdən isə məlumatları yalnız hadisənin səhəri və ya bir neçə gün sonra əldə edə bilirik. Bu səbəbdən sosial media düşünürəm ki, qəzetlərdən daha sürətlidir”.

Milli Debat Proqramının üzvü Firuzə Teymurova: “Qəzetlər gündəmdəki xəbərləri, ümumilikdə cəmiyyət və dünya hadisələrini, baş verənləri özündə əks etdirir. İnsanlar qəzetlerdə yazılan tədqiqatlar, məqalələr, ədəbi işlər arasından öz maraqlarına uyğun yazılar tapırlar və bunun nəticəsində onların öyrənmə prosesi sürətlənir.
Qəzetlerin bir çox növü olsa da, mən aktual xəbərlərdən geri qalmamaq üçün gündəlik qəzetlər oxumağı sevirəm. Xüsusilə dünya mətbuatı məni daha çox cəlb edir. Qəzet deyəndə adətən insanların ağlına daha çox vərəqlərdə dərc olunan resurslar gəlir, lakin bununla yanaşı qazetlər texnologiya dövrü ilə ayaqlaşaraq onlayn formada da dərc olunur. Mənim fikrimcə bu, əlçatanlıq baxımından çox əlverişli bir nüansdır.
Qeyd edim ki, mən illərdir ki debatla məşğul oluram. Debat turnirləri zamanı biz aktual məsələləri geniş araşdırıb, fakt şəklində hakimlərə təqdim edirik. Bəzən doğruluq payı olmayan xəbərlərin müxtəlif internet səhifələrində geniş yayılması bizə çətinlik verir. Elə bu zaman biz təsdiqlənmiş, doğruluq payına əmin olduğumuz qəzetlərə müraciət edirik”.

"İRƏLİ" İctimai Birliyinin əməkdaşı Günel Qardaşova: "Texnologiyanın hazırkı inkişafını nəzərə alaraq son zamanlarda, əsasən, virtual məqalələri və qəzetləri oxumağa üstünlük verirəm.
Ümumilikdə dəyərləndirdikdə, düşünürəm ki, qəzetlər ənənəvi medianın inkişafında kifayət qədər əhəmiyyətli rola sahibdirlər. Əlavə olaraq, material arxivlənmə üçün, bəzi insanların virtual araşdırılmaya nəzərən kağız arxivlərə üstünlük verdiyini nəzərə alaraq qəzetlərin çox önəmli olduğunu düşünürəm. Bu baxımdan, məncə, qəzetlər hər dövrdə lazımlı və faydalıdır".

Miqrasiya könüllüsü Namiq Məmmədov: “Qəzet oxumuram. Çünki qəzetdən oxuyacağımız xəbəri bir neçə saniyə ərzində internet, xəbər saytları yaxud sosial şəbəkələrdən əldə edə bilərəm. Fikrimcə, günü-gündən müasirləşən dövrümüzdə qəzetdən istifadə statistik olaraq azalır. Lakin bu kimi müxtəlif statistikalar qəzetin bağlanmasına gətirib çıxarmamalıdır. Yeni nəsil texnologiyalarla daha rahat və tez bir zamanda işləyə bilir. Bu kimi hallar əsasən yaşlılar üçün hər zaman keçərli olmaya bilər. Fikrimcə, internet qəzetin bütün funksiyalarını ələ keçirsə belə, yaşlı qrupları nəzərə alaraq qəzetin fəaliyyəti davam etdirilməlidir”.

NAYORA könüllüsü Əli Mehdizadə: “Müasir dövrdə informasiyanı sosial şəbəkə və digər informasiya vasitələri sayəsində daha tez və asan şəkildə əldə etmək mümkündür. Doğrusu, indiyə qədər heç vaxt qəzet oxumamışam.
Qəzetlərin ləğv olunmasını əsla istəməzdim. Cəmiyyətdə telefon, planşet və digər müasir texnogiyalara öyrəşə bilməyən, hələ də onlardan istifadə etməkdə çətinlik çəkən yaşlı nəsil var. Onlar üçün qəzet əsas informasiya mənbələrindən biri olaraq qalır. Bu səbəblə hazırkı dövrdə qəzetlərin bağlanmasının yanlış olduğunu düşünürəm.
Daha öncə də qeyd etdiyim kimi, hazırda demək olar ki, yalnız yaşlı nəsil qəzet istifadə edir. Onlar yeni informasiyanı ya qəzetlə, televiziya vasitəsilə alırlar. Buna görə düşünürəm ki, qəzetlər populyar olmasa belə, cəmiyyətin bir hissəsi üçün aktuallığını hələ də qoruyub saxlayır. Onları günümüzdə faydalı saymaq olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB