“Türk dünyasının birliyində Heydər Əliyev amili” - YENİLƏNİB - FOTOLAR

“Türk dünyasının birliyində Heydər Əliyev amili” - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz AzadlığıŞəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində eyniadlı beynəlxalq konfrans keçirib. SİA xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri açıb. Qonaqları salamlayan İctimai Birlik sədri Azərbaycanda ictimai sektora, QHT-lərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edib. O, etimadı doğrultmaq üçün var gücləri ilə çalışdıqlarını bildirib.

Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən əziz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni oxunub.

Daha sonra çıxışına davam edən Nadir Azəri “Bu günlərdə Azərbaycan xalqı çox tarixi günlərə şahidlik edir. Heç şübhəsiz ki, Azərbaycanın hər bir uğuru, hər bir qələbəsi bütün türk dünyasını sevindirir. Çünki bu gün türk dünyası birdir, bütövdür. Biz xoşbəxtik ki, bu birliyin, həmrəyliyin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində qoyulub. Mən çox danışmayacam həm Ulu öndərin Türk dünyasının birliyi uğrunda tarixi xidmətləri, həm də layihəmizlə bağlı görülən işlər barədə çıxış etmək, o cümlədən tədbirin birinci hissəsini aparmaq üçün sözü layihə üzrə ekspertimiz, dəyərli dostumuz və türk dünyası sevdalısı Əkbər Qoşalıya verirəm. Amma Əkbər bəy çıxışa başlamazdan öncə bir videoklipimiz var, xahiş edirəm ona baxaq və konfransımızı bu xoş əhval-ruhiyyə ilə davam etdirək” deyə əlavə edib.

Videoklipə baxışdan sonra çıxış edən Əkbər Qoşalı deyib ki, 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılan “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır: “Yəni layihənin ideyasını Türk dünyasının dərin inteqrasiyasına, türk dövlətləri arasında birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması üçün müxtəlif tədbirlərin, o cümlədən (Bakıda və Naxçıvanda) iki beynəlxalq konfransın, həmçinin Azərbaycanda məktəblilər və gənclər arasında mövzu ilə bağlı rəsm müsabiqəsinin keçirilməsi, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk ölkələrindən olan mütəxəssislərin fikirləri əsasında 5 yazının hazırlanması təşkil edir. Məlumat üçün bildirim ki, həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olanaparıcı şəxslərin, ziyalıların, media təmsilçilərinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalə artıq Azərbaycanın, Türkiyənin və Orta Asiyanın müxtəlif saytlarında dərc olunub. Qısa statistikaya baş vursaq, məqalələr ümumilikdə 50 dəfə yayımlanıb”.

“Onu da nəzərinizə çatdırım ki, layihə rəhbəri, CASCFEN sədri Nadir Azəri bu konfransların uğurlu alınması, həmçinin, məqalələrin geniş auditoriyanı əks etdirməsi üçün bu ilin iyun ayında qardaş Türkiyəyə səfəri çərçivəsində Eskişehirdə Osmangazi Universitetinin rektoru, Prof. Dr. Kamil Çolak, Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal, həmçinin, Denizli şəhərində Pamukkale Universitetinin professor-müəllim heyəti, aparıcı şəxsləri ilə görüşlər keçirib. Bir sözlə həm layihənin, həm də layihə çərçivəsindəki konfransların yüksək səviyyədə keçməsi üçün mühüm addımlar atılıb” deyən Ə.Qoşalı əlavə edib ki, layihə çərçivəsində mövzu ilə əlaqədar məktəblilər və gənclər arasında rəsm müsabiqəsi də elan olunmuşdu: “Bizim üçün də çox əlamətdardır ki, bu müsabiqə böyük maraqla qarşılandı və 40-dan çox müraciət daxil oldu. Layihənin rəsm müsabiqəsi üzrə eksperti Ülkər Əülfətin rəhbərliyi ilə əsərlərin qəbulu və ilkin baxış prosesi yüksək səviyyədə həyata keçirilib. 22 əsər əsas finalçı kimi seçilib, həmçinin, beş əsər də əlavə olaraq burada sərgilənir. Bir azdan iştirakçılara sertifikat və kiçik hədiyyələr, 6 qalibə isə plaket və hədiyyələr təqdim ediləcək”.

“Layihə çərçivəsində iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdu. Həmin konfransdan birini bu gün keçiririk. Əminik ki, inşallah bu ayın sonuna kimi, QHT Agentliyinin dəstəyi ilə ikinci konfransı da Naxçıvanda uğurla keçirərək, layihəmizi başa vuracayıq” deyə Ə.Qoşalı əlavə edib.

Sonra ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, KKTC-nin keçmiş xarici işlər naziri Kudret Özersay, KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin sədri - Orhan Həsənoğlu çıxış ediblər.

Konfrans işini panel iclası ilə davam edib. UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, moderator Prof. Dr. Mehmet Yücenin, həmçinin millət vəkili Vüqar İskəndərovun və Əməkdar Jurnalist Azər Həsrətin rəhbərliyi ilə keçirilən panel iclasında konfransın xüsusi qonağı, Türkiyənin tanınmış elm adamı, Prof. Dr Ramazan Taşdurmaz Heydər Əliyevn türk dünyasındakı xidmətləri ilə bağlı geniş çıxış edib.

Daha sonra Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, keçmiş hərbi attaşe Yücel Karauz, Əməkdar Jurnalist Azər Həsrət, millət vəkili Vüqar İskəndərov çıxış ediblər. Konfransda həmçinin, Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin Siyasət elmi və dövlət idarəçiliyi üzrə müəllimi, Prof.Dr. Alper Özmenin, Qazaxıstanın və Azərbaycanın Yazıçılar Birliyinin üzvü Nəsihə Gumarqızının video çıxışları səsləndirilib.

Konfrans işinə rəsm müsabiqəsinin qaliblərinin və iştirkaçılarının mükafatlandırılması ilə yekun vurub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə