"Uşaqlar qida boyası istifadə olunmuş məhsullardan uzaq durmalıdır" - MÜTƏXƏSSİS İZAH ETDİ
"Boyalar həm qidanın qablaşdırmasında istifadə olunan, həm də qidalara süni rəng verən kimyəvi maddələrdir. İlk süni qida boyaları kömür qətranında əldə edilmişdir. Hal-hazırda isə neftdən əldə edilən bu boyalar şəkərləmələrdə, idmançı içkilərində, un məmulatlarında, souslarda, konfetlərdə, konfetlərin kağızında və daha çox qidanın tərkibində istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.
Onun sözlərinə görə, Amerika Qida və Dərman Dairəsi (FDA) və Avropa Birliyi Qida Təhlükəsizliyi Agentliyi (EFSA) kimi beynəlxalq qurumlar boyaların sağlamlıq baxımından heç bir risk daşımadığını desə də, bu mövzuda fikir ayrılıqları mövcuddur: "Bir çox ölkələrdə bəzi qida boyaları qadağan edilərkən, bəzi ölkələrdə istifadəsinə icazə verilir.
Amerika Qida və Dərman Dairəsi (FDA) və Avropa Birliyi Qida Təhlükəsizliyi Agentliyi EFSA tərəfindən istifadəsinə icazə verilən bir sıra qida boyalarını misal göstərə bilərik. Qırmızı No 3 – şəkər və tort bəzəmə gellərində geniş istifadə olunur. Red No 40 – idmançı içkilərində, şəkərləmələrdə və taxıl lopalarında istifadə olunan tünd qırmızı rəngli boyadır. Sarı No 5 – içkilərdə, şəkər, çipsi, partladılmış qarğıdalı və taxıllarda istifadə olunan limon sarısı rəngli bir boyadır. Sarı No 6 - souslarda, un məmulatlarında, konservləşdirilmiş meyvələrdə istifadə olunan narıncı-sarı rəngli bir boyadır. Blue No 1 – dondurma, paketlənmiş suplar, kremlərdə istifadə olunan yaşılvari mavi rəngli bir boyadır. Blue No 2 – şəkər, taxıl lopaları və bəzi atışdırmalıq qidalarda istifadə olunan mavi rəngli bir boyadır. Red 40, sarı 5 və sarı 6, Amerikada istifadə olunan qida boyalarının 90%-ni təşkil edir. Green No 3 FDA tərəfindən icazə verilən, ancaq Avropada qadağan edilmiş bir boyadır. Ponceau, Avropa Birliyində icazə verilən, ancaq Amerikada qadağan edilmiş boyalardandır".
Mütəxəssis sözlərinə davam edərək bildirib ki, bəzi müstəqil araşdırmalar qida qablaşdırmasında və qidalarda istifadə oluna qida boyalarının uşaqlarda hiperaktivliyi artırdığını ortaya çıxarır: "Ancaq hər uşağın orqanizmi bu boyalara eyni reaksiya vermir. Hiperaktivliyi olan uşaqların, digər uşaqlara nisbətən həsaaslığı daha çoxdur. Blue 2 üzərində aparılan heyvan araşdırması yüksək dozada xərçəngə səbəb olduğunu ortaya qoyub. Ancaq bəzi araşdırmaçılar isə bunu demək üçün lazımi sübut olmadığını bildirir. Qırmızı 3 olaraq tanınan eritrosin ən mübahisəli boyadır. Nəticə olaraq deyə bilərik ki, qidalarda istifadə olunan qırmızı 40, mavi 1, sarı 5 və 6 nömrəli qida boyaları həssas insanlarda allergik reaksiyalara səbəb ola bilir. Xüsusilə uşaqların qida boyası istifadə olunmuş qidalardan uzaq durması lazımdır. Nəzərinizə çatdıraq ki, qida boyaları ilə bağlı aparılan araşdırmaların əksəriyyəti heyvanlar üzərində aparılan araşdırmalardır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB