Tənhalıq qorxusu nədir? - PSİXOLOQ AÇIQLADI

Tənhalıq qorxusu nədir? - PSİXOLOQ AÇIQLADI

“Tənhalıq insanın yanında kimsənin olmamasıdır. Bu, öz hisslərini, düşüncələrini bölüşməyə və zamanını keçirməyə imkanın olmaması səbəbindən yaranan bir təəssüratdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.


Onun sözlərinə görə, bu hiss insanda yüksək həyəcan, sıxılma və ya hər hansı bir qrupa mənsub olmama kimi hisslərlə özünü büruzə verir: “Bəzən də şəxs başqa insanların əhatəsində olduqda belə tənhalıq hissi keçirir, öz daxili aləminə çəkilir və daha çox fikirləşmək istəyirlər”.

Günel Allahverdiyeva sözlərinə belə davam edib: “Psixologiyada tənhalığın 3 tipini fərqləndirirlər. Bunlardan biri xroniki tənhalıqdır. Xroniki tənhalıq, əsasən, insanın uzun müddət başqa insanlarla ünsiyyət yarada bilməməyin nəticəsində yaranır.

Digər tənhalıq situativ tənhalıqdır ki, bu daha çox insanın öz yaxın və əziz adamını itirdiyi zaman keçirdiyi stress nəticəsində meydana gəlir. Bu da insanın sosial ünsiyyət modelinin dağılmasına səbəb olur.

Tənhalığın digər bir növü isə keçici tənhalıqdır. Bu insanlar arasında daha çox rast gəlinən tənhalıq növüdür. Bu tənhalıq təsadüfi, heç bir səbəb olmadan özünü göstərir və keçici olur.

Tənhalıq hissi keçirən insanlar ciddi ünsiyyət çatışmazlığı yaşayırlar. Onlar həm özlərini, həm də ətrafda olan insanları neqativ qiymətləndirirlər. Onlar daha çox tək qalmaqdan qorxurlar.

İnsanlar tənhalıq qorxusunu dəf etmək üçün, ilk növbədə, insan özü-özü ilə xoşbəxt olmağı öyrənməlidir və daha sonra isə sosial olmağa, başqaları ilə ünsiyyət qurmağa çalışmalı, günün çox hissəsini bu şəkildə keçirməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə