“Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Yüz illər keçsə də, Prezident İlham Əliyevin adı müasir Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa edən, suverenliyini təmin edən müzəffər Ali Baş komandan kimi dövlətçilik tariximizin ən şərəfli səhifəsi kimi yaşayacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, 2003-cü ildə ilk dəfə prezidentliyə namizəd olan cənab İlham Əliyev deyəndə ki, 5 il ərzində 600 min yeni iş yeri açacağıq, hər kəs təəccüb edirdi. Lakin 1 milyon 200 min yeni iş yerləri açıldı!

Keçən illər ərzində məcburi köçkünkər üçün 3.25 milyon kv.m. yaşayış sahəsi tikildi, 107 şəhərcik salındı. İllər öncə ölkədə nisbi yoxsulluq 49% təşkil edirdi. Hazırda isə ölkəmizdə mütləq yoxsulluq çoxdan ləğv edilib, nisbi yoxsulluq isə 5.6% olmaqla, minimum həddədir.

Bizim siyasətin mərkəzində azərbaycan vətəndaşının sosial rifah halı dayanır,- söyləyən Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri də aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünə məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.

2018-ci ildə növbəti dəfə xalqının böyük etimadını qazanaraq, prezident seçilən cənab İlham Əliyev ölkəmizdə dərin sosial islahatlara başladı. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı 40-dan çox fərman və sərəncamlarla ölkə əhalisinin əksəriyyətini əhatə edən 4 sosial islahat zərfi icra olunmuş və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edib.
Bu islahatların nəticəsində son 5 ildə minimum əmək haqqı 2,7 dəfə, orta aylıq əmək haqqı 1,7, median əmək haqqı 74 faiz artmışdır, minimum pensiyada 2,5 dəfə, orta pensiyada 2,0 dəfə, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş vermişdir.

Azərbaycanda sosial siyasətin və geniş spektrli sosial dəstək proqramlarının həyata keçirilməsində Respublikamızın 1-ci Vitse- prezidenti hörmətli Mehriban xanım Əliyevanın böyük xidməti və rolu vardır. Bu gün Azərbaycan vətəndaşı sabahından arxayındır, bilir ki, onun qüdrətli dövləti var. Bu gün Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır. Bilir ki, onu böyük qələbələrə aparan, əmin və firavan həyatını təmin edəcək cəsarətli və müdrik lideri vardır!”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə