İctimai yerlərdə səs-küy salmağın cəzası nədir? - HÜQUQŞÜNAS AÇIQLADI

"İctimai yerlərdə səs-küy salanların cəzalandırılması yalnız gecə saatlarına aiddir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, İnzibati Xətallar Məcəlləsinin 521-ci maddəsinə görə bu məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması adlanır: "Burada birbaşa deyilir ki, mənzillərdə, yaşayış evlərinin giriş və həyətlərində, küçələrdə, istirahət mərkəzlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan səhər saat 07:00-a qədər səs küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini çalmaq, televiziya və radio qəbulediciləri, maqnitafonları gur səslə oxutmaqla məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə vətəndaşlar cəzalandırılır".

Əkrəm Həsənov sözlərinə belə davam edib: "Bu cəzanın məbləği fiziki şəxslər üçün 150-200, vəzifəli şəxslər isə 2000-2500 manata qədərdir. Bir daha bildirim ki, bunlar günün başqa vaxtlarına deyil, yalnız qeyd etdiyim saat aralığına aiddir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə