Füzuliyə yollanan keçmiş məcburi köçkünlərin TƏƏSSÜRATLARI - REPORTAJ - FOTOLAR

Füzuliyə yollanan keçmiş məcburi köçkünlərin TƏƏSSÜRATLARI - REPORTAJ - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. SİA xəbər verir ki, oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.

Köç prosesi zamanı keçmiş məcburi köçkünlər öz təəssüratlarını SİA ilə bölüşüb.


Füzuliyə köç edən keçmiş məcburi köçkün Azər Mirzəyev çox sevincli olduğunu söyləyib: “Sözlər tükənib… Sevincdən özümü doğru-düzgün ifadə edə bilmirəm. Bu sevinci bizə yaşatdıqları üçün dövlətimizə, ordumuza və şəhidlərimizə minnətdarlığımı bildirirəm.

Füzuliyə ailəmizdən 4 nəfər yollanır”.

Keçmiş məcburi köçkün Zülfiyyə Zeynalova Füzulidən çıxarılanda 11 yaşı olduğunu bildirib: “Füzulidən gələndə 11 yaşım var idi. İndi isə 42 yaşımda yenidən qayıdıram.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Allah övladlarımızı qorusun. Çox sevinirik. Elimizə-obamıza gedirik.

Yanımdakı kiçik oğlumdur. Onu özümlə aparıram. Böyük uşaqlarım da inşallah yaxın zamanda gələcək”.

Keçmiş məcburi köçkün Elçin Eyvazov isə fikirlərini bu cür ifadə edib: “O qədər sevinirəm ki… Hərə bu hisləri bir formada keçirir. Məndə də tamam fərqli hislərdir.

Səhərə kimi yata bilməmişik. Biz bu günləri çox səbirsizliklə gözləyirdik. İnşallah, 3-4 saatdan sonra Füzulidə olacaq və evlərimizə yığışacağıq. Orada yeni həyata başlayacağıq.

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Prezidentimizə çox təşəkkür edirik”.


Keçmiş məcburi köçkün Nazxanım Məmmədrzayeva qeyd edib ki, Füzulidəki Xanlar küçəsinin həsrəti ilə yaşayır: “Neçə ildir həsrətini çəkdiyimiz vətənimizə qayıdırıq. Çox şükür, ay Allah.

Allah Prezidentimizin canını sağ eləsin. Sağolsun ki, bizə belə bir şərait yaratdı.

Füzulidə Xanlar küçəsinin həsrəti ilə yaşayıram. İndi 64 yaşım var. Füzulidən çıxarıldıqda isə 33 yaşındaydım. Yoldaşım şəhid olub və oğlumla birlikdə doğma yurda qayıdırıq”.


Keçmiş məcburi köçkün Seymur Hüseynov: “Qalan ömrümüzü əziz torpaqlarımızda yaşamaq bizə qismət oldu.

İnşallah burda, düzək, qoşaq və yaradaq. Allah bu gözəl işdə əməyi olan hər kəsin canını sağ etsin. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin.
Ailədən 6 nəfər yollanırıq. Hər kəsin yolu açıq olsun. Yeni həyat xeyirli-uğurlu olsun”.

Keçmiş məcburi köçkün ailəsindən olan gənc qız isə hislərini bu cür ifadə edib: “18 yaşım var. Ailəmlə birlikdə Füzuliyə yollanıram.

Füzuliyə yollandığım üçün çox həyəcanlıyam. Ora mənə çox maraqlı gəlir. Ümid edirəm ki, bir daha müharibə olmaz.

Mən indi həm kədərli, həm də çox sevincliyəm. Kədərliyəm, çünki bütün dostlarım buradadır. Lakin bir tərəfim də doğma torpaqlara addım atmaq üçün sevinir”.


Keçmiş məcburi köçkün Leyla Abbasova: “Həm həyəcanlı, həm də sevincliyik. Çünki bu gün öz torpağımıza gedirik.

Azərbaycanın hər qarışı bizim üçün vətəndir. Amma hər kəsə öz yurdu və torpağı daha doğmadır. Mənim də yurdum Füzulidir.

Cənab Prezidentə və onun ailəsinə minnətdarlığımı bildirirəm. Elə sevincliyəm ki, eyni anda həm danışmaq, həm gülmək, həm də ağlamaq istəyirəm”.

Son olaraq qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə