Hamiləlik və ondan sonrakı dövr bir qadının həyatında ən çətin dönəmlərdən biridir. Bu, xüsusilə, ilk hamiləlik təcrübəsinə aiddir. Təcrübə yoxdur və insan normal olaraq hər bir məqamı düşünür. Bəs, yeni ana olacaq və ya yeni doğum edən bu həssas analara necə davranmaq lazımdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
İlk olaraq hələ uşaq doğulmamışdan çox əvvəldən bir sıra ailə üzvləri gənc anaya ana südü ilə bağlı israrlar edirlər. Belə ki, “Uşaq mütləq ana südü ilə böyüyər”, “Hökmən süd verməlisən”, “Süd verməsən körpə bütün günü xəstə olacaq”, “Böyüyəndə sağlam olmayacaq” kimi ifadələrlə onun beynini daha da yükləyirlər. Heç kim düşünmür ki, bəlkə bu qadının hər hansı ciddi bir problemi var və heç süd verə bilməyəcək. Axı bu qədər israr kimə və nəyə lazımdır? Hər halda bir ana övladının sağlam və xoşbəxt olması üçün əlindən gələn hər şeyi edəcək. Övladını heç kim onun anasından çox düşünüb sevməyəcək. İcazə verin övladı ilə bağlı qərarları o özü düşünüb versin. Təbii ki, təcrübəli insanların məsləhəti önəmlidir. Bunu heç kim də pislik üçün etmir. Amma yersiz israr bu qadınları daha da pis hala sala bilər. Hamilələrə məsləhət verən, rəfiqələr, analar, qayınanalar, bacılar, baldızlar yox, mütəxəssis həkimlər olmalıdır. Yəni, önəmli olan ətrafın dediyi yox, həkimin söylədiyidir. Hamilələrə neqativ fikirlər söyləyərək fikirlərini qarışdırıb onları həyəcana salmayın.
Uşaqlıqda o qədər ana südü ilə qidalanıb yanından yel əsən kimi xəstə olan insanlar var ki… Həm süni qida, həm də ana südü ilə qidalananlar da xəstələnə bilər. Bunlar hər biri insan üçündür, normaldır və olmalıdır. Ana südü ilə qidalanan uşaqlar əsla xəstələnməz deyə bir şey yoxdur.
Hamilə qadınlara olunan digər israrlardan biri də normal doğuşla bağlıdır. Belə ki, hələ uşaq 1-2 həftəlikkən bütün nəsil-kök düşür hamilə qadının üstünə ki, bəs normal doğum et, sağlamlıqdır, əvvəllər qeysəriyyə-filan yox idi, biz hamımız belə doğmuşuq. Əvvəla bir düşünün ki, bu qadın sizdən məsləhət istəyirmi? Yaxud bu barədə sizin fikriniz ona maraqlıdırmı? Əgər ehtiyac duyub sizdən məsləhət istəsə, maraqlansa və soruşsa öz təcrübələrinizi onunla bölüşün. Bu zaman ürək bulandırmaq yerinə həm siz faydalı iş görmüş olarsınız, həm də yeni ana olacaq gənc bir qadına yardım edərsiniz.
Yaxud hamilələrə neqativ yükləyirlər ki, “Məndə qeysəriyyə oldu, çox ağrım oldu, 1 həftə yeriyə bilmədim”. Ya da deyirlər ki, “Normal doğuş çox qorxuludur. Dəhşətli ağrılar olur”. Bu zaman hamilə qadın düzgün qərar verə bilmir. Belə ki, ona doğuş uyğundursa doğuşdan, keysəriyyə uyğundursa keysəriyyədən başqalarının söylədikləri ucbatından qorxub imtina edir.
Digər bir məsələ isə hamiləlik zamanı gənc anaların müxtəlif testlər verməsi ilə bağlıdır. Bu zaman bir çoxları başlayır ki, boş şeydir, biz hamiləlik vaxtı belə etməmişdik, sən də etmə. Əgər bir ananın ürəyi bu testlə daha rahat olacaqsa, icazə verin onu etsin. Mütəxəssislər söyləyir ki, hər kəsin hamiləlik dövrü fərqli keçir. Hətta bir ananın üç hamiləliyinin üçü də bir-birindən tamamilə fərqli formada ola bilər.

Ətrafın hamilə qadınların beyninə köklədiyi bu fikirlər səbəbindən həkimlər onları düzgün yönləndirməkdə çətinlik çəkir.
Nümunələr:
Bir dəfə bir ailə dostumuzun evinə qonaq getmişdik. Qızları 2 ay əvvəl evlənib. Qızın anasından biri soruşdu ki, bəs, qızın iki aydır evlənib hamilə deyil, digəri də dedi ki, hamilə olsa normal doğum edəcək? Ana isə cavabında “Vallah, mən qızıma heç bu barədə sual verməmişəm. Bunu etik hesab etmirəm. İnsanlara bu məsələ niyə belə maraqlıdır heç bilmirəm. Əgər mən anası olaraq qızımdan bunu soruşmağı özümə ayıb bilirəmsə, başqasının necə rahatlıqla soruşduğunu anlamıram. Hansı qərarı verəcəksə, mən anası olaraq onun yanında olacağam. Siz bu barədə qəti narahat olmayın”.
Ana südü ilə bağlı travması olan bir ananın fikirlərini qeyd etmək istəyirəm: “Normal olaraq ilk dəfə ana olmuşdum və nə uşaq baxmaq, nə də süd vermək barədə heç bir anlayışım yox idi. Təbii ki, internetdən də müəyyən qədər araşdırmışdım. Amma yalnız araşdırmaqla da olmur. Südvermə ilə bağlı o qədər ağrılarım var idi ki… Yanıma gəlib-gedən hamı da südüm ilə maraqlanırdı. Mən və övladım heç kəsə maraqlı deyildik. Niyə gələn hər kəs salam verib südümü soruşur? Heç kəs mənim psixoloji durumumu düşünmürdü. Hamı elə bir əldən israr edirdi ki, süd ver, süd ver. 2 həftə sonra mütəxəssis yanına üz tutdum. İndi deyəcəklər ki, keçmişdə analar mütəxəssis yanına gediblər? Cavabında deyim ki, hər kəs özü bilər, amma mən getmişəm. Mütəxəssis yanına getdikdən sonra südümü sağmağı öyrəndim. Sonra bərk xəstələndim və südüm kəsildi. Yəni, yenə problemlər yaşadım.
Bu səfər kim nə deyər deyə düşünmədim və sırf öz istəyim üzrə “Övladımı ana südü ilə bəsləyəcəm” dedim. Südümü hər gün sağıb dondurmağa başladım. Hər şey normaya düşdü”.
Yaxşı olar ki, yaxınları belə olsa yeni ana olan xanımların üzərinə bu qədər getməsinlər. Analar, əsla bədbinliyə qapılmayın. Övladına süd verə bilməmək sizin yaxşı ana olmadığınız anlamına gəlməz. Xüsusilə, ilk təcrübədə hər kəsdə müəyyən problemlər yarana bilər. Bu, normaldır. Önəmli olan cəhd edib doğruları öyrənmək istəməkdir. Düzdür, ana südü uşaq üçün vacibdir. Amma olmursa da nə edək? Bu zaman biz pis ana sayılmalıyıq?!
Əziz hamilələr, istər siz, istərsə də sizə verilən sualların cavabının yalnız həkimdə olduğunu insanlara bildirin. İndi elə bir dövrdür ki, həkimlərlə ünsiyyət yaradıb istənilən sualı ünvanlamaq çox rahatdır. Unutmayın ki, yanlış qərarlar yanlış da nəticələrə səbəb ola bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB