Kişilərin ikinci telefonu: İŞ, YOXSA XƏYANƏT? - ARAŞDIRMA

Bir çoxları deyir ki, qadınların kişilərin telefonunu yoxlamaq kimi adətləri var. Amma düşünürəm ki, bu, yalnız xanımlarda deyil, kişilərdə də belədir. Elə kişilər var ki, onlar da ən az qadınlar qədər telefon yoxlamaq vərdişinə sahibdir.

Bəs, nədir insanları şübhəyə salan? Niyə telefonların içindəkilər qarşı tərəfə bu qədər maraqlıdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qadınlar düşünür ki, kişidən ala bilmədiyi cavabı ona telefon verəcək. Yəni, bu vəsilə ilə evliliyində problemin nə olduğunu aşkara çıxaracaq. Yaxud kişiyə olan şübhəsinin cavabını telefonun içindəkilər verəcək.

Burada güvən məsələsi də var. Güvən zədələndikdən sonra telefonlar yoxlanmağa başlanır.

Tanıdığım bir cütlük var və 25 ildir ailəlidirlər. Qadın deyir ki, hələ bu günə qədər yoldaşım bir dəfə belə telefonumu yoxlamaq məqsədi ilə əlinə almayıb. "Açığı, mən onun telefonunu yoxlamaq istəmişəm, amma şifrədə olub. O, nə mənim telefonumu yoxlayır, nə də öz telefonunun yoxlanmasını sevir”.

Daha bir cütlük isə 15 illik evlidir. Xanım deyir ki, yoldaşım hər dəfə fərqli bəhanələrlə telefonumu alıb yoxlayır. "Hətta anamla, bacımla, əmim qızı-oğlu ilə olan mesajlara kimi bircə-bircə oxuyur. Ortada heç bir səbəb yoxkən daim şüphə içindədir. Daha bu hərəkətlərdən təngə gəlmişəm”.

Kişini, yaxud qadını qarşı tərəfin telefonunu yoxlamağa təşviq edən bir sıra səbəblər var. Məsələn, (bu daha çox kişilərə aiddir) əgər kişi telefonunu evə gələndə daim söndürürsə, telefonu ortalıqda saxlamırsa, hətta ayaq yoluna belə telefonla gedirsə, bunlar bir çox qadında şübhə yaradır. Elə bir çox kişilər də bunun həqiqət olduğunu nadir hallarda da olsa etiraf edir.

Tərəflər arasında, əlbəttə, güvən önəmlidir. Amma insanı şübhəyə salacaq vəziyyətlər baş verdikdə söz-söhbətin yaranması da qaçılmazdır.

Bəs, kişilər bu barədə nə düşünür?

Əldə etdiyimiz cavablara görə bir çox kişilər bu fikirdədir ki, əgər qadın kişinin telefonunu yoxlayırsa, mütləq oradan bir əmma tapacaq. Düşünürəm ki, bu kişilərin qabaqdan gəlmişliyidir. Yəni, öncədən xəbər edir ki, əgər nə isə axtarsan, tapacaqsan və ona görə də yaxşısı budur ki, heç axtarma.


Qadınlar hansı fikirdədir?

Burada qadınlar üç kateqoriyaya bölünür. Birinci qrup nə isə tapdıqda həmən an reaksiya verir, yaxud bir müddət məsələni araşdırır ki, düzgün nəticəyə gəlsin. Bu tip qadınlar telefonda ciddi bir şey tapdıqda boşanmaya qədər gedib çıxır.

İkinci tip isə tapdığını görməzdən gəlir, içinə atır və bu barədə kişiyə heç bir kəlmə etmir. Məncə, bu, daha ağrılıdır. Tapdığı ciddi bir şey də olsa “ailəsini qorumaq” üçün susub oturur.

Üçüncü tip qadınlar isə tapır və bunu kişiyə bildirir. Dava-dalaş salır, amma boşanmır. Başqa qadınların isə bu tip qadınlara reaksiyası belədir: “Əgər susub oturacaqdınsa, boşanmayacaqdınsa, niyə tapdığını kişiyə deyib özünü hörmətdən saldın. Əvvəl sənə hörmət edib sayırdısa, indi onu da etməyəcək”. Təbii ki, insanları belə məsələlərdə qınamaq olmaz. Hər kəs eyni şərtlərlə doğulub yaşamır. Hər kəsin həyatı, düşüncəsi, sevgi və ailə anlayışı fərqlidir.


Kişilər ikinci telefon yoluna niyə əl atır?

Daim yoldaşları tərəfindən nəzarətdə olan bir çox kişilər ikinci telefon alternativinə üz tutur. Bəziləri bu ikinci telefonu avtomobilində, bəziləri işdə, digəri də evdə bir yerdə gizlədir. Hətta bəziləri də şübhə çəkməmək üçün elə iki telefonla da evə aşkar şəkildə gəlir. Təbii ki, bu sadalananları bütün kişilərə şamil etmək olmaz. Yəni, həqiqətən iş üçün ikinci telefona ciddi şəkildə ehtiyacı olan kişilər də var. Amma gəlin etiraf edək ki, 99 faiz vəziyyət belədir.


Mütəxəssislər nə deyir?

Mütəxəssislər söyləyir ki, əgər ər-arvad arasında bu barədə bir problem varsa və ortada həqiqətən gizli bir şey yoxdursa cütlüklər telefonlarını ortaya qoysunlar. Yəni, əgər kişinin gizlini yoxdursa, nədən narahatdır? Qoysun telefonu ortaya və qadın da zatən heç nə tapmayacaqsa, baxsın da.

Bəzi kişilər telefonun yaddaşına qadın nömrələrini necə qeyd edir?

Əvvəl sevgililərinin nömrəsini telefona qeyd etməyib, cibində kağızda yazılı saxlayan bəzi kişilər artıq bu nömrələri telefonlarında kişi adıyla qeyd edirlər. Məsələn, biri Samirə adına Samir yazır, biri Aygün adına Aydın yazır, digəri sürücü, satıcı, kuryer, usta və s. adlarla qadınları telefona qeyd edir.

Burada da kişilər iki kateqoriyaya bölünür. Birinci qrup bunu həqiqətən gizli işi olduğu üçün edir. İkinci qrupun isə həyat yoldaşı o qədər qısqanc olur ki, kişi bilir ki, nə desə də ona inanmayacaq. Ona görə də bu yolu seçir. Amma yenə də 90 faiz birincini edənlər çoxluq təşkil edir.

Kişilər özlərini necə ifşa edir?

Bir çox mənbələr göstərir ki, əgər kişi qadına normalda olduğundan daha çox diqqət və qayğı göstərirsə, deməli bu işin içində bir iş var. Bəzi kişilər qadının vəziyyətdən xəbəri olmasın deyə bu yolu seçir. Əvvəl sizi heç düşünməyən kişi birdən-birə hədiyyələr alırsa düz düşünürsünüz. Günahkarlıq hissi kişiləri belə şeylər etməyə vadar edər. Əlbəttə bunu edən hər kişi aldadır demək istəmirik, ancaq bir çox hallarda belədir.

Kişilər səhv edərkən əməllərini yumaq üçün qadını günahkar çıxarırlar. Onları bir az sıxışdırdıqda "səninlə danışmaq olmur" deyib, özlərinə haqq qazandırmağa çalışırlar. Hətta sırf söhbətdən qaçmaq üçün bunu bəhanə edib küsən kişilər də az deyil.

Sosioloq Lalə Mehralı bildirir ki, ailədə kişi və ya qadının nəinki ikinci telefonu olmalı, mövcud telefonunda kod belə olmamalıdır: “Ailə nə deməkdir? Birlik, bütövlük, şəffaflıq, aşkarlıq. Tərəflər arasında sirr olmamalıdır, nəinki ikinci telefon məsələsi. Əgər tərəflərdən biri telefonuna kod qoyursa bunu həyat yoldaşına deməli, kodqoyma səbəbini izah etməlidir. Telefonda gizlətmək məqsədi ilə nəyinsə mühafizəsi ola bilər, amma həyat yoldaşından nəyisə gizlədirsənsə, demək ki, ortada yalan var. Belə ailə normal deyil.

İkinci telefon işlədən, evdə yox maşında, iş yerində saxlayan kişi bu davranışını qarşı tərəfin gözü ilə analiz etsin və onun etdiyini qadının edə bilmə ehtimalını fikirləşsin. Nəticəsi ilə razılaşacaqmı, onu düşünsün”.

Əməkdar jurnalist Mətanət Məmmədova isə fikirlərini bu cür ifadə edib: “Ümumiyyətlə, ikinci telefon işlətməyi istər qadın, istərsə də kişi üçün anormal hal hesab edirəm. Telefonlarda iki nömrədən istifadə olunan təqdirdə iki telefona ehtiyac yoxdur. Bu, istər-istəməz sual yaradır: nə üçün ikinci telefon? Hələ üstəlik, telefona kod qoyulması isə daha çox şübhə doğurur. Tərəflər arasında bir-birinə qarşı şübhə yaradır. Bəzi hallarda kod qoyula bilər, lakin bunu da hər iki tərəf anlamalıdır. Əslində, inam o qədər gözəl hissdir ki, bu varsa, yetər. Yoxdursa tərəflər bir-birində nə isə axtaracaq, iki telefon işlətməyi də, kod qoymağı da mənfi tərəfə yozacaqlar. Nəticə etibarilə, həyatı doğru yaşayaq ki, sabah səhvlərimiz qarşısında cavab verməli olmayaq”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq jurnalist Elçin Bayramlı ailə üzvləri arasında telefonla bağlı problemlərin olmamasını vurğulayıb: “Belə ki ailə daxilində heç kim telefonuna kod qoymamalıdır, qoyarsa belə digərinə bu kodu deməlidir. Əgər belə etmirsə, artıq heç bir ailədən söhbət gedə bilməz, demək ortada gizli işlər var. Bununla yanaşı, ər və arvad bir-birinin telefonlarını yoxlaması, izləməsi də artıq o deməkdir ki, burada normal, sağlam ailədən söhbət belə gedə bilməz. İnamsızlıq, etibarsızlıq olan yerdə həqiqi ailə ola bilməz. Əgər birinə inanmırsansa, etibar etmirsənsə onunla ailə qurmamalısan. Əgər ailə qurduqdan sonra bu hallar olursa, buna aydınlıq gətirməlidir. Bunu etməzsə, artıq boşanmaq zəruridir. Çünki burada artıq ailə yoxdur, sadəcə, bir evdə yaşamaq var. Ailə tamam başqa şeydir, burada qarşılıqlı inam, sevgi, fədakarlıq yoxdursa, bu, artıq ailə yoxdur deməkdir. Ümumiyyətlə, ailənin nə olduğunu dərk etmədən ailə qurmamaq daha yaxşıdır”.

Son olaraq qeyd edim ki, əgər kişilər qadınların onların telefonuna baxmağına icazə vermirsə, bunu sevmirsə, o zaman özləri də buna əməl etsələr yaxşı olar. Hörmətdirsə, güvəndirsə, özəldirsə qoy bunlar qarşılıqlı olsun. Yəni, əgər baxılmırsa hər iki tərəfin telefonuna baxılmasın. Nə qadının, nə də kişinin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə