Əcnəbilər Azərbaycanda yaşamaq icazəsini necə ala bilər? - AYDINLIQ GƏTİRİLDİ

Əcnəbilər Azərbaycanda yaşamaq icazəsini necə ala bilər? - AYDINLIQ GƏTİRİLDİ

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almalıdırlar. Bu icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Həmin şəxslərə ölkə ərazisində yaşamağa icazə verildikdə Dövlət Miqrasiya Xidməti müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.


Onun sözlərinə görə, icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vəsiqənin icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan qayıtmaq hüququ verən, o cümlədən həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir: “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişərsə və ya icazə vəsiqəsi itirilərsə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Eləcə də, icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər”.

Fariz Əkbərov sözlərinə belə davam edib: ““Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə ödədikləri dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

Müvəqqəti yaşamaq icazəsi üçün əsaslar

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq icazəsi üçün əsaslar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində təsbitini tapmışdır. Bu əsaslardan bəziləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

- Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;

- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;

- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;

- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;

- Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

- İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;

- Cinayət təqibi orqanlarına yardım göstərdikdə və s.”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə