"Bütün həyatımı və xoşbəxt günlərimi Elşənlə birlikdə dəfn etdim" - ŞƏHİD AİLƏSİ İLƏ MÜSAHİBƏ - FOTOLAR

"Bütün həyatımı və xoşbəxt günlərimi Elşənlə birlikdə dəfn etdim" - ŞƏHİD AİLƏSİ İLƏ MÜSAHİBƏ - FOTOLAR

Vətən müharibəsi şəhidi Elşən Habil oğlu Müslümovun ailəsinin SİA-ya müsahibəsini təqdim edirik:

Anası Şövqiyyə Müslümova:

- Oğlunuz haqqında bizə ümumi məlumat verə bilərsiniz? Daha sonra ətraflı şəkildə sullarımıza keçid edək.

- Elşən 1995-ci il oktyabr ayının 2-də Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib və elə Yasamalda da böyüyüb. Əslən Ağsu rayonunun Kalva kəndindəndir. Təhsilini 2002-ci ildə 286 saylı tam orta məktəbdə alıb. 2011-ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellərin idarə olunması" fakültəsinə daxil olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2014-cü ildə Yasamal rayonundan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb.

Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsi ilə təltif olunmuş, həm manqa komandiri, həm də məxfi rabitəçi olmuşdur. Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutmuşdur. Hərbi xidmətini 2016-cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurub.

Elşən haqqında o qədər çox danışmaq olar ki… Mən körpəliyindən bilirdim ki, o necə oğul olacaq. O, tamam fərqli idi, öz yaşıdlarına heç bənzəməzdi. Bayrağına çox bağlı olub.

- Sizinlə tez-tez telefon əlaqəsi yaradırdı?

- Arada zəng edir və yaxşı olduğu barədə məlumat verirdi. Orada vəziyyətin necə olduğunu bizə əsla deməzdi. Deyirdi ki, “Mən məxfi rabitəçiyəm və danışmaq olmaz”.

Elşənin bir şüarı var idi ki, “30 ildən sonra gedən torpaqları alıb ilk qədəm qoyanlardan biri olduğum üçün o qədər qürur duyuram ki, çox fəxr edirəm”. Bunu elə ürəkdən deyirdi ki…

- Elşən xasiyyətcə necə biri idi?

- Ailəsinə çox bağlı olub. Bu gün anasının əllərini-ayaqlarını və saçlarından öpən neçə oğul var?! Elşən belə oğul idi. Mənə “Anam” deyə səslənərdi. Bir gün mənə dedi ki, “Cənnət anaların ayaqları altındadır. Hansı övlad ki, hər gün gəlib anasının saçlarından öpərsə, o sorğu-sualsız cənnətə düşəcək”. Ona baxıb deyirdim ki, “Oğlum, sənin üzündən-gözündən nur yağır. Sən niyə belə hər kəsdən fərqlisən, mərhəmətlisən?”.

Döyüş yoldaşları bizə danışmışdı ki, oralar elə soyuq idi ki, oktyabr ayı da çox soyuq idi. Elşən yaralı dostlarına paltarlarını soyunub verirmiş. Dincəlmək üçün əyləşənlərə deyirdi ki, “Gəlin kürəyimizi bir-birimizə dayayıb isinək”. O, bu qədər mərhəmətli idi.

- Atası ilə dost idi?

- Elşən atası ilə fəxr edirdi. Deyirdi ki, mənim idealım atamdır. Atasına çox bağlı idi və çox bənzəyirlər. O şəhid olduqdan sonra bir daha anladım ki, atasını, anasını və yoldaşını sevən bir oğul torpağını da sevərmiş.

Atası ona 16 yaşında avtomobil hədiyyə etmişdi. Avtomobilinin şüşəsində hər zaman gerb şəkli olardı. Deyirdi ki, “Bu, mənim dövlətimin atributudur”.

- Az da olsa təsəllini nə ilə tapırsınız?

- Onun üçün nə etsək də, ürəyimiz heç cür soyumur. Hər acının üstü az da olsa qapanır. Amma bu elə acıdır ki, onu heç nə ilə izah etmək mümkün deyil. Tək təskinlik balasıdır. Ən azından biz dünyadan köçdükdən sonra Elnazım atasının adını yaşadacaq. Elşənin ürəyi qızında döyünür. Elşənə çatana qədər onun gəlməyəcəyini qəbul etməyəcəm. Hər gün gözüm qapıdadır və onu gözləyirəm. Elə bilirəm ki, bir gün gələcək. Ona gedib çatana qədər gözləyəcəm. İnşallah, cənnətdə qovuşarıq.

- Deyirlər “Analar hiss edir”. Heç hiss etmişdinizmi Şəhid olub?

- Müharibəyə yollanandan bizi yoldaşına, yoldaşını da bizə tapşırırdı. Hiss etmişdim. Çünki oğlumu tanıyırdım. Bilirdim ki, Elşən bizi bu qədər vaxt xəbərsiz qoymaz. Elşən varsa, torpağın altından da olsa bizə zəng edəcək. Biz onunla nəfəs alırdıq. Artıq iki gün zəng gəlmədikdə əlimi üzdüm.

Həmişə deyirdim ki, allahım, nolar, oğlum əsir düşməsin”. Ən çox qorxduğum bu idi. Çünki əsirlikdə nələr baş verdiyini hər kəs bilir.

Qohumlarımız belə şəhid olduğunu bilirdi. Amma heç kimin cəsarəti çatıb bizə bunu deyə bilmədi. Oğlum 19 sentyabr günü evində cəmi yarım saat qonaq oldu.

- Oğlunuzun xatirəsini hansı formada əbədiləşdirmək istəyərdiniz?

- Yasamalı çox sevirdi. Hər zaman deyirdi ki, mən Yasamaldan başqa yerə getməyəcəm. Hətta atası onun üçün başqa bir yerdən ev də almışdı. Yaşadığı küçəyə də öz adı verildi. Hətta Yasamalda İkinci Fəxri Xiyabanda dəfn olundu. Yenə də ömürlük Yasamalda qaldı.

Çox istəyərəm ki, oxuduğu məktəbə də adı verilsin. Dünya durduqca oğlumun adı yaşasın istəyirəm.

Bütün həyatım və xoşbəxt günlərimi Elşənlə birlikdə dəfn etdim. O günlər bir də heç vaxt geriyə qayıtmayacaq. Mən ona körpəlikdən “Şah əsərim” deyirdim. Bir övlad ailənin əsəridir.

Atası Habil Müslümov:

- Oğlunuzu necə xatırlayırsınız?

- Elşən sanki ailədə də, nəsildə də seçilmişdi. O, çox ailəcanlı olub və ata-anasına çox bağlı idi. Mənimlə dost idi. Hər axşam evə gələndə anasını və məni qucaqlayıb əllərimizdən öpərdi. Vallah heç təsəvvürümə belə gətirməzdim ki, üç ildir Elşənsiz qalmışam (red:ağlayır). Çox ağır bir dərddir.

- Başqa övladlarınız da var?

- Elşəndən başqa bir oğlum da var. Amma Elşənin yeri tamam başqa idi. Onu heç kim və heç nə əvəz edə bilməz.

- Son dəfə nə zaman danışdınız?

- Müharibə dövründə oktyabr ayının 6-da son dəfə zəng etdi. Son sözü o oldu: “Ata, gəl biz vidalaşaq. Ola bilsin ki, bir də görüşmədik”. Danışa bilmirəm, o qədər ağırdır ki…

Həyat yoldaşı Nəzrin Müslümova

- Yoldaşınız döyüşə yollanmağı barədə sizə məlumat vermişdi?

- Xeyr, biz bilmirdik. Sentyabr ayının 1-i təlimlərə yollandı. Gözləyirdik ki, üç günün tamamında qayıdacaq. Amma belə olmadı. Sonra da müharibə başladı. Onunla tələbə yoldaşı olmuşuq və 11 ildən çoxdur ki, bir-birimizi tanıyırdıq. Bu illər ərzində onun necə şərəfli və qeyrətli biri olduğuna bir daha əmin oldum. Vətənini və millətini çox sevirdi. Ona görə bilirdik ki, müharibə başlayan kimi Elşən gedəcək.

- Müharibə dönəmində sıx-sıx danışırdınız?

- Çalışdıqca bizimlə əlaqə saxlayırdı. Hər dəfə mənə deyirdi ki, narahat olma, qayıdacağam. Amma qismət…

- Onsuz keçən bu illər sizin üçün nə ifadə edir?

- Bunu sözlərlə izah etmək çox çətindir. Bu, həm şərəfli, həm də çox ağrılı idi. Çalışıram ona layiq olum. Bir qızımız var və adı Elnazdır. 3 yaşı var. Elşən şəhid olduqda qızımız 6 aylıq idi. İnşallah, o da atasına layiq olar və onun adını həmişə uca tutar (red: ağlayır).

- Qızınızın adını kim qoyub?

- Adını Elşənlə birlikdə bizim sevgimizi yaşatsın deyə qoymuşuq. Burada ikimizin adından da hissələr var. Elşən dedi ki, qoy bizim sevgimiz Elnazla böyüsün. Həqiqətən də elə oldu. Bizim sevgimiz Elnaz böyüdükcə böyüyəcək.

- Elnaz atasını soruşurmu?

- Şəkillərinə baxıb “Ata” deyir. Hələ tam olaraq nə baş verdiyini dərk etmir. Bəzən mənə sullar verir. Aciz qalıram, cavab verə bilmirəm. İnşallah, böyüdükcə atasının necə qəhrəman olduğunu və şərəfli bir yolla getdiyini ona izah edəcəyəm.

- Qızınızla bağlı arzuları var idi?

- Qızına çox bağlı idi. Həmişə deyirdi ki, ata sənə qurban olsun, ata sənə heyran olsun, Elnazım. Gecələr oyanıb yeməyini verirdi. Elnazı öz qucağında yatırırdı. Bunların hamısını kadra almışam. Bəzən deyirəm, yaxşı ki, hər şeyi kadra alıb çəkmişəm. Beləliklə, Elnaz da böyüdükcə bu kadrlara baxıb görəcək ki, atası onu nə qədər çox sevib.

- Elnaz atasına bənzəyir?

- Elə ən çox atasına bənzəyir. Hətta xasiyyətləri, əllərinin quruluşu və sevdiyi yeməklər də eynidir.

- Birgə olduğunuz hansı günü hələ də unuda bilməmisiniz? Elə hansı xatirəniz var?

- Onunla keçirdiyim heç bir günü unuda bilmərəm. Biz onunla tamam başqa idik. Həm tələbə yoldaşı, həm dost, həm sirdaş idik. Elşən mənim arxam-dayağım idi. Hər şeyimi onunla bölüşürdüm. Onun haqqında danışmaq mənim üçün çox çətindir. Bunun nə olduğunu ancaq yaşayanlar anlaya bilər.

- Son mesajı sizə nə olub?

- Son dəfə oktyabrın ayının 6-sı danışmışdıq. Mənimlə çox yaxşı danışdı. Deyirdi: "Fəxr edirəm ki, bu torpaqlara ilk addım atanlardanam. Özü ilə qürur duyurdu. Şəhid olduqdan sonra döyüş yoldaşları bizə söylədi ki, Elşənin ləqəbi “Cəngavər” idi. O öz igidliyi ilə seçilirdi.

Oktyabrın 7-si son dəfə çox qısa zəng etdi. Dedi ki, ola bilər bir həftə zəng etməyim. Set yoxdur. Elə də oldu. Oktyabrın 7-dən sonra bir həftə səs çıxmadı. Gözləyir, içimizdəki ümidi öldürmürdük. Oktyabrın 14-ü, yəni bir həftənin tamamında xəbər gəldi ki, şəhid olub. Hiss etmişdim ki, nə isə baş verib. Müharibəyə yollanandan içimdə qorxu var idi. Sadəcə inanmazdım ki, Elşənə nəsə ola. Mən onu ölümsüz təsəvvür edirdim. Həqiqətən də, ölümsüzlüyə qovuşdu.

- Tanışlıq hekayənizi danışa bilərsiniz?

- Tələbə yoldaşı olmuşuq. 3 il birlikdə oxumuşuq. Bir partada əyləşirdik və günümüz bir keçib. 2011-ci ildən onu tanıyıram.

- Elşənin xatirəsinin hansı formada əbədiləşdirilməsini istəyərdiniz?

- Əlimizdən gəldiyi qədər onun adını yaşatmağa çalışırıq. Adına kitablar çap etdirmişik və iki küçə onun adını daşıyır. Həmin küçədə abidə də ucaldılıb. İnsan nələrsə etməyə çalışır ki, az da olsa, təsəlli tapsın. Amma bu ağrını heç nə unutdurmur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə