“Dezinformasiyalar müasir dövrümüzün ən aktual problemlərindən biridir. Onlayn və sosial şəbəkələrin inkişafından sonra dezinformasiyaların yayılması kütləvi hal alaraq ciddi problemə çevrilib. Bu problemin qarşısının hansı üsul ilə alınması ilə bağlı hazırda da çox ciddi müzakirələr aparılır”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, müzakirədən çıxan nəticələr təxminən 3 istiqamət üzrə formalaşır: “Birincisi dezinformasiyaya qarşı mübarizə aparmaq üçün qanunvericilik təkmilləşdirilməlidir. İkincisi effektiv maarifləndirmə işi aparmaqdır. Yəni insanlar yaydıqları yalan xəbərə görə məsuliyyət daşıdıqlarını bilməlidirlər. Bunun üçün də ölkəmizdə ciddi iş aparılır.
Media savadlılığının artırılması insanlarda informasiya dövriyyəsi haqqında təsəvvür yaradacaq və onları qeyri-standart xəbər yaymaqdan çəkindirəcək.
Üçüncü məsələ isə bəzi insanların bilərəkdən yanlış xəbər yaymasıdır. Məhz ən ciddi problem də elə budur. Son dövrlərdə Azərbaycanın apardığı haqq savaşı zamanı yayılan dezinformasiyaların şahidi oluruq. Bunların biri çoxu şüurlu şəkildə ortalığa atılan yalan məlumatlardır. Bu istiqamətdə də işlər aparılır, yəqin ki, şüurlu şəkildə yayılan dezinformasiyalara qarşı da mübarizə aparılacaq. Hazırda isə buna qarşı ən yaxşı yol düzgün məlumatın verilməsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə