Dünən, oktyabrın 3-də Vətən Müharibəsi Qəhrəmanı, mayor Amid Heydərovun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar Lerik şəhərində anım tədbiri keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, mədəniyyət müəsisələrinin əməkdaşları, idarə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı və büstü ziyarət edilərək xatirəsi ehtiramla yad olunub.
Şəhidin adını daşıyan parkda Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə davam edən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Rəbbil oğlu Heydərovun həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, şəhid atası Mükafat Yaqubov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin doğum və anım günləri münasibətilə mütəmadi tədbirlərin keçirildiyini, onların keçdiyi döyüş yolunun təbliğ olunduğunu bildiriblər. Şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, onların döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıblar.
Şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Yekunda leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı tam orta məktəbin şagirdi Nübar Fərəczadənin ifasında Qəhrəmana həsr olunmuş şeir səsləndirilib.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə