Bildiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasim Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında təşkil olunub.
Mərasimdə SOCAR rəsmiləri, energetika sektorunun tanınmış nümayəndələri, Baş Nazir Əli Əsədov, Elm və Təhsil naziri Emin Əmrullayev, nazir müavinləri və bir sıra rəsmilər iştirak ediblər. SİA mövzu ilə bağlı onu sevənlər və ailə üzvləri arasında sorğu edib.
Xoşbəxt Yusifzadənin bacısı qızı İradə Əsgərova: “Xoşbəxt müəllim haqqında danışmaq böyük şərəfdir. Onu nə qədər tərifləsək, əsrlər də keçsə respublikada bir Xoşbəxt müəllim var idi. Cənab İlham Əliyev və Ulu Öndər Heydər Əliyev onu daim yüksək qiymətləndiriblər. Hamı onu çox yaxşı tanıyır.
Dayımın çox güclü yumor hiss var idi. O vaxtı cənab İlham Əliyevlə Neft Daşlarına gedəndə dedi ki, “Beş ildən sonra mən olmayacam. Özünüz gedib gələrsiniz”. Cənab İlham Əliyev də cavabında dedi ki, “Xoşbəxt müəllim sən də olacaqsan”.
Həyatın qanunu budur. Hamı yaranır və yox olub gedir. Amma belə insanlar heç vaxt yox olmur və unudulmur. Onun davamçıları olacaq və işini həmişə yaşadacaqlar. O mənim əziz dayımdır və xatirəsi hər zaman qəlbimizdə qalacaq”.
Elm və Təhsil naziri Emin Əmrullayev: "Xoşbəxt müəllim Azərbaycanın həm elm, həm də neft sənayesinin görkəmli simalarından idi. Xoşbəxt müəllimin elm və neft sənayesi sahəsində töhfələri Azərbaycan xalqı üçün çox önəmlidir. Onun nailiyyətləri Azərbaycanın gələcək inkişafında da çox mühüm əhəmiyyət kəsb edəcək. Allah rəhmət etsin”.
SOCAR-ın keçmiş prezidenti, hazırda İqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayev: "Elə bil böyük qardaşımı itirmişəm. Xoşbəxt Yusifzadə çox optimist insan idi. O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, “Sən cavanlardan çox daha operativsən”. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov: "Xoşbəxt Yusifzadə fikirlərini çox özünəməxsus şəkildə söyləyirdi. Xoşbəxt Yusifzadə çox bənzərsiz insan idi. Elmi dillə desək, çox ekzotermik insan idi. Hara gedirdiksə, ora sanki bir istilik gətirirdi. Allah ona rəhmət etsin".
Keçmiş Təhsil naziri Misir Mərdanov: "Azərbaycan elminə ağır itki üz verib. Hamımız üçün çox ağır bir dərddir.
Xoşbəxt Yusifzadənin Azərbaycanın neft və qaz sənayesinin bu günə gəlib çatmasında böyük rolu olub. O, yaşının çox olmasına baxmayaraq diqqətli insan idi. Həqiqətləri zarafatla deməyi bacaran şəxsiyyət idi.
Ötən həftənin beşinci günü onun yaxın dostu akademik Azad Mirzəcanzadənin doğum günü ilə bağlı konfransda yarızarafat özünəməxsus şəkildə çıxış etdi. Ruhu şad olsun".
Deputat Ziya Səmədzadə: "Xoşbəxt Yusifzadə Azərbaycan xalqının böyük oğlu və dünyamiqyaslı alim idi. Onun Azərbaycan müstəqilliyinin qorunmasında və Ulu Öndərin hazırladığı neft strategiyasının reallaşmasında müstəsna xidmətləri olub.
Xoşbəxt Yusifzadənin apardığı tədqiqatlar və genişmiqyaslı lahiyələr Azərbaycan neft elmini dünya miqyasına qaldırdı. O, böyük insan idi. O daim xalqı ilə ünsiyyətdə olurdu. Onun ünsiyyəti hər bir şəxs üçün böyük sevinclə qarşılanırdı. Əsrlər keçəcək və Azərbaycan daha da inkişaf edəcək. Bu inkişafda bir neftçi alim kimi Xoşbəxt Yusifzadənin rolu danılmazdı".
Deputat Bəxtiyar Əliyev: “Akademik Xoşbəxt Yusifzadə dəyərli insan və böyük alim idi. O, anadangəlmə neftçi və mühəndis idi. Müstəqil Azərbaycanın inkişafında, Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının həyata keçirilməsində Xoşbəxt müəllimin böyük zəhməti olub. Eyni zamanda elmi kadrların hazırlanmasında da onun böyük əməyi olub.
Bu gün bizim üçün çox ağırdır ki, belə məhsuldar həyat yaşamış akademiklə vidalaşırıq. Amma hesab edirik ki, onun irsi bundan sonra da elmi araşdırmaların predmeti olacaq. Onun məktəbi davam etdiriləcək. Azərbaycanın inkişafı üçün onun gördüyü işlər bundan sonra davamçıları tərəfindən həyata keçiriləcəkdir. Allah rəhmət etsin”.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli: "Xoşbəxt Yusifzadə Azərbaycan neft sənayesinin əfsanəsidir. Xoşbəxt Yusifzadənin timsalında dövlətçilik, mühəndislik, alimlik vəhdət təşkil edib. O bənzərsiz şəxsiyyət idi. İncə yumoru, geniş qəlbi və aydın zəkası var idi. Onun xidmətlərini Azərbaycan dövləti yüksək qiymətləndirir. Həm Ulu Öndər Heydər Əliyev, həm də İlham Əliyev Azərbaycanın ən yüksək mükafatlarına onu layiq görüb. O öz sağlığında adının əbədiləşdirilməsini görən xoşbəxt insanlardan biri olub".
AMEA-nın keçmiş prezidenti Akif Əlizadə: “Bu gün kədərli gündür. Xoşbəxt Yusifzadənin adı ilə böyük bir Azərbaycan tarixi bağlıdır. Onun adı demək olar bir əsrə yaxındır ki, neft sənayesində mövcuddur. O Azərbaycan neftinin bu gün dünyada tanınmağına təməl qoyan mütəxəssislərdəndir.
Xoşbəxt Yusifzadə öz gənc yaşlarında möhtəşəm neft daşlarında fəaliyyətə başlayıb və bu günə qədər yorulmayıb. Xoşbəxt müəllim var idi və gələcəkdə də var olacaq”.
Abel Məhərrəmov: “Bu gün bütün Azərbaycan ziyalıları üçün kədərli və ağır gündür. Çünki Azərbaycan elminə, neft sənayesinə və ziyalılığına ağır itki üz verib. İnsan tarixi bir kateqoriyadır. Yəni, doğulur və bir gün dünyadan köçür. Tarixi kateqoriya ona görə deyirlər ki, o yaşadığı dövrdə özünü tarixiləşdirə bilibmi? Xoşbəxt Yusifzadə özünü tarixləşdirə bilib. O bunu həm neftçi alim, həm də ziyalı kimi edib. O iz qoyub gedib. Bu izin biri silinsə, o biri silinməz. Çünki bu izlər çoxdur.
Xoşbəxt müəllim xalqı və dövlətçiliklə nəfəs aldı. Dövlətini və Prezidentini çox sevirdi. Birlikdə elmi tədqiqat işlərimiz çox olub. Mən onu daha yaxından tanıyırdım. Onun müdrik bir insan olduğunu xüsusilə vurğulamaq istəyirəm. Onun əziz xatirəsi xalqımızın qəlbində uzun müddət yaşayacaqdır. Xoşbəxt sevənlər heç var onu unutmayacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə