Prezidentimiz verdiyi vədləri daim gerçəkliyə çevirib – DEPUTATIN ŞƏRHİ
“Müharibənin başa çatmasından 3 il ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib. Burada Böyük Qayıdışı təmin etmək üçün əvvəlcə ərazilər minalardan təmizlənir, ardınca isə şəhər və kəndlərin bərpası həyata keçirilir, müxtəlif istiqamətlərdə zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırılır. Mübağiləstz demək olar ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, hava limanları tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura , işığa bürünür. Tezliklə ərazilər minalardan tamamilə təmizləndikdə sonra insanlarımız, bu qədim diyarın əsl sakinləri yenidən öz döğma ocaqlarına qayıdacaq, firavan həyat yenidən təmin ediləcək, yurddaşlarımız əkib-becərəcək, qurub yaradacaqlar. Prezidentimiz verdiyi vədləri daim gerçəkliyə çevirib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, əsl sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır: "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Qalib Sərkərdə, Prezident İlham Əliyev sentyabrın 28-də növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə – Cəbrayıl və Zəngilana səfər etdi. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması və yeni obyektlərin açılışı həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Prezidentimiz sülhün, qurub-yaratmağın tərəfdarıdır. Azərbaycan Prezidenti Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq. Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. Azərbaycan Prezidenti vurğulayıb ki, 2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. “Böyük Qayıdış Proqramı”na toxunan Prezident İlham Əliyev həmin Proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Dövlətimizin başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edib. Yalnız işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB