Azərbaycan universitetlərinin nümayəndələri Kataloniya Politexnik Universitetində təlimlərdə olublar

Təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub

25-29 sentyabr 2023-cü il tarixlərində Bakı Biznes Universitetinin əsas strateji tərəfdaş qismində iştirak etdiyi və Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində baş tutub. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihədə konsorsium üzvü olan 11 Azərbaycan universitetinin rektorları, o cümlədən Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, prorektorlar, inzibati və akademik heyətdən ibarət 25 nəfərlik nümayəndə heyəti işgüzar səfərdə iştirak ediblər. Təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.

Təlim proqramına əsasən səfərin ilk günü layihənin koordinatoru Eşqin Bayramovun moderatorluğu ilə layihənin cari vəziyyətinin müzakirəsi üzrə iclas keçirilib və fikir mübadiləsi aparılıb. Təlimlərin növbəti günü ev sahibi Kataloniya Politexnik Universitetinin rəhbərliyi Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətini salamlayaraq açılış nitqi ilə çıxış edib. O, layihənin ali təhsilin inkişaf etdirilməsi baxımından aktual bir mövzuya həsr olunduğunu qeyd edərək mühüm tərəfdaşlardan biri olmaqdan məmnun olduqlarını dilə gətirib.

Daha sonra təlim iştirakçıları Universitetin İnnovasiya İdarəetmə Xidmətinin təqdimatında iştirak ediblər. İspaniyalı sahibkarlarla görüşlərin və müzakirələrin keçirilməsi isə təlim proqramının ən məhsuldar fəaliyyətləri sırasında yer alıb. Proqram çərçivəsində iştirakçılar MediaTIC, Intro Barcelona Activa, Barcelona Supercomputing Center, FCIM and Indl Tech kimi innovasiya mərkəzlərini ziyarət edərək onların fəaliyyəlləri ilə yaxından tanış olublar. Bununla yanaşı sahibkarlıq fəaliyyətlərinin Universitetin inkişaf strategiyası və fəaliyyətlərinə inteqrasiya edilməsi və digər mühüm mövzularda təlimlər keçirilib, yekunda isə müvafiq mövzu barəsində komanda işləri nümayiş etdirilib.

Qeyd etmək lazımdır ki, Avropanın aparıcı texniki universitetlərindən biri olan Kataloniya Politexnik Universiteti - BarcelonaTech (UPC) mühəndislik, memarlıq, elm və texnologiya sahələri üzrə dövlət tədqiqat və ali təhsil müəssisəsidir. Hər il 6000-dən çox bakalavr və magistr tələbəsi, 231-dən çox doktorant, həmçinin 3591 nəfər ömürboyu təhsil üzrə məzun olur. Universitetdə məzunların məşğulluq səviyyəsi də olduqca yüksəkdir. Belə ki, Univeristetin məzunlarının 93%-i işləyir və 76%-i isə üç aydan az müddətdə iş tapırlar. Xüsusilə qeyd edilməlidir ki, Universitet 2000-dən çox şirkətlə yaxından əməkdaşlıq edir. Kataloniya Politexnik Universiteti əsas beynəlxalq reytinqlərdə də yer almaqdadır. Universitetin tədqiqat və inkişaf gəlirləri 72 milyon avro təşkil edir. Təsadüfi deyil ki, son bir ildə universitet tərəfindən 19 patent əldə edilib və 13 texnologiya əsaslı şirkət yaradılıb. Bununla yanaşı Universitet bugünə qədər 99 elmi və texniki mükafatlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə