Sıra mədəniyyəti yoxsa, mədəniyyətsizliyi? - ARAŞDIRMA

Sıra mədəniyyəti yoxsa, mədəniyyətsizliyi? - ARAŞDIRMA

Yəqin ki, hər birimiz heç olmasa ömrümüzdə bircə dəfə də olsa sıra mədəniyyətsizliyi ilə rastlaşmışıq. Bəli, sıra mədəniyyəti yox, sıra mədəniyyətsizliyi! Belə ki, bu hallar marketlərdə kassa növbəsində, avtobusa, metroya daxil olarkən, həkim qəbulunda və s. yaşanır. Bəs, insanlar niyə belə edir? Məgər, normal sırada dayanıb, biraz səbrli olub mədəni şəkildə öz növbəni gözləmək çox çətindir?!

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Mövzuya başlamazdan öncə qeyd edim ki, təbii ki müəyyən bir sıralar var ki, orada sizdən çox daha ağır və çətin vəziyyətdə olanlara insanlıq xatirinə növbənizi verə bilərsiniz. Əlbəttə, bu heçkimin borcu deyil. Amma insanlıq o qədər də ölməyib.

Lakin hər adi məsələ üçün yaxınlaşıb “Olar sıranızı mənə verəsiniz”, yaxud “İki dəqiqəlik işim var” deyib insanları aldadanlar belə yaxşılığa layiq deyil. Əgər biz bu tip insanlara sıramızı veririksə, bu zaman öz sıramızda dayanmamalıyıq. Bu halda bizim yerimiz ən sonuncu sıradır. Yəni, hər dəfə sıramızı kiminləsə bölüşürüksə, bu zaman bizim yerimiz olduğumuz sıra deyil, ən axrıncıdır.

İlk olaraq kassa növbəsindəki sıraya nəzər yetirək. Bir sıra böyük marketlərdə kassada ciddi sıra növbəsi problemi yaşanır. Məsələn, bir müştəri böyük bir səbət dolusu mal alıb, digəri də cəmi bir ədəd çörək. Bir ədəd çörək alan şəxs başlayır o bir səbət mal alanlardan xahiş etməyə ki, “Bəs mənim əlimdə bircə ədəd çörək var, qoyun tez vurdurum kassaya gedim”. Bu nə dərəcədə düzgündür? O anlamır ki, bu hərəkəti ilə tək xahiş etdiyi müştərinin yox, geridə qalan 10-15 nəfərin də sırasına girir və zamanından çalır. Nolsun ki, növbədə olan bir nəfərdən icazə alıb? Bəs geridə qalanlar? Bu adam ya sırada gözləyən hər kəsin önünə keçmək üçün bircə-bircə razılığını almalı, ya da ağıllı-başlı sırasını gözləməlidir. Əgər evində yağın daşmırsa, yeməyin yanmırsa, körpə uşağın ağlamırsa, yəni hər hansı fövqəladə vəziyyət baş verməyibsə, zəhmət olmasa sıranı gözlə. Hər şeydən öncə bu çox qeyri-etik bir hərəkətdir.

İndi avtobus məsələsinə baxaq. İşdən çıxırsan və məlumdur ki, saat 6-dan tıxacın ən pik vaxtıdır. Nəysə, avtobus dayanacağa yaxınlaşır. Başlayır hamı bir-birini əzməyə və sıra gözləmədən avtobusa daxil olmağa. Hələ bu vəziyyətdə arada bir cavanlara da söz vururlar ki, “Adama yol vermirlər”, “Böyük-kiçik qalmayıb”. Əvvəla, əgər o ilk sırada o cavan dayanıbsa, arxasındakı 100 nəfəri əzib böyüyə yol verə bilməz. İkincisi də, axı burada böyük xaos yaradacaq nə var? Avtobusdur da əvvəl-axır hamı minəcək və evinə yollanacaq. Görünür, bir çox insanlarda hələ də sıra mədəniyyəti formalaşmayıb.

Metroda da vəziyyət belədir. Qapılar açılır və qatara minən düşənə icazə vermir. Bir icazə verin düşən düşüb getsin, sonra siz qatara daxil olun. Axı bir-birini itələyib əzişdirəndə nə olur? Yaxşı, bilirik ki metroda qapıların bağlanması 20-30 saniyə çəkir və hamı tələsir ki, qapı bağlanar qatara minə bilməz, yaxud qapının arasında qalıb zədələnər. Yaxud sırada dayanan elə biri olur ki, qatara yellənə-yellənə daxil olur və arxada qalanlara növbə çatana qədər qapı bağlanır. Yaxud düşənlər ləng-ləng düşür. Biri telefona baxır düşür, biri rəfiqəsi-dostu ilə öz aləmində söhbət edə-edə, biri də sevgilisi-dostu ilə qol-qola, əl-ələ düşür. Nəticədə də qapılar bağlanır camaat da qalır qapının arasında, yaxud çölündə.

Həkim qəbulunda da ciddi sıra mədəniyyəti problemi yaşanır. Bu ən çox icbari tibbi sığorta olan xəstəxanalarda baş verir. Sıra gözləmək üçün sıradakıları aldadıb növbə nömrəsini səhv deyən kim, “İki dəqiqəlik həkimdən söz soruşub çıxıram”, “Mən hamiləyəm”, “Özümü yaxşı hiss etmirəm” deyən kim. Hələ bu səbəbdən yaranan dava-dalaş və səs-küyü demirəm. Düzdür, mədəniyyətsiz insan hər yerdə belədir. Bu özəl və dövlət xəstəxanasından asılı deyil. Amma mən daha çox bu halları icbari tibbi sığorta olan yerlərdə görmüşəm. Çünki insanlar da elə ən çox icbari tibbi sığorta olan yerlərə üz tutur.

Bəs, dünyada bu məsələdə vəziyyət necədir?

29 sentyabr 2023-cü ildə tarixində Türkiyədə Tahsin Ünal məhəlləsində fındıq dükanında K.B, H.A, M.Y. və M.A. arasında növbə gözləmək üstündə mübahisə düşüb. Mağazadan çıxandan sonra Atatürk parkında görüşən tərəflər arasında dava olub. Davada K.B., H.A. və M.Y.-ya bıçaqla bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər yetiriblər. Xəbər verildikdən sonra hadisə yerinə polis və həkim briqadası göndərilib.

Növbə gözləmək bacarığı neçə yaşda və necə əldə edilir?

Övladınızla bu barədə azyaşlı dönəmindən danışdığınız zaman ona ünsiyyətin qarşılıqlı bir proses olduğunu hiss etdirə bilərsiniz. Bunun üçün ona tələffüz etmələri, onu dinləməli və tələffüz bitdikdən sonra danışmağa davam etməlisiniz. Beləliklə, körpə daxili proses vasitəsilə ünsiyyətin ardıcıl bir hərəkət olduğunu və onun ardıcıllıqla danışılması lazım olduğunu öyrənə biləcək. Bu, onu gələcək həyatına hazırlayacaq.

Gündəlik həyatın hər anında növbə gözlədiyimizi nəzərə alsaq, uşağınızla bazara və ya parka getdiyiniz zaman növbə gözləməyin zəruriliyini qısa və sadə cümlələrlə izah edin. Məsələn, oyun vasitəsilə növbə gözləmək davranışına diqqət çəkmək olar. Belə ki, növbə gözləmə oyunları bu məsələdə sizə çox kömək olacaq.

Səbirsizlik və qəzəb hisslərini idarə etmək üçün nə etmək olar?

Arzuolunmaz situasiyalarda tez-tez səbirsizlik və qəzəb hissləri yaranır və insanlar bu emosiyaları düzgün idarə edə bilmədikdə münaqişələr baş verir. Uşaqlar növbə gözləyərkən bəzən qəzəblənir, vəziyyətdən şikayətlənirlər. Belə hallarda emosiyalar haqqında danışmaq faydalı ola bilər. Ondan növbədə gözləməyin nə hiss etdirdiyini, bu hissin necə olduğunu və bu hissin daha yaxşı bir hisslə necə əvəz oluna biləcəyini təsvir etməsi istənilə bilər.

Uşaqlar sözləri deyil, böyüklərin hərəkətlərini müşahidə edərək öyrənirlər. Bu səbəbdən böyüklər də növbə gözləyərkən öz rəftar və davranışlarına fikir verməlidirlər. Unutmayın ki, siz daim yol hərəkətindən şikayət edən valideynsinizsə, övladınız da o gərgin və stresli məqamdan təsirlənəcək, narahat və əsəbi olacaq.

Valideynlər üçün tövsiyələr

- Uşaqlar da böyüklər kimi vərdişləri sevirlər. Əgər uşaq iş rejimi pozulduğunda əsəbiləşirsə, qaydalarının pozulacağı bilinərsə, ona əvvəlcədən məlumat vermək faydalı ola bilər.

- Uşaq qəzəbləndiyi zaman onu sakitləşdirməyə və ya inandırmağa çalışmaq əvəzinə, emosiyalarını rahat buraxmaq imkanı verə bilərsiniz.

- Nəfəs alma məşqləri edilə bilər.

-Qəzəb balonu məşqi edilə bilər. Qəzəbləndiyiniz zaman xəyali bir şar təsəvvür etməyi, onu üfürməyi, bütün qəzəbinizi bu şarın içinə qoyub onu partlatmağı simulyasiya edə bilərsiniz.

Bütün bu mədəniyyətsizliyə susmayıb səsini çıxaranda da ya olursan həyasız, ya deyirlər “Vay, bunu alanın halına”, gah deyirlər “Sabah bu qapılara düşəcək”, ya da olursan pis adam.

Bəs, insanlar bu barədə nə düşünür?

Bir xanım deyir ki, “Mən sırada daim öz yerimi güdürəm. Biri yerimə keçsə, əsla susmuram və iradımı bildirirəm. Çünki o insanın zamanı yoxdursa, mənim də yoxdur. Həs kəs öz sırasını gözləməlidir. Hər kəsin fərqli işi olsa da, dayanıb sırasını gözləyir. Biraz anlayış və vicdanla hərəkət etmək lazımdır”.

Daha bir xanım deyir ki, “Mən başqasının növbəsinə əsla keçmirəm. Öz növbəmə keçəni də bağışlamıram. Çünki susduqca sanki belə də olmalıdır kimi davranırlar”.

Bir bəy isə bildirir ki, “O gün həkimdə bir kişi özünü xəstəliyə vurub növbədə önə keçib. Çıxışda isə anam onu sap-sağlam görüb. Kişinin 50 yaşı var idi. Bu yaşda hiyləgərliyə bax, sən”.

Məsələn, hava limanında uçuşa gecikən birinə sıradakılar yol verir. Bu normaldır. Çünki adam uçuşa gecikir və çox vacibdir. Bu bir ədəd siqaret alıb kassa sırasında gözləmək demək deyil. Amma market sırasında sıraya keçənləri və həkim sırasında fırıldaq edənləri anlamaq qeyri-mümkündür. Biri var zəruri şəkildə və səndən asılı olmayan səbəblərə görə kiminsə sırasına girəsən, biri də var bilərək və istəyərək sırf gözləməmək üçün yüz növ cildə girəsən.

Bu məsələdə irad bildirmək və haqqını tələb etmək pis insan olmaq deyil. Pis adam olmaq qeybət etmək, kimisə şərləmək, kiminsə haqqına girmək, kiminsə çörəyinə bais olmaq, birinin torbasını tikməkdir. Yaxşı olar ki, pisliyi insanlar bu əməllərdə görsünlər, haqqını tələb edib doğru olanı istəməkdə yox.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə