Elektrik cihazlarından istifadə zamanı nələrə diqqət edilməli? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Elektrik cihazlarından istifadə zamanı nələrə diqqət edilməli? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Həm evlərdə, həm iş yerlərində, ictimai iaşə obyektlərində və s. elektrik təsərrüfatına dair təhlükəsizlik qaydalarına mütləq ciddi riayət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, elektrik təsərrüfatında baş verən hər hansı bir nasazlıq, qığılcım, qısaqapanma, istiliyin ayrılmasının hər birinin öz təhlükə riski var. Bunlar öz növbəsində tüstülənməyə, yanğına gətirib çıxaran amillərdir. Ona görə də təhlükəsizlik qaydalarına riayət ön planda olmalıdır. Bu, bütün təyinatlı obyektlərdə əməl olunmalı haldır". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, elektrik naqillərinin çəkilməsi mütləq sertifikasiyası olan müəssisə tərəfindən həyata keçirilməlidir: "İstehsalçı müəssisəsi bilinən, keyfiyyətli elektrik naqillərindən istifadə olunmalıdır. Elektrik təsərrüfatı düzgün qiymətləndirilməlidir. Yəni, gərginlik balansı saxlanılmaqla elektrik təsərrüfatı həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, elektrik naqillərində yüklənmə çox olarsa, bu qızmaya, alışmaya, qısaqapanma və ya yanğına gətirib çıxarar. Avtomatik qoruyucular quraşdırılmalıdır. Hər hansı qısaqapanma yaranarsa, elektrik cərəyanı ayrılır və faciənin yaşanmasının qarşısı alınır".

Ekspert sözlərinə davam edərək bildirib ki, baş verən yanğınların statistikasına baxdıqda elektrik təhlükəsizliyi səbəbindən baş verən yanğınlar böyük bir paya sahib olduğunu görürük: "Evlərdə də, təsərrüfatlarda da işləməyən naqilləri elektrik cərəyanından ayırmaq lazımdır. Elektrik cərəyanında naqilləri taxılı vəziyyətdə qoymaq, nəzarət etməmək yolverilməzdir.

Bundan əlavə, azyaşlı uşaqların da olmasını nəzərə alaraq elektrik paylayıcılarda qoruyucu qapaqları olmalıdır. Uşaqlar bilmədən elektrik cərəyanına əl vura və nəticədə bədbəxt hadisəyə gətirib çıxara bilər".

Qarşıdan soyuq ayların gəldiyini xatırladaraq ekspert bildirib ki, bəzən ev isti qalsın deyə elektrik qızdırıcılarını cərəyana taxılı qoyub gedirlər: "Amma bu yanğına səbəb ola bilər. Elektriklə işləyən avadanlıqları nəzarətsiz qoymaq olmaz".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə