Yeməkləri çəkib paylaşmaq günahdır? - DİN XADİMİ AÇIQLADI

"İslam dinində insanın süfrəsində, yaxud evində bişmiş nə varsa, əgər adamın bir nemət qismətidirsə, onu qonaq etmək, ətrafda qonum-qonşusu ilə paylaşmaq, təklif etmək mədəniyyəti var. Əvvəllər də cəmiyyətimizin belə bir insani dəyəri, müsəlmanlıq, qonşuluq və qohumluq mədəniyyəti var idi. Məsələn, biri qapıda çörək bişirir və onun qoxusu yayılırdısa, hətta tanımadıqları adama belə bu çörəkdən təklif edir, pay göndərirdilər". Bu sözləri SİA-ya açıqlamasında Hacı Təyyar Hüseynli deyib.

Onun sözlərinə görə, indi həmin bu imkanlar daha genişlənib: "Belə ki, artıq insanlar yemək bişirir və onun fotolarını paylaşır. Milyonlarla insan da bu videoları görür. Təbii ki bu insanlar içərisində şəkli paylaşılan yeməklərdən ürəyi istəyənlər az deyil. Bəziləri üçün sizin paylaşdığınız yeməklər əlçatmazdır.

Hətta yeməkləri paylaşanların belə bir sözü də var ki, "Göz haqqınızı halal edin". Bu sadəcə etik bir cümlədir. İnsanların maksimum nəfsini çəkə biləcək və xüsusilə də maddi durumu zəif olan ailələrin əlçatmaz hesab etdiyi yemək videolarını çəkmək, hətta bəh-bəhlə onu dadmaq heç etik normativlərə və dinimizə uyğun gəlmir. Bu savab bir iş deyil və bəyənilməyəndir.

Hamilə qadınlar var ki, onların bəzi qidalara qarşı istəyi artan dönəmləri olur. Yaxud uşaqların bu yeməkləri nəfsi çəkir. Yekun olaraq bildirim ki, bu yeməkləri çəksələr də detallı şəkildə, yəni onu dadarkən çəkib günaha girməsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə