"Öz məsuliyyətimizi digərinin üzərinə atmamalıyıq" - TEXNOLOQ AYDINLIQ GƏTİRDİ

"Öz məsuliyyətimizi digərinin üzərinə atmamalıyıq" - TEXNOLOQ AYDINLIQ GƏTİRDİ

“Bir çox ölkələrdə sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti qoyulub. Orta hesabla bu yaş 13 olaraq götürülür. Buna səbəb də azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaqdır. Amma biz hər zaman çalışırıq ki, öz məsuliyyətimizi digərinin üzərinə yükləyək. Yəni bu məsələdə də problemi sosial şəbəkə rəhbərlərində görürlər. Lakin dünyada uzun müddətdir mövcud olan valideyn nəzarəti proqramları mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Onun sözlərinə görə, bu proqramlar məhz 16 və ya 18 yaşına çatmamış uşaqların istifadə etdikləri cihazlarda müəyyən proqramlara və sosial şəbəkələrə girməyi məhdudlaşdırır: “Düşünürəm ki, bütün valideynlər bu proqramlardan istifadə etməlidirlər. Əslində müasir tipli televiziyalarda bu texnologiya artıq mövcuddur. Bu mənada valideyn uşaq üzərindəki məsuliyyətini öz üzərindən atmamalı və bu proqramlardan istifadə etməlidir.

İnformasiya-texnologiya dövründə yaşayırıq, lakin zənnimcə bir çox valideynlər bu dövrün tələblərinə uyğun gəlmir. Buna görə də bu istiqamətdə ciddi şəkildə öz maarifləndirmə ilə məşğul olmalıdırlar. Mütləq şəkildə cəmiyyət sosial şəbəkələr və proqramlar vasitəsilə hansı problemlərin yaranacağı və qarşısının alınması üçün hansı proqram təminatlarından istifadə edilməsi ilə bağlı ətraflı məlumatlandırılmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə