“Evliliyi məntiq əsasında qurmaq gülüncdür” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Evliliyi məntiq əsasında qurmaq gülüncdür” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

"“Məntiq evliliyi” ifadəsini uğursuz hesab edirəm. Çünki evliliyi məntiq əsasında qurmaq gülüncdür”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, evlilikdə həm qəlb, həm zəka rol oynayır: “Əslində məntiq sözünü işlədənlərin nə düşündüklərini anlaya bilirəm. Amma zənnimcə özlərini yanlış sözlərlə ifadə edirlər. Təbii ki, evlilik məhəbbətlə bərabər, intellektə də əsaslanmalıdır. Mühitdə elə bir şərait yaradılmalıdır ki, sevgi hislərinin yaranmasında digər amillər də rol oynasın.

Boşanmaların səbəbini hər hansa məntiqdə axtarmaq düzgün deyil. Boşanmalara səbəb müxtəlif dövrlərdə, müxtəlif məkanlarda, müxtəlif yanaşmalar ola bilər. Təəssüf ki, Azərbaycanda bəzən bu məsələyə bir o qədər əhəmiyyət verilmir. Bu gün Azərbaycanda boşanmaların səbəbini tapmaq üçün isə kiminsə fikrini əsas götürmək düzgün deyil. Boşanmaların artmasının səbəbini öyrənmək üçün boşananlar və onların ailələri arasında sosial sorğular keçirilməlidir. Bu zaman bütün səbəblər açıq-aydın üzə çıxacaq. Lakin təbii olaraq boşanmalarda sevgi hisləri də böyük rol oynayır. Buna görə də evliliklərdə mənəvi dəyərlərə mühüm rol verilməlidir. Evlənənlərin mütləq şəkildə ümumi maraq dairəsi olmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə