"Salafan torbaların qiyməti qaldırılmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"İri mağazalarda satılan plastik torbalar üzərində aparılmış monitorinqlər göstərir ki, bu mağazalarda plastik torbalardan istifadə bir neçə dəfə azalıb. Məsələn, əvvəllər satıcı 3-4 torbadan istifadə edirdisə, indi bu torbaların sayı bir və ya iki ədəd olur". Bu sözləri SİA-ya açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, bu təkcə torbaların qiyməti ilə bağlı deyil: "Burada bir yanaşma var ki, satıcı alıcıdan əlavə olaraq torbanın lazım olub-olmadığını soruşur. Bu birinci məsələdir. Amma kiçik mağazalar var ki, onlar əvvəlki kimi torbaları əhaliyə pulsuz şəkildə verir. Bununla da bu torbalardan istifadə getdikcə artır".
Rövşən Abbasov sözlərinə belə davam edib: "Burada təklif oluna bilər ki, ilk olaraq bu torbaların qiyməti bir qədər də qaldırılsın. Yəni, 3-5 qəpik deyil də, 10-15 qəpik olsun.
İkinci bir tərəfdən də alıcılar üçün təşəbbüs yaradan digər fəaliyyətlər təşkil olunsun. Bu da ondan ibarət ola bilər ki, onlar daimi zənbillərdən istifadə edə bilərlər. Beləliklə, plastik torbaların sayı azalar.
Bir də belə bir məsələ var ki, bəzi iri marketlərdə hətta üstündə heç bir yazı olmayan salafan paketlərdə məhsullar verilir və bunlar pulsuzdur. Bunun sayını azaltmaq üçün oxşar tədbirlər keçirilməlidir. Əgər biz torbanın satışını pulla etmişiksə, bu bütün torbalara aid edilməlidir. Bu istiqamətdə irəli atılmalı olan ən vacib amillərdən biri torbaların istehlakının azaldılmasıdır. Mən təklif edərdim ki, bazarlıq yerlərində salafan torbaların ətraf mühitə zərər vurması ilə bağlı kiçik xəbərdarlıq lövhələri qurulsun".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB