Qadının spirtli içki içməsi: dəb yoxsa xəstəlik? - ARAŞDIRMA

Əvvəllər Azərbaycanda qadınlar siqaret çəkdiyini, içki içdiyini cəmiyyətdən bir qədər gizlədirdisə, bu gün bundan bəziləri açıq şəkildə, heç də kişilərdən geri qalmayaraq istifadə edirlər. Bəs görəsən qadınlarımız niyə içir? Qadınların içkiyə üz tutmasının səbəbi nədir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Araşdırmalar zamanı məlum olub ki, alkoqola, siqaretə meyl edən qadınların əksəriyyəti tənhalıqdan əziyyət çəkənlərdir. Həyat yoldaşından boşanan, yenidən ailə həyatı qurmayan qadınlar bu risk qrupuna daxildir. Bundan əlavə, yüngül həyat tərzi keçirənlər də içki və siqaretdən çox istifadə edirlər.

Əvvəllər bu "dəb"ə müğənni, artist camiyəsində rast gəlinirdisə, indi hal az qala, "ənənə"yə çevrilməyə başlayıb. Hətta əlindəki badəni peşəkarlar kimi birnəfəsə başına çəkən qadınlar da az deyil. Üstəlik, içki içməyən qadınlara lağ edib, onları müasirlikdən uzaq olmaqda qınayanlar da var. Qadınların spirtli içkilərdən istifadəsi isə zamandan asılı olmayaraq cəmiyyətdə heç zaman birmənalı qarşılanmır.

Qadınların ən çox içki içdiyi ölkələr

Alimlər içki istehlakı ilə bağlı 40-dan artıq ölkəni əhatə edən araşdırma aparıblar. Araşdırma ən çox içki içən qadınların Britaniyada yaşadığını ortaya qoyub. Bu ölkədə ali təhsil alan qadınların hər beşdən biri içki problemləri yaşayır.

Təhsil almayan, yaxud erkən bitirən qadınlarda isə bu problem hər 10-dan birində müşahidə olunur.

Əksinə, kişilərdə isə spirtli içki qəbul olunması ilə onların təhsil səviyyələri arasında heç bir əlaqə mövcud deyil. Alimlərin fikrincə, təhsil alan briitaniyalı qadınlar kişilərlə bərabərləşmək üçün içirlər. Xüsusən, maliyyə sektorunda çalışan qadınlar kişilərə bənzəmək üçün onların zərərli vərdişlərinə meyl edirlər.

Yüksək maaşlı işlər məsuliyyət və depressiya dərəcəsini artırır və sonda içki içməyə sövq edir. Britaniyada bu problem ən çox 45-64 yaşlı qadınlar arasında müşahidə olunur.

Ən populyar içki isə şərabdır. Amma Britaniya ən çox içki içən ölkələr arasında ümumi reytinqdə 11-ci olub.

Ən çox içki içilən ölkələr Estoniya, Avstriya, Fransa, İrlandiya və Çexiya olub.

Alkoqol qadın orqanizminə daha çox zərər yetirir

Alkoqol asılılığı və digər sağlamlıq problemləri kişilərə nisbətən həddindən artıq spirtli içki qəbul edən qadınlarda daha asan inkişaf edir. Alkoqol problemi olan qadınlar kişilərə nisbətən daha gec yaşda spirtli içki qəbul etməyə başlasalar da, daha qısa müddətdə alkoqol aludəçisi olurlar. Alokoqol qəbul edən qadınlarda hansı fəsadlar ortaya çıxa bilər? Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla öz fikirlərini bildirib: “Kişilərə nisbətən alkoqol daha çox qadın orqanizminə zərər yetirir. Nəzərə alsaq ki, qadınlar hamilə qalırlar, südlə uşaq qidalandırırlar və s. alkoqol qəbulu onların orqanizminə daha çox zərərli təsir göstərir və gələcəkdə doğulan uşaqların da taleyində bu öz mənfi təsirini göstərir. Ümumiyyətlə, hesab edirəm ki, alkoqol qəbulu müəyyən dozada ola bilər, yəni insanlar özlərini nəzarət edə bilsələr. Həddən ziyadə alkoqoldan istifadə insanı asılı vəziyyətə salır. Son vaxtlar qadınlarda da bu tendensiyanın artması müşahidə olunur. Təəssüflər olsun ki, bəzən bunun fərqində olmurlar”.

Adil Qeybulla onu da qeyd edib ki, bu cür məsələlərin həlli kütləvi təbliğatdan asılıdır: “Kütləvi informasiya vasitələri ilə bunun zərərli səbəbləri, orqanizmə neqativ təsirləri, gələcək nəslə təsiri barədə təbliğat aparmaq lazımdır. Bu cür məsələlər araşdırılsa, konkret misallarla göstərilsə problem getdikcə həll olunar. Bu məsələnin həlli inzibati yolla deyil, təbliğatdan keçir. Vaxtilə ictimai qınaqlara tuş gələn məsələlər demək olar ki, aradan qalxır. Cəmiyyət, dəyərlər dəyişir, yeni iqtisadi münasibətlər yaradılır. Bütün bunlar təbii ki, ictimai proseslərdə və ictimai münasibətlərdə özünü göstərir”.

Qadın müalicə qrupları

Harvard Tibb Məktəbinin psixologiya professoru Davn Sugarman, alkoqol asılılığı olan qadınların yalnız qadınlardan ibarət müalicə qruplarında daha yaxşı nəticələr əldə etdiyini söyləyib. Bundan əlavə, qadınlara cinsi asılılıq problemləri və onların içki içməsinə səbəb olan motivasiya amilləri haqqında məlumat verilməlidir.

Araşdırmalar göstərir ki, bu motivasiyalar kişilərdən fərqlidir, kişilər sosial təzyiqlə əlaqəli olduğu halda, qadınlar emosional ağrıları aradan qaldırmaq üçün spirtə müraciət edirlər. Qadınların fərqli motivasiyalara görə spirt istifadə etməsi, spirtə qarşı bioloji həssaslıqları və xüsusilə də travma faktorunun asılılıqda əhəmiyyətli olması kimi səbəblər, kişilərdən fərqli ola biləcək qadınların spirtli müalicə ehtiyaclarının araşdırılmasını zəruri edir.

Bu problemin həlli üçün hansı addımlar atıla bilər?

Artıq bir sıra ölkələrdə problemin tədqiqi üçün böyük pullar xərclənir. Belə ki, ABŞ-da alkoqol problemlərini öyrənmək üçün dünyada ən güclü institut fəaliyyət göstərir. Artıq tədqiqatlar aparılıb, proqramlar qəbul edilib. Hazırda Amerikada bütün şərab şüşələrinin etiketində hamilə qadınların siluetinin yer alması məsləhət görülür. Şüşənin üzərindən qırmızı xətlə keçən bu ismarıc dövlətin diqqətini məsələyə yönəltməkdən ötrüdür.

Mütəxəssislər çarəni problemin böyüklüyünü göstərmək üçün sosial reklamların hazırlanmasında görürlər: "Əllərində pivə butulkaları tutan müasir qızlar alkoqolu ziyansız içki kimi qəbul edirlər. Əgər onların hansındansa "gün ərzində nə qədər spirtli içki içirsən" deyə soruşsan, "çox azca" cavabını almaq olar. Ancaq bu "az" birlikdə vahiməli və təhlükəli rəqəmə çevrilir".

İçkinin dinimizdəki yeri

Sağlamlığa zərərli olması ilə yanaşı, dini baxımdan da qadının içki içməsi birmənalı qarşılanır. Amma dozasında içki içmənin günah olmadığını söyləyənlər də az deyil. İçkinin dinimizdəki yeri nədir? Qadının içki içməsi dində necə qarşılanır?

Bir kimsə müsəlman olmasa belə sağlamlığa olan zərərindən ötrü içkidən uzaq durmalıdır! Müsəlman isə sağlamlığa heç zərəri olmasa da tək damcı içməməlidir. Qurani-Kərimdə məalən buyuruldu ki:

“Ey iman edənlər, içki, qumar, bütlər, fal oxları şeytanın nəcis işləridir; bunlardan uzaq dayanın ki, qurtuluşa çatasınız. Şeytan, içki və qumar ilə aranıza düşmənlik və kin soxmaq, sizi Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırmaq istəyər. Artıq hamınız imtina edin!” (Maidə 90,91)

Hədisi-şəriflərdə buyuruldu ki:

“İçkinin haram olduğuna dair qəti hökm endi”. (Müslim)

“İhtimar (spirt olan) etmiş hər içki haramdır” (Əbu Davud)

“Çoxu sərxoş edən içkinin azını da içmək haramdır”. (Nəsai)

“İçkidə dərman xüsusiyyəti yoxdur. Xəstəlik verər”. (Müslim)

“İçki, bütün pisliklərin başıdır”. (Tabərani)

“İçki pislik doğurar”. (Beyhəqı, Rüzeyn)

“İçki hər pisliyin açarıdır”. (İbni Macə)

“İçki ilə iman bir yerdə olmaz, biri digərini uzaqlaşdırar”. (Beyhəki)

“İçki içənin qəlbindən iman nuru çıxar”. (Tabərani)

“Sərxoş Cənnətə girə bilməz”. (Hakim)

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Allah-təala bizə nemətlər göndərib və Qurani-Kərimdə hansı nemətlərin halal, hansılarının haram olduğunu açıq-aşkar bəyan edib. O mayelər ki insanı məst edir və ya o maddələr ki insanı uyuşdurur, onlar islam dinində birmənalı olaraq haramdır. Burada insanın cinsinin fərqi yoxdur. İstər qadının, istərsə də kişinin içki içməsi dinimizdə günah sayılır. İnsanların halal və haramdan istifadəsi eyni dərəcədə qəbul edilir. Yalnız istisna olaraq tibbi sahədə bu cür maddələrdən müəyyən dozada həkimin icazəsi ilə istifadə etmək olar. Allah bizi haramdan uzaq eləsin, halaldan bəhrələnənlərdən etsin!”

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə