Xəzər dənizi niyə geri çəkilir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Xəzər dənizinin səviyyəsində periodik dəyişmələr var". Bu sözləri SİA-ya açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, bu dəyişmələrin əsas səbəbi iqlim amilləridir: "Belə ki, Xəzərə tökülən çaylar iqlim amillərindən asılı olaraq dənizə gah çox, gah da az su gətirirlər.

Son 30 ildə Xəzər dənizinə axan çayların suyu xeyli azalıb. Bu istiqamətdə Volqa, Ural və Kür çaylarını misal göstərə bilərik. Bu azalma nəticəsində Xəzərin səviyyəsi geriyə çəkilir. Amma tamamilə mümkündür ki, səviyyə yenidən artmağa başlasın. Çünki Xəzər dənizinin səviyyəsində olan dəyişmələr periodikdir".

Rövşən Abbasov sözlərinə belə davam edib: "Nəzərinizə çatdırım ki, Xəzərdə ən aşağı səviyyə 1978-ci ildə olub. Sonra səviyyə sürətlə qalxmağa başlayıb və 1995- ci ildə özünün pik həddinə çatıb. Səviyyənin azalması hal-hazırda davam edir. Xarici ölkələrdə aparılan proqnozlar onu göstərir ki, Xəzərin səviyyəsi daha 1, yaxud 2 metr aşağı enə bilər. Lakin onu da qeyd edim ki, Xəzərin səviyyəsinə aid olan proqnozlar heç vaxt özünü doğrultmayıb. Hesab edirəm ki, bu enmə bir müddətdən sonra dayanacaq və tədricən stabilləşmə meydana gələcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə