Kütləvi yayılan virusdan uşaqları necə qorumalıyıq? - MÜTƏXƏSSİS DANIŞDI
“Mövsümü dəyişikliklər, xüsusilə də temperatur dəyişdikdə bir çox insanlarda qripə və viruslara yoluxma halları çoxalır. Buna əsas səbəb isə temperatur dəyişikliyinə uyğun geyim olmamasıdır. Bu zaman immun sistemi zəif olan uşaqlar, istərsə də böyüklər asanlıqla mövsümü qriplərə yoluxur. Eyni zamanda kifayət qədər qida dəyəri yüksək olan, vitamin və minerallarla zəngin olan qidalar qəbul etmədikdə orqanizmin müqaviməti aşağı düşdüyü üçün xəstəliklərlə mübarizə apara bilmir. Belə olan halda virusa yoluxduqda xəstəliyin sağalma müddəti də uzanır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, mövsümü qriplərə yoluxmamaq üçün gün ərzində qəbul edilən qidaların sağlam, keyfiyyətli və yeni bişirilmiş olmasına diqqət edilməlidir: “Axşamdan bişirilib sabah qəbul edilən yeməklərin qida dəyəri aşağı olur və bu qidalar da insan orqanizmində immun sisteminin zəifləməsinə səbəb olur.
Mütləq şəkildə səhər yeməyinə önəm verilməlidir. Səhər qidalanmasına su ilə başlayıb, daha sonra yumurta, pendir, çərəzlərdən istifadə edilməsi tövsiyyə edilir.
Xüsusilə mövsümü meyvə-tərəvzələrdən istifadə edilməlidir. Bu immun sisteminin gücləndirilməsində mühüm rola sahibdir. Uşaqların şəxsi gigiyenasına da diqqət edilməli, evə girdikdə mütləq şəkildə əlləri yuyulmalı, təmizlənməlidir. Çünki əllərdə olan mikroblar da immun sistemini aşağı salır, orqanizmin çökməsinə səbəb olur.
Digər bir məqam isə uşaqların daha çox qapalı yerdə vaxt keçirməsidir. Təbii ki, təmiz hava qəbul edilməməsi, oksigenlə təmasda olmamaq da immun sistemini aşağı salan səbəblər sırasındadır. Mütləq şəkildə uşaqların hər gün açıq havada gəzməsinə imkan yaradılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə