Nikahdankənar münasibətin əziyyətini ən çox KİMLƏR ÇƏKİR? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Son zamanlar Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı artmaqda davam edir. Bu, ilk növbədə, məsuliyyətsizlik nümunəsidir. Azərbaycanda hələ də bir çox insan ailə institutuna qeyri-ciddi yanaşır və ona oyuncaq kimi baxır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, tərəflər münasibətləri rəsmiləşdirmədikdə nikahdankənar uşaqlar dünyaya gəlir: “Bu mənfi tendensiyanın qarşısını almaq üçün mütləq münasibətlər rəsmiləşdirilməlidir. Təəssüf ki, biz mənəvi dəyərlərin aşınmaya məruz qaldığı dövrdə yaşayırıq. Sözsüz ki, bu məsələdə Avropa həyat tərzinin və xarici serialların da danılmaz təsiri var. Amma əsas səbəb tərəflərin məsuliyyətsizliyidir. Nikahdankənar münasibət ən azı tərəflərdən birinin xəyanəti deməkdir. Aydın məsələdir ki, xəyanət edən biri də bunun rəsmiləşməsini arzulamaz. Bu məsələdə ən çox məsuliyyət qadınların üzərinə düşür. Belə ki, qadınlar qarşı tərəflə münasibətlərinin rəsmiləşməsinin qeydinə qalmalıdırlar.
Bir çox kişilər münasibətləri rəsmiləşdirməyə o qədər də maraq göstərmirlər. Çünki rəsmi ailə institutu onların üzərinə bir çox öhdəliklər qoyur. Bəzi kişilər gələcəkdə aliment ödəməmək, ailənin qayğılarını çəkməmək üçün nikahdankənar münasibətə üstünlük verirlər. Nəticədə, nikahdankənar övladlar dünyaya gəlir. Gələcəkdə uşaq böyüyəndə onun qayğıları artır. Bu zaman atası hesab olunan, amma bu, sübut edilə bilməyən zaman həmin şəxs problemləri həll etməkdən yayınır”.
Seymur Verdizadə sözlərinə belə davam edib: “Təəssüf ki, indi bəzi kişilər öz doğma övladlarına baxmırlar. Hansı ki, bu övladlar onların soyadını daşıyır, bir evin içində yaşayırlar və rəsmi nikahdan dünyaya gəliblər. Nikahdankənar münasibətin əziyyətini ən çox qadınlar çəkir. Belə ki, müəyyən müddətdən sonra kişi onları atıb öz əvvəlki həyatına qayıdır və şəxsi problemlərini həll etməklə məşğul olur. Nəticədə, qadın uşaqlarla damın altında tək və köməksiz qalır. Buna görə də qadınlar nikahdankənar münasibətlə mübarizə aparmalı və bu cür həyat tərzindən birmənalı şəkildə imtina etməlidirlər. Əks təqdirdə, yenə nikahdankənar doğulan uşaqların sayı artacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə