"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyevlə Turqay Türker arasında görüş keçirilib - FOTOLAR
Bu gün “Səs” qəzetinin redaksiyasında Səs Media Qrupun rəhbəri Bəhruz Quliyevlə Türkiyə İqtisadiyyat Müxbirləri Dərnəyinin sədri Turqay Türker arasında görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Türkiyə və Azərbaycan arasında mədəni, sosial, ictimai və iqtisadi sahələrdə əməkdaşlığın artırılması, hər iki xalq arasında dostluq əlaqələrinə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Bəhruz Quliyev qonağı salamlayıb, onu redaksiyamızda görməkdən məmnun olduğunu bildirib.
Daha sonra Turqay Türkər qeyd edib ki, Azərbaycana dəfələrlə səfər edib: "Türkiyədə çox sayda azərbaycanlı jurnalist var. Biz onlarla bütün çətinlikləri bərabər yaşadıq. Ortada inanılmaz bir Azərbaycan-Türkiyə qardaşlığı var. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Mən bunu, Ulu Öndər Heydər Əliyevin nitqindən də eşitmişəm ki, "Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir". Artıq biz "Bir millət və bir dövlətik".
Azərbaycanın dik duruşu, heç kimə baş əyməməsi ölkənizin taleyini dəyişdi. Xüsusilə Qarabağ savaşında Azərbaycanın uğurlu olması Türkiyədə də sevinclə qarşılandı. Bu mənim üçün də çox dəyərlidir. Arzumuz odur ki, Qarabağ erməni separatçılarından tamamilə təmizlənsin".
Turqay Türkər dərnək barədə söhbət açaraq bildirib ki, Türkiyə İqtisadiyyat Müxbirləri Dərnəyi Ankarada 50 il əvvəl qurulub: "Bu iqtisadiyyat sahəsində çalışan bütün jurnalistlərin toplaşdığı bir təşkilatdır. Burada iqtisadi sahədə müxbirlərin bilməsi lazım olan bütün məlumatlar onlara izah edilir".
Bəhruz Quliyev isə qeyd edib ki, Türkiyə ilə münaisbətlərimiz yalnız mətbuat sahəsində deyil, bütün sahələrdədir: "Bu da iki xalq arasında qardaşlıq və dostluq əlaqələrinin daha da genişlənməsi üçün lazımdır. Biz bir millətik. Bizim tarixi bağımız, mədəniyyət və din birliyimiz var. Türkiyə Azərbaycan qardaşlığı təkcə dövlət səviyyəsində deyil, eyni zamanda xalqlarımız səviyyəsindədir. Bu gün bu dostluq özünü dövlətin strateji planlarında göstərir. Bütün iqtisadi, siyasi və sosial məsələlərdə Türkiyə-Azərbaycan vahid nöqtədə birləşib. Ona görə də Qarabağ məsələsinin həllində Türkiyə siyasi, diplomatik və hərbi sahədə Azərbaycanın yanında oldu. Bu hadisələr bizi daha da yaxınlaşdırdı".
Bəhruz Quliyev əlavə edib ki, bizim ortaq dəyərləri mənimsəmiş və onu gələcək nəsillərə ötürəcək jurnalistlərə ehtiyacımız var: "Ümid edirəm ki, ortaq dəyərlərimiz yazılarımızda da özünü göstərəcək. Bir daha xoş gəlmisiniz. Unutmayın ki, bura sizin də media orqanınızdır".
Sonda isə xatirə fotosu çəkilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB