"Jurnalistlər bəd xəbər və dezinformasiyaları yaymağa tələsməsinlər" - RƏŞAD MƏCİD
"Azərbaycan Mətbuat Şurasının etik davranış kodeksində jurnalistin dezinformasiya yayması barədə olan məsələlər tənzimlənir və biz tez-tez Azərbaycan jurnalistlərinə bununla bağlı müraciət edirik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Onun sözlərinə görə, peşəkar jurnalistikamızda belə dezinformasiyaların yayılmasına az rast gəlinir: "Amma indi sosial media istifadəçiləri də məsuliyyət olmur. Onlar bu tip şayiələri dəqiqləşdirmədən yayırlar. Çox təəssüflər olsun ki, bəzi mətbuat orqanları da istinad kimi sosial şəbəkədə yayılanlan məlumatlara önəm verirlər. Biz bunların qətiyyətlə əleyhinəyik. Tez-tez sosial şəbəkə istifadəçilərinə bu barədə müraciət edirik".
Rəşad Məcid sözlərinə belə davam edib: "Yadımdadır ki, vaxtilə cənab Prezidentin yanında çıxış edərkən demişdim ki, "Bizim bəzi yeni saytlar bəd xəbərləri tez yaymağa çalışırlar". Bu yaxınlarda bir şairin vəfatı barədə məlumat yaymışdılar. Aradan iki il keçib və şair sağ-salamatdır. Ona görə tövsiyə edirəm ki, belə bəd xəbər və dezinformasiyaları yaymağa tələsməsinlər. Bu, heç bir mətbuat orqanına başucalığı gətirmir. Əksinə, etibarını itirir.
Bilirsiniz ki, bu günlərdə millət vəkili Qənirə xanım Paşayevanın səhhətində problemlər yaranıb. Biz hamımız onun üçün dua edir və arzu edirik ki, tez sağalsın. Qənirə xanım tanrının lütfü, onun heyranlarının duası, həkimlərin fədakarlığı dövlətimizin diqqəti və Qənirə xanımın öz iradəsi sayəsində bu vəziyyətdən çıxsın. Allah onun köməyi olsun. Allah jurnalistlərimizə obyektivlik nəsib etsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB