Qızılağac Milli Parkında “Flaminqo festivalı”na hazırlıq görülür
Xüsusi Mühafizə Olunan Təbiət Əraziəri
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yaradılmışdır. Bu ilin sentyabr ayının 26-sında Milli Parkın 5-ili tamam olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, ölkəmizdə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə edilməsi və ekoturizmin inkişafına diqqət Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasətindən irəli gəlib. Prezident İlham Əliyev isə bu siyasəti layiqincə davam etdirir. Cənab Prezidentin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli sərəncamı ilə Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılan Qızılağac Milli Parkı dediklərimizə daha bir sübutdur. Bu il Milli Parkın yaradılmasının 5 ili tamam olur. Bu münasibətlə Qızılağac Milli Parkında “Flaminqo festivalı” adlı tədbirin keçirilməsi planlaşdırılıb. Tədbirin Flaminqo quşunun adı ilə bağlanması heç də təsadüfi deyil. Məlum olduğu kimi Qızılağac Milli Parkı əsasən nadir quşların məskəni sayılır. Flaminqo bu yerin daimi sakinidir.
Tədbir dövlət rəsmləri, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələrinin və məktəblilərin iştirakı ilə Milli Parkın ərazisində baş tutacaq... Bundan əsas məqsəd Qızılağac Milli Parkının fəaliyyətini, həmçinin digər milli parkların təbliği istiqamətində görülən işləri, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməkdir... Təbii sərvətləri, iqlim şəraiti ilə diqqət çəkən Azərbaycan ərazisində Qızılağac qoruğu özünəməxsus və bənzərsiz məkandır. Bu yerlərin iqlimi, sularının hərarəti, il boyu həlimliyi, müxtəlif növ heyvanların, quşların, sürünənlərin və başqa canlı aləmin yaşaması, nəsil verməsi,inkişafı üçün hərtərəfli, geniş imkanlara malikdir. Tarix boyu gah kiçilən, gah böyüyən Xəzər, istiqamətini dəyişən Kür, Araz, Talış dağlarından axan çaylar, Muğandan yön alan axarlar Xəzərin Cənub-qərbində Qızılağac körfəzini formalaşdırmışdır. Qərbdən quru, Cənubdan nəmişli subtropik, Şimaldan mülayim, Şərqdən səhra iqlimi ilə əhatə olunan Qızılağac körfəzinin ətrafında çəmənliklər, qamışlıqlar, çay vadiləri vardır. Qızılağac körfəzi lap qədimdən iki əsas cəhətə görə diqqəti cəlb etmişdir.
Əlbəttə, onun balıq ehtiyatı ilk şərt sayılmışdır, ikincisi isə köçəri və yerli su, bataqlıq quşlarının məskəni olmasıdır. Qızılağac körfəzinə Avropanın Şimalından, Qərbi Sibirdən,Uraldan, Qazaxıstandan, Karsk və Ağ dəniz sahillərindən, Peçora, Ob çayları hövzələrindən, Baykal gölündən, Uzaq Şərqdən, Yaponiya, Skandinaviya ölkələrindən quşlar gəlir. Uzun illər boyu Qızılağac körfəzi ona qonşu göl, bataqlıqları ilə birlikdə “Quşlar diyarı” kimi təbiətşünasların, səyyahların, nəhayət ornitoloq-zooloqların diqqətini cəlb etmişdir. Məhz bu səbəbdən, hələ 1913-cü ildə, Tbilisidə keçirilən naturalistlərin, tibb işçilərinin 13-cü qurultayında Azərbaycan sularında qışlayan quşların mühafizəsini təşkil etmək məsələsi müzakirə olunmuşdur. Bu məqsədlə Şirvanda, Muğanda, Lənkəranda, Qızılağac körfəzi və başqa sahələrdə quşların qorunması üçün rəsmi qoruq-yasaqlıqların yaradılması təşəbbüsü irəli sürülmüşdür. A.N. Karamzinin təklifinə əsasən həmin qurultayın zoolgiya bölməsinin sədri K.A.Satunin 1914-cü ildə Kür, Ağquşa, Qumbaşı çaylarının mənsəbini, Qızılağac körfəzini qoruq elan etməyi məsləhət gördü. Lakin, verilən təkliflərin heç biri həyata keçirilmədi. Mütəxəssis-alimlər öz istəklərinə ancaq 14 ildən sonra nail oldular: Qızılağac körfəzi 1926-cı ildə yasaqlığa, 1929-cu ildə isə qoruq statusu aldı.
Qızılağac qoruğunun ümumi sahəsi 88360 ha-dır. Yaranma tarixinə görə üçüncü sayılan Qızılağac qoruğu Azərbaycan ərazisində yaradılan qoruqların ən böyüyüdür. Qoruğun sahəsi təbii landşaft baxımından rəngarəng və müxtəlifdir.Onun sahəsinin 58.4 %-i su akvatoriyası, 20.3%-i cəngəllik, 21.3%-i isə quru düzənliklərdir. Məhz qoruq ərazisinin bu keyfiyyəti burada su, bataqlıq, quru mühitə alışan müvafiq heyvan və quş növlərinin məskunlaşmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yaradılmışdır.

Tarix boyu doğma Azərbaycanda Cənub regionunun mədəniyyət və iqtisadi zona mərkəzi kimi tanınan Lənkəran həm də iki nadir təbiət incisinə malikdir. Bu incilər Hirkan Milli Parkı və Qızılağac Milli Parkıdır. Hər ikisi flora və fauna baxımından bir-birindən fərqlənsə də, ümumilikdə bu yerin bənzərsiz təbiətini, müxtəlif təbii sərvətlərini nümayiş etdirir. Əgər Hirkan nadir ağacların, bitkilərin məskənidirsə, Qızılağac nadir çöl quşlarının, heyvanların məkanıdır. Ancaq biz gənc milli park kimi Qızılağacın tarixinə nəzər salacaq, xüsusi mühafizə olunan bu təbiət ərazisinin əsasının nə vaxt qoyulduğunu araşdıracağıq.
Rus çarı Birinci Pyotr Strateji coğrafi mövqeyinə görə Qızılağac körfəzini öyrənməyi əmr etmiş və 1726-cı ildə körfəzin ilk ətraflı xəritəsi hazırlanmışdır.
Xəzərin elmi əsaslarla öyrənilməsi XVIII əsrin əvvəllərində I Pyotrun xüsusi tapşırığına əsasən aparılmışdır. 1730-1921-ci illəri əhatə edən müddətdə müxtəlif alimlərin (Aleksandr Bekoviç-Çerkasskin, Saymonov, Tokmaçev, Qmelin, Voynoviç, Eyxvald, Karelin, Knipoviç) rəhbərliyi ilə ardıcıl ekspedisiyalar həyata keçirilmişdir. İstər sülhməramlı gəliş-gediş, istərsə də qəsbkarlıq məqsədilə ilə təcavüz zamanı Xəzərlə hərəkət edən bütün gəmilərin daldalanmaq, qorunmaq, şirin su və ərzaq ehtiyatı götürmək üçün ən əlverişli məkan kimi Qızılağac körfəzi daim diqqət cəlb etmişdir.
Qızılağac körfəzinin hər cəhətdən əlverişli mövqeyini dərk edən I Pyotr 1722-ci ildə İrana yürüş zamanı bu körfəzin öyrənilməsini əmr etmişdir. 1726-cı ildə Qızılağac körfəzinin ilk müfəssəl xəritəsi hazırlanmışdır. Körfəzin geoloji tarixi Xəzər-Aral çökəkliyində baş vermiş tektonik prosesləri əhatə edir və formalaşmasında ərazidə olan çayların gətirdikləri çöküntülər mühüm rol oynamışdır. XVIII əsrin sonunda Ağçala və Mahmudçala göllərinə qədər uzanan, Xəzərlə əlaqəsi olan dərin və geniş körfəz inkişaf etmişdir. Hazırda körfəzi Xəzərdən ayıran Kürdilinin intensiv inkişafı Kürün gətirdiyi külli miqdarda (hər il 20 milyon tona qədər) asılı materialların toplanması sayəsində mümkün olmuşdur.
Qızılağac körfəzinin dəyişməsi indiki dövrdə də davam edir. Belə ki, XX yüzilliyin əvvəlində Xəzərin səviyyəsinin aşağı düşməsi sayəsində körfəzin sahəsi, dərinliyi, sututumu dəyişmiş, Viləşçay, Qumbaşı çaylarının suyundan suvarmada istifadə edilməsi, Ağuşa çayı ilə əlaqənin kəsilməsi və s. səbəblərə görə körfəzin görkəmi, duz, qaz rejimi, fauna və florasının kəmiyyət-keyfiyyətcə inkişafı tamamilə yeni istiqamətə yönəlmişdir. 1928-1978-ci illərdə su səviyyəsinin aşağı düşməsi körfəzdə yeni hidroloji rejim yaratdığı halda, son 30 ildə su səviyyəsinin yüksəlməsi dövrü başlamışdır.
Qızılağac Dövlət Təbiət Qoruğu 03 iyul 1929-cu il tarixində Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Ərazisi 88 360 ha-dır. Qoruqla yanaşı 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur.
Ərazidə əsasən yayı quraq keçən mülayim – isti yarımsəhra və quru bozqır, qismən də(cənub hissəsi) yayı quraq keçən mülayim – isti iqlim tipləri hakimdir. Bu iqlim tipləri çox az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsi ilə səciyyələnir. Havanın isti illik temperaturu 14,4° -dir. Qışı mülayim keçir, ən soyuq ayın orta tempaturu 3,2°, ən isti ayın orta temperaturu isə 25,5° olur.

Qoruğun ərazisində su – bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılmışdır.
Böyük Qızılağac körfəzinin dərin sulu hissələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy – yaşıl yosunlar geniş sahələri əhatə edir.
Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdi.
Burada qamış, dəniz lığvari, ciyən və s. bitkiləri bitir.
Böyük və Kiçik Qızılağac körfəzlərində siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıq növləri vardır.
Qızılağac Dövlət Təbiət Qoruğuna hər il yazda yuva qurmaq üçün şərq ölkələrindən qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, misir vağlar və s. uçub gəlir. Burada turac, soltan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları və s. məskunlaşmışdır.
Ərazidə məskunlaşmış quş növlərindən 20–yə qədərinin adı (qıvrımlələk qultan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan cüllüt) Azərbaycan Respublikasının “Qırmızı Kitab” ına daxil edilmişdir.
Qızılağac Dövlət Təbiət Qoruğunda suda–quruda yaşayanlardan müxtəlif növ qurbağalar yaşayır. Sürunənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir.
Burada məməlilərin də bir çox növlərinə təsadüf edilir. Ərazidə canavar, tülkü, çaqqal, çöl donuzu, qunduz, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır.
Qoruğun təbiətinin rəngarəngliyi, bitki və əsasən də heyvanat aləminin zənginliyi, əraziyə çox sayda yerli və xarici turistlərin gəlişini nəzərə alaraq, Qızılağac Dövlət Təbiət Qoruğu, Qızılağac Dövlət Təbiət Yasaqlığının və ona bitişik ərazilərin sahəsi genişləndirilərək hesabına, 100000 hektar ərazidə Azərbaycanda yeganə dənizkənarı milli park yaradılıb.
Araşdırmalar göstərir ki, hələ XX əsrin əvvələrində Azərbaycanın ərazisində Xəzər dənizinin sahil boyu su-bataqlıq quşlarının Cənub istiqamətində miqrasiyası müəyyən edilib. Öyrənilib ki, Qızılağac körfəzi miqrasiya edən quşların qışlaması üçün əlverişlidir. O vaxtdan da həmin ərazinin qorunması zərurəti yaranıb. 1913-1914-cü illərdən başlayaraq Qızılağac körfəzi xüsusi ərazi kimi mühafizə olunmağa başlayıb. 1926-cı ildə Qızılağac körfəzinə yasaqlıq statusu verilib və həmin ərazidə ovçuluğa qadağa qoyulub. 1929-cu ildə Qızılağac körfəzinə keçirilən yasaqlıq statusu yenidən dəyişdirilib. Keçmiş SSRİ Xalq Komissarları Sovetinin 3 iyun 337 saylı qərarı ilə Qızılağac körfəzi Xəzər dənizinin ətraf sahil zolağı ilə birlikdə qoruq elan edilib. Beləliklə, qoruğun ərazisində hər cür təsərrüfat fəaliyyətinə qadağalar qoyulub. Belə ki, əvvəl burada flora və faunanın qorunmasına diqqət yetirilib. Sonradan isə qoruqda elmi-tədqiqat işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə qoruğa dünyanın tanınmış alimləri, eləcə də orintoloqlar, ixtioloqlar və hidroloqlar dəvət olunublar.

Xəzər dənizinin cənub-qərbində yerləşən Qızılağac qoruğunun ərazisi 88 min 400 hektar olub. Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edib. Eyni zamanda qoruğun ərazisi Lənkəran, Masallı, Neftçala rayonları ilə həmsərhəddir.
Qeyd edək ki, Qızılağac Dövlət Təbiət qoruğu köçəri, su-bataqlıq və çöl quşlarının çoxaldılması, həmçinin təbii su-bataqlıq landşaft sahələrinin mühafizəsi məqsədilə yaradılıb. 1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”-nın (Ramsar) suətrafı və suda üzən quşların məskunlaşması üzrə 12 Beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib.
Müxtəlif təbii landşaft sahələrindən ibarət olan Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin 61,9 min hektarını su akvatoriyası, 17,9 min hektarını cəngəlliklər, 26,3 min hektarını isə quru sahələr təşkil edir.
Florası 370 növ, 4 az yayılmış növ, həmçinin Qafqazın 3 endemik növü, hibrid-qovağı, qrosheym zəncirotu və sapa oxşar bağa yarpağından ibarətdir. Qoruğun zəngin təbii landşaftı və iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən quşların buraya gəlməsinə səbəb olub.
1 saylı Regional ETSİ-nin rəisi Ceyhun Hüseynov söhbət zamanı dedi: - Haqlı olaraq, ekoloji maarifləndirmə Ekologiya və Təbii Sərvətlər Nazirliyində əsas prioritet istiqamət kimi daim önə çəkilir. Təbii ki, bu da zamanın tələbidir.
Biz Nazirliyin Cənubda yerləşən subyektlərinə təkcə nəzarət funksiyasını yerinə yetirməklə öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda ekoloji biliklərin təbliği istiqamətində tədbirlər həyata keçiririk. İdarəmizin əməkdaşları mütəmadi olaraq müəssisələrdə, o cümlədən Qızılağac Milli Parkında məktəblilərin, geniş əhali kütləsinin iştirakı ilə ekoloji mövzuda mühazirələr oxuyur, tədbirlər keçirirlər. Milli Parkda keçiriləcək “Flaminqo festivalı” na ciddi hazırlaşırıq. Parkın yaradılmasının 5 illiyinə həsr olunan bu tədbirdə bir daha ekoloji biliklər təbliğ olunacaq, ərazidə geniş abadlıq işləri görüləcək, müxtəlif ağaclar əkiləcək, mövcud yaşıllıqlara aqrotexniki qaydada xidmət göstəriləcək...
Məlum olduğu kimi, möhtərəm Prezidentimizin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Təbii ki, Parkda da bununla əlaqədar mütəmadi tədbirlər keçirilir. Parkın direktoru Aqil Sucayev isə məhz Ulu öndərin 100 illiyinə həsr olunan tədbirlərdən söhbət açdı: - Kollektivimiz dahi rəhbərin 100 illik yubileyini yeni töhfələrlə qarşılayıb. Bu münasibətlə keçirilən ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Həmin gün yüzlərlə ağac əkilib, yaşıllıqlara qulluq edilib. Həmçinin İDEA İctimai Birliyin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə ərazidə yeni yaşıllıq salınıb.. İndi biz parkımızın yaradılmasının 5 illiyinə həsr olunan “Flaminqo” festivalına hərtərəfli hazırlıq görürük. Republikanın ekoloji həyatında yeganə mühüm hadisə kimi tarixə düşəcək bu tədbirdə rəsmi qonaqlar, içtimaiyyətin nümayəndləri, Lənkəran Dövlət Universitetinin professor müəllim heyəti, ümumtəhsil məktəblərinin şagirdləri iştirak edəcəklər. Eyni zamanda Parkın yaradılmasından ötən hər ildə ərazidə simvolik olaraq bir ağac əkmişik. Parkın yaranmasının 5 illiyi münasibətilə tədbir günü 5-ci ağac əkiləcək. Festival iştirakçıları körfəzdə gəmi gəzintisinə çıxacaq, ərazidə respublikadakı milli parkların stendləri, rayon mədəniyyət idarəsi tərəfindən təşkil edilən əl işləri sənətkarlıq və folklor musiqi nümunələri ilə tanış olacaq, suya müxtəlif balıqların buraxılışını və turacların uçuşunu seyr edəcək, fotozonalarda xatirə şəkilləri çəkəcəklər. Ekoviktorinada isə hər milli parkın adından bir komanda iştirak edəcək. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. “İlin ən yaxşı Milli Parkı direktoru” nominasiyası da qonaqların marağına səbəb olacaq. Təbii ki, qalib həm də təltif olunacaq.
Festivalın proqramında nəzərdə tutulan bütün tədbirlər böyük ölçülü led monitorda nümayiş etdiriləcək...
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkının yaradılmasında əsas məqsəd ərazidə flora və fauna növlərinin qorunub saxlanması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqlərin həyata keçirilməsi, eləcə də elmi tədqiqatlar, turizm və istirahət üçün əlverişli şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkil edilməsindən ibarət idi. Cənab Prezidentin sərəncamı ilə qoruğun mövcud ərazisi genişləndirilərək 99060 hektara çatdırıldı. İndi respublika parkları sırasında gənc park kimi qərarlaşan bu xüsusi mühafizə olunan təbiət ərazisi getdikcə böyüyür və coğrafi hüdudlarını genişləndirir. Nəinki Azərbaycan təbiətinin, bütövlükdə bütün dünyanın ən nadir flora və faunasını öz qoynunda qoruyur, gələcək nəsillərə əmanət saxlayır. Park çox əsrarəngiz ekoturizm məkanına çevrilib. İlin bütün fəsillərində turistləri də, dünyanın hər yerindən uçub gələn, eləcə də vaxtilə küsüb gedən, indi isə qayıdan quşları da qəbul etməyə, onlara qucaq açmağa hazırdır.
Bəli, Qızılağac təbiət ərazisi artıq 5 ildir ki, respublika milli parkları ailəsinə daxil olub. Bu müddətdə ərazidə həm geniş abadlıq, yaşıllaşdırma işləri görülməklə bərabər, parkın ekoloji mühiti nəinki qorunub, daha da zənginləşdirilib. Ekoturizmin inkişafı üçün yeni imkanlar açılıb. İndi Qızılağac parkı müxtəlif ekoloji tədbirlərin ünvanına çevrilib. Qarşıdakı “Flaminqo festivalı” isə milli parkın 5 illiyinə həsr olunub. Bu tədbir təbii ki, Qızılağac Milli Parkının zəngin təbii resurslarına, biomüxtəlifliyinə, heyvanat və bitki örtüyünə daha bir ictimai baxış olacaq, əsrarəngiz Cənub təbiəti barədə yeni ekoloji təsəvvür və xoş təəssüratlarla yadda qalacaqdır...
Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-ekoloq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB