Efirdə ləhcə ilə danışanların aqibəti necə olacaq? - ARAŞDIRMA

Efirdə ləhcə ilə danışanların aqibəti necə olacaq? - ARAŞDIRMA

Tez-tez televiziyada və müxtəlif internet kanallarında müğənnilərin, aparıcıların, ekspertlərin və s. bir sıra şəxslərin ləhcə ilə danışdıqlarının şahidi oluruq. Mövzuya başlamazdan öncə xatırlayaq ki, televiziya ən vacib kütləvi ünsiyyət vasitələrindən biridir. O həmişə auditoriyaya müraciət edir, dinləyicilərin ağlına, iradəsinə və hərəkətlərinə təsir göstərməyə çalışır. Bəs, sıx-sıx ekran qarşısında olan televiziya işçisinin, yaxud məmurun, ekspertin, psixoloqun ləhcə ilə danışması nə dərəcədə düzgündür?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk olaraq qeyd edək ki, mütəxəssislər ictimai nüfuzlu, vəzifəli şəxslər, məmurlar, aparıcılar, yazıçı və ziyalılar, müəllimlərin ictimaiyyətdə, xüsusən də televiziya ekranlarında ləhcə ilə danışmamalı olduğunu qeyd edir. Hətta dünyanın bir çox ölkələrində ləhcə ilə danışan müəllimlərin auditoriyaya daxil olmasına icazə verilmir.

Gəlin etiraf edək ki, bəzi televiziya kanallarında aparıcıların və diktorların nitqində ciddi dil və nitq qüsurları müşahidə edilir. Bildirək ki, əksər inkişaf etmiş ölkələrdə media və reklam sahəsində ləhcə ilə danışanlar barəsində də cərimələr mövcuddur.

Hətta bir sıra müğənnilər var ki, mahnıları da ləhcə ilə oxuyur. Bəs, tamaşaçılar bu barədə nə düşünür? Bir sıra şəxslər fikirləşir ki, hər müğənninin öz üslübü var və təki fərqlilik olsun. Bəziləri də deyir ki, ləhcə ilə oxuyan və danışan müğənniləri köhnə nəsil daha çox sevir. Müşahidələr də göstərir ki, yeni nəsil onları qınayır, məsxərəyə qoyur və sanki ləhcə ilə danışan hər bir insana “geridəqalmış”, “savadsız”, “heç nə haqqında məlumatı olmayan”, “avam”, yəni gənclərin dili ilə desək “qıjı” kimi baxır. Qeyd edək ki, son vaxtlar qıjı termini (bu, botanika elmində bir bitkinin adıdır) ölkəmizdə, xüsusilə də bəzi müasir gənclərin arasında getdikcə daha çox populyarlaşır. Aparılmış araşdırmalara əsasən, bir çox insanlar hesab edirlər ki, “qıjı” sözü “çuşka” yaxud da “kənddən gəlmiş” sözlərinin sinonimidir. Bir sıra kütlə də deyir ki, “Ləhcə ilə danışırlarsa, özləri bilər. Bu onların ləhcəsidir və qınamaq olmaz. Onlar bunu bilərək və istəyərək etmir ki?!”.

Bəs, gözəl nitqə sahib olmaq üçün nələr etməliyik?

Səlis nitq insanın planlı olub-olmamasından asılı olmayaraq insanlarla effektiv ünsiyyət qura bilməsidir. Duyğularınızı düzgün ifadə etmək, istək və düşüncələrinizi dəqiq və effektiv şəkildə çatdırmaq səlis nitqdir. Yaxşı danışmaq üçün təkcə ağız deyil, onlarla orqan eyni anda koordinasiyalı şəkildə işləməlidir.

Həm zehnimiz, həm də ağzımız işlədiyi halda, ifadələrimizi düzgün və başa düşülən etmək üçün əllərimiz, qollarımız və üz ifadələrimizlə də danışmalıyıq. Təbii ki, bütün bunları etmək üçün istedad və əmək tələb olunur. Natiqlik kursu bu nöqtədə bütün problemləri həll edir. Yaxşı nitq həmsöhbətdən asılı olaraq dəyişir. Nəyi, necə, kimə, harada və nə zaman deyəcəyini bilmək yaxşı danışmağın vacib hissəsidir.

Səlis nitq qaydaları

- Həmsöhbətinizlə daim göz təması saxlayın. Bir qrup insana müraciət edirsinizsə, baxışlarınızı qrup arasında bərabər paylayın. Heç kimə birbaşa baxmayın.

- Üz ifadəniz danışdığınız mövzudan asılı olaraq dəyişməlidir. Əgər siz maraq doğuran bir hadisədən danışırsınızsa, elə həmin an maraqlı görünün. Əgər qərarlısınızsa, səs tonunuzu kəskin və aydın saxlayın.

- Bir sözlə, gözəl və təsirli çıxış üçün hazırkı əhvalınızı həm sözlərinizlə, həm də bədən dilinizlə əks etdirin.

- Dinləmək lazım olanda qulaq asın. Əgər siz dayanmadan danışırsınızsa, qarşınızdakı insan sıxıla, yaxud da sizin çox eqoist olduğunuzu düşünə bilər.

- Özünüzü tərifləməyin. Heç buna işarə də etməyin. Ağıllı insanlar insanların nitqindəki alt mətnləri və gizli eqoist ifadələri başa düşə bilirlər.

- Lazımsız yerə danışmayın və lazımsız zarafatlar etməyin. İnsanları güldürmək üçün səy göstərməyin.

- Məsləhət verməyin. Xəbərdarlıq etməyin.

- Sözlərinizdə diqqətli olun. Sözləri düzgün səslərlə tələffüz edin, fasilələrə diqqət yetirin.

- Səs tonu şəxsiyyətinizin ifadəsidir. Səs tonunuzdan yaxşı istifadə edin. Aydın, dəqiq və cəlbedici danışın.

- Dialektlərdən və vurğulardan istifadə etməyin.

- Jestlərdən və mimikalardan istifadə edin. Ancaq bunu şişirtməyin. Çünki bunlardan çox istifadə etməyiniz özünüzü yaxşı ifadə etdiyiniz demək deyil.

- Əgər təqdimat edəcəksinizsə, mövzu ilə tanış olsanız belə, ilkin hazırlıqları mütləq edin. Çünki natiqlikdə hər şeyi yaxşı bilsən belə, hər şey bir anda dəyişə bilər. Balansınızı itirə bilərsiniz. Kiminsə baxışları sizi narahat edə bilər. Bir kəkələmənin ardınca onlarla başqa kəkələmələr gələ bilər. Bu kimi hallarla qarşılaşma riskini azaltmaq üçün yaxşı hazır olun.

- Danışarkən doğru olanı sərt olmadan, aydın, qısa və başa düşülən cümlələrlə ifadə edin. Dürüst olun və insanların gözünün içinə bax.

- Lazımsız detallara girməyin.

- Aydın ifadələrdən istifadə edin.

- Yerində suallar verin.

- Etiraz etmək lazımdırsa, bunu qəzəblənmədən və ya digər insanı qəzəbləndirmədən edin.

- Başqalarının sözünü kəsməyin. Onları dinləyərkən onlara dəyər verdiyinizi göstərin, yaxınlaşın və deyilənləri üz ifadələrinizlə təsdiqləyin.

- Nə edirsinizsə, onu çox yaxşı edin və müxtəlif sahələrdə özünüzü daim təkmilləşdirin.

- Çox zarafat etməyin.

- Kiminlə danışmağınızdan asılı olmayaraq kobud və ya jarqon sözlərdən istifadə etməyin.

Səlis danışıq metodları

- Hər sahədə özünüzü təkmilləşdirməyə çalışın.

- Çıxış etməzdən əvvəl hazırlaşın.

- Danışarkən sözləri udmayın.

- Pauzalar, stress və səs tonu kimi amillərə diqqət yetirin.

- Mövzudan kənara çıxmayın.

- Səliqəli danışın.

- Gözləriniz və bədən dilindən istifadə etdiyinizə əmin olun.

- Dəqiq məlumatdan istifadə edin. Boş-boş danışmayın, sübut tələb edən və sübutunuz olmayan açıqlamalar verməyin.

- Dinləyiciləri cəlb edin. Tamaşaçıların diqqətini cəlb etmək üçün onlara onların xoşuna gələcək və ya onların marağına səbəb olacaq şeyləri söyləmək lazımdır.

- Yaxşı və təsirli nitq müəyyən məqsəd üçün edilməlidir. Beləliklə, söhbətin real məqsədi olmalıdır.

SİA mövzu ilə bağlı 311 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel İbrahimovanın fikirlərini öyrənib: “Çox önəmli və həyəcan təbili çalınmalı mövzuya toxundunuz. Dünyanın zəngin və bəlağətli dilinə malik bir xalqın əksər KİV nümayəndələri bu gün bu dilin rəngarəngliyinə xələl gətirərək bütün normaları pozur. Sözçülük, təfəkkür sönüklüyü, dialektizmə meyil, alınma sözlərə aludəçilik, orfoepik və leksik normaların gözlənilməməsinin şahidi oluruq. Düzgün tələffüz qaydalarını gözləməyən, sözlərin leksik mənalarını dəqiq bilməyən, üslubi imkanlardan lazımi qədər istifadə edə bilməyən bir aparıcı onu dinləyən böyük bir kütləni yanlış istiqamətə yönəldir.

Publisistik üslubun daha çox inkişafda olduğunu nəzərə alsaq, KİV nümayəndələri diqqətli davranmalıdırlar. Ekranlarda nümayiş olunan bayağı verilişlər və orada istifadə olunan yersiz ifadələr KİV fəaliyyətinin düzgün qurulmamağından xəbər verir. Bu gün ailə və məktəbdən daha çox radio və televiziya, internet portallar cəmiyyətə təsir etdiyindən həmin sahədəki çatışmazlıqlar daha çox diqqət mərkəzində saxlanmalıdır. KİV-ə nəzarət edən qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır.

Dünya təcrübəsinə istinad edərək aparıcıların diksiyaları, aksenti və dil bilik səviyyələri daha dərin təhlil edilməlidir. Azərbaycan dili bizim varlıq səbəbimiz olduğundan ona hörmətlə yanaşılmalı, mətnlər dilçilərin qələmindən çıxmalıdır. Dil bizim yalnız ünsiyyət vasitəmiz deyil, o həm də dünyagörüşümüz, savadımız, həyata baxışımızın əksidir. Buna görə də istər ekranlarda, istər radioda, istər qəzet və jurnallarda, istər cəmiyyətdə ünsiyyət zamanı milli dəyərlərimizi, mədəniyyətimizi, dilimizin zənginliyi və qüdrətini itirməməliyik”.

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub isə fikirlərini bu cür ifadə edib: "Hər bir xalqın dili qorunmalıdır. Ümumiyyətlə, dili qorumaq və onu səlis danışmaq özü bir mədəniyyətdir. Bunu anlamaq lazımdır.

Təəssüflər olsun ki, Azərbaycanda bəzi insanlar bunu anlamır. Dili pozmaq dilə və mədəniyyətə qarşı həqarətdir. Çünki dil bir xalqın mədəniyyətinin əsas sütun və komponentlərindən biridir.

Dil çox vacib faktdır. Amma dili bərbad hala salan efir aparıcıları var. Bəs, bu hallara yol verməmək üçün nə etməliyik? Kitab oxumaq, dili təbliğ etmək, yaxşı yazılar paylaşmaq, yaxşı yazarlara qiymət vermək və səlis danışanlara efirdə yer ayırmaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə