İtən əşya tapmışıqsa, qanunla bunu nə etməliyik? - AYDINLIQ GƏTİRİLDİ

İtən əşya tapmışıqsa, qanunla bunu nə etməliyik? - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsinə görə, əşyanı tapan şəxs Daxili İşlər Nazirliyinin tabeliyində olan Tapıntılar Bürosuna məlumat verməli, ya da tapılan əşyanı birbaşa gətirərək həmin orqana təhvil verməlidir. Bu, əslində, yaxşı bir sistemdir. Çünki kiçik və böyüklüyündən asılı olmayaraq, həm maddi, həm mənəvi mənada itki çox ağır şeydir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, tapılmış əşyalar və sənədlər burada bir ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə, onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir: “Ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və s. şəxsi sənədlər də bir ay müddətində saxlanılır.

Bu müddətdə sahibi müraciət etmədikdə, ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, diplomlar və digər sənədlər (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və s.) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də digər müvafiq təşkilatlara göndərilir.

Qızıl dəfinə: Ancaq qanunvericiliyə əsasən tapılmış dəfinə onu tapan şəxs ilə dəfinənin gizlədildiyi torpağın və ya tikilinin mülkiyyətçisi arasında bərabər bölünür.

Tapan şəxs ilə mülkiyyətçi başqa cür razılığa da gələ bilərlər. Bəzi hallarda isə insanlar müəyyən yerlərdə gizlədilmiş qiymətli əşyaların axtarışına çıxırlar. Belə olan halda dəfinəni axtaran şəxs axtarış aparılan yerin mülkiyyətçisindən icazə almalıdır. Əgər icazə almazsa, ona heç nə düşmür”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Aşkar olunan dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, məsələn, qədim pullar (sikkələr), qədim əlyazmalar və sair qiymətli əşyalar olduqda dövlətə təhvil verilir. Bu halda dəfinəni tapan şəxs və mülkiyyətçi dövlətdən dəfinənin 50%-i məbləğində mükafat ala bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə