Yaponiya portalı Prezident İlham Əliyevin xalqa müraciətini yayıb

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində səsləndirdiyi fikirlər Yaponiyanın “AJMEDIA News Portal”ı tərəfindən də geniş işıqlandırılıb. Yapon, ingilis və Azərbaycan dilində yayımlanan məlumatlarda dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. İnformasiyalarda Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatının səbəbləri, Azərbaycan Ordusunun zərgər dəqiqiliyi ilə hərbi obyektləri məhv etməsi, dinc əhalinin heç bir zərər çəkməməsinə xüsusi diqqətlə yanaşılıb.

Qeyd edilib ki, Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə tam və qəti şəkildə nail olub. Bildirilib ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.
Vurğulanıb ki, Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Azərbaycan Prezidentindən sitat gətirərək qeyd edilib ki, terrorçular onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar. Xatırladılıb ki, Azərbaycanın Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atıb, düşməni layiqincə cəzalandırıb.

Həmçinin portalda Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər də yerləşdirilib.

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevə istinadla uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin artıq başladığı, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyi diqqətə çatdırıb.

Eyni zamanda, məqalələrdə Prezident İlham Əliyevin “Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi” fikri xüsusi olaraq vurğulanıb.

Dövlətimizin başçısının fikirlərindən iqtibas gətirilərək, təxminən 24 saat davam edən tədbirlərdən sonra Azərbaycanın “dəmir yumruq”la suverenliyini bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına başlanacağı da qeyd olunub.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə