Arıqlama çay və kofeləri insanları ölümə necə aparır? - DƏHŞƏTLİ FAKTLAR - ARAŞDIRMA

Gözəl və formada olmaq hər bir qadının arzusudur. Amma bu gözəllik uğrunda ölümlə nəticələnəcək yollara üz tutmağı düşünürəm ki, heç kim istəməz. Düzdür, gözəllik qurban tələb edir. Amma bu, insanın sağlamlığına fəsad verib onun həyatı ilə nəticələnməməlidir.

Son günlər ölkəmiz də daxil olmaqla dünyanın bir çox yerindən gələn xəbərlər arıqlama və pəhriz məhsullarının qurbanı olan qadınlardan bəhs edir. Bəzi insanlar erkən ehtiyat tədbirləri ilə sağlamlığına qovuşsa da, bəziləri bu məhsullardan istifadənin qarşılığını həyatları ilə ödəyir. Maraqlısı da budur ki, bu məhsulları məşhurlaşdırıb reklam edənlərin bir çoxu məşhur bloger, müğənni və digər tanınmış simalardır. Məgər bu məhsulları reklam edənlər bilmirlər ki, bir məhsulu milyonlarla insana tövsiyə etməmişdən öncə onu axtarıb-araşdırmaq lazımdır?! Görünən odur ki, pul qazanmaq, reklamlarla varlanmaq həvəsi insanların gözünü kor edib. Bu qədər paylaşılan məlumat və xəbərdarlıqların isə onlara heç bir təsiri yoxdur. Kim bilir, ya həqiqətən görmürlər, ya da görməzdən gəlirlər.

Bəs, nədir bu məhsulların zərərləri? İnsanların həyatını necə məhv edir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bu zərərli pəhriz məhsulları toz, tablet, çay, kofe və ya digər formalarda ola bilər. Ən yeni variantı isə "qəhvə"dir. Qəhvə və kofenin maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək etdiyini bilirik. Bəlkə də bu səbəbdən son zamanlar arıqlama kofeləri daha dəbdədir. Lakin unutmayın ki, bunlar marketlərdə satılan və ya kafedə sifariş etdiyimiz qəhvə növləri deyil. Bunlar sizi ölümə apara bilər.

Arıqlama qəhvəsinin tərkibində nələr var?

Mütəxəssislər deyir ki, bu məhsulların əksəriyyətinin tərkibində qəhvə belə yoxdur. Bunların bir neçə növü var. Bəziləri ancaq bitki ekstraktlı qovrulmuş və əzilmiş noxud tozundan ibarətdir. Bəziləri isə, sadəcə, adi qəhvədir.

Arıqlamağın sirri nədir?

Bunun üçün balanslı qidalanma və idman ən effektiv üsuldur. Üstəlik, bunların insan orqanizminə heç bir zərəri də yoxdur. Əksinə, sağlamlıqdır.

Arıqlama çay və kofelərinin zərərləri

Unutmayın ki, heç bir dərman və ya bitki insana əks təsir göstərmədən onu arıqlada bilməz. Bir dərman nə qədər müsbət təsirli olsa da, onun da bir o qədər yan təsiri var.

Məlumat üçün qeyd edək ki, son zamanlar bu məhsulların bir sıra Qərb ölkələrində qadağan olunduğunun şahidi oluruq.

Ürək ritmini artırır

Arıqlama və pəhriz məhsulları mərkəzi sinir sistemindəki toxluq mərkəzini stimullaşdırır, daimi toxluq vəziyyəti yaradır. Bundan əlavə, qan təzyiqini, ürək döyüntüsünü artıran və ürəyin mərkəzini stimullaşdıran təsirlərə malikdir. Nəticədə, ürək döyüntüsü, artan qan təzyiqi, ağız quruluğu, titrəmə, tərləmə və əsəbilik kimi bir çox yan təsirlər meydana gələ bilər.

Son peşmanlıq fayda verməz

Mütəxəssislər qəhvə, çay və ya kapsul şəklində olan arıqlama və pəhriz məhsullarının heç bir arıqlama təsirinin olmadığını bildirir. Təsirlərinin qısa müddətli olmasına baxmayaraq, qaraciyər və ya böyrəklərə zərər verərsə, ciddi fəsadlara səbəb ola bilər.

Bu çay və kofelərdən istifadə edib aşağıdakı simptomları olan insanlar həkimə müraciət etməlidirlər:

- Ağız quruluğu
- Ürək döyüntüsü
- Artan qan təzyiqi
- Stress və sıxıntı
- Tərləmə
- Tez əsəbləşmək
- Yuxusuzluq və ya yuxuya meyilin artması
- Tez-tez sidik ifrazı

Bu kofelərdən istifadə etmiş stil məsləhətçisi, geyim psixoloqu Rena Əliyeva Melech: “3 ay bundan əvvəl, yəni toyumun öncəsi “Slt Slim Lux Coffe” arıqlama kofesindən istifadə etdim. Bir çox insanlar bunu aylarla içir. Mən isə, sadəcə, 4 gün və 4 paket istifadə etsəm də, vəziyyət çox dəhşətli oldu.

Fəsadlarını qeyd etməyə gəlsək, elə dünən mədə-bağırsaq həkiminə yollanmışam. Belə ki, narkoz alıb mədə-bağırsağımı yoxlatdım. Yəni, bu 3 ay ərzində mənə bu dərəcədə böyük fəsad verib.

İlk başlar bu çay və kofeləri içirsiniz və iştahınız kəsilir. Ümumiyyətlə yemək haqqında düşünmür və istəmirsiniz. Buna baxmayaraq gün ərzində çox enerjili olursunuz. Danışa bilməyəcək dərəcədə dəhşətli ağız quruması baş verir və hər dəqiqə su içmək istəyirsiniz.

4 gün ərzində gecələr 2 dəfə çox aclıqdan başım fırlanaraq təzyiqim düşmüşdü. Yıxılmaq dərəcəsində idim. İki dəfə də gecə yatarkən ürək döyüntümdən, hətta ölə biləcəyimi düşündüm. Bir anda əl-ayağım əsdi, soyuq tər bədənimdən axdı. Bütün bunlar məni qorxutdu və kofeni dayandırdım.

Qeyd edim ki, əgər bu kofeni bir gün belə içməsəniz əvvəlki iştahınıza geri dönürsünüz. Yəni, təsiri, sadəcə, içdiyiniz an olur. Çox az müddətdə isə atdığım çəkini geri aldım.

Bir həftə sonra isə məndə dözülməz dərəcədə oynaq-bədən ağrıları oldu. Həkimə gedərək qanımı yuduzdurdum. Kofeni içdiyim 4 gün ərzində bir dəfə belə olsun bağırsaqlarımı boşalda bilmirdim. Son çarə olaraq bunun üçün dərman qəbul etdim. Artıq mən 3 aydır ki, bu dərmansız bağırsaqlarımı boşalda bilmirdim. İzləyicilərimdən bir neçəsi mənə 12-13 günlük qəbizlikdən sonra ölümcül bir vəziyyətdə xəstəxanaya aparıldıqlarını bildirdi. Mən də bağırsaq yoxlanışına getdim. Məlum oldu ki, bağırsağımın içində çatlar və qan laxtaları göründü. 4 ədəd paket məni bu vəziyyətə saldısa, aylarla içənlərin vəziyyətinin necə olacağını heç bilmirəm”.

Məlhəm Beynəlxalq Hospitalın Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri, həkim-terapevt Sübhan Hacıyev: “Əfsuslar olsun ki, dəb halına çevrilmiş bu arıqlama eşqi, xüsusilə də, tənbəl insanların gözünü qaraldıb. Belə ki, onlar doğru-düzgün kilo vermək əvəzinə, yəni vaxtlı-vaxtında idmanla məşğul olaraq qida rasionunda düzgün bir pəhrizlərə riayət etməkdənsə, daha tez effekt ala biləcəyi dərman preparatlarına, arıqlama çaylarına, arıqlama kofelərinə və bir çox qida əlavələrinə üz tuturlar. Lakin unudurlar ki, onların uzaq və yaxın gələcəkdə verə biləcəkləri yan təsirləri, fəsadları, ağırlaşmaları və yarada biləcək ikincili xəstəliklər qat-qat daha ağır orqanizm üçün fəsadlarla nəticələnə bilir. Çünki bu dərman preparatlarının bir çoxları qeyri-qanuni laboratoriyalarda istehsal olunur, onların tam tərkibi, instruksiyaları əksər hallarda tam dəqiqliklə göstərilmir. Dəfələrlə şahidi olmuşuq ki, bir çox bu kimi preparatların tərkibi düzgün labaratoriyada araşdırıldıqda onların tərkibində metamfetamin, flyuksetin kimi psixotrop antidepressant preparatlar vardır, metafarmin, sildenafil kimi kimyəvi preparatlar vardır ki, bunlar bir çox xəstəliklərin müalicəsində həkim tərəfindən diqqətlə yüz ölçülüb bir biçilən dərmanlar siyahısındadır. Ona görə də bu kimi dərmanların istifadəsi orqanizmə çox ciddi şəkildə təsir göstərə bilir. Bu təsirlər birinci növbədə həzm sistemində olur. Belə ki, mədə-bağırsaq sistemində mədə-bağırsaq qanamaları, həzm prosesinin pozulmaları, bağırsaq mikroflorasının pozulması, xüsusilə də, disbakteriozun olması, uzun müddət sürdüyü zaman bağırsaq çatları hansı ki artıq konservativ medikamentoz yolla müalicə olunmur, bunlarda birbaşa cərrahi əməliyyatlara göstəriş olurlar.

Eyni zamanda, bu dərmanların tərkibində olan bir çox psixotrop maddələr ciddi şəkildə asılılıq yaradır sonra həmin dərmanları istifadə etmədikdə bir çox nevroloji psixomatik xəstəliklərlə xəstələrimiz üzbəüz qalırlar və artıq araşdırmaq da çox çətin olur. Çünki bu cür insanlar həmin qida əlavələrinin tərkibini bilmədikləri üçün adətən həkimə də bu barədə demirlər və bu xəstəliklərlə rastlaşdıqları zaman artıq araşdırmasına da düzgün diaqnozun tapılması üçün çox böyük bir vaxt lazım olur. Bu da təbii ki, düzgün müalicənin tətbiq olunmasında da zaman kəsiyi qismində çox uzadıldığı üçün müalicənin də effektivliyi həm uzanmış, həm azalmış olur.

Bütün bunları nəzərə alaraq insanlarımıza doğru-düzgün pəhrizlərlə arıqlamağı tövsiyə edirəm. Bunun üçün qida rasionumuzdan karbohidratları, yəni şirniyyatları çıxarmamız lazımdır. Daha çox zülal və proteinli qidalardan istifadə etməliyik.

Eyni zamanda, hər kəsin öz çəkisini 30 ml vuraraq alınan rəqəm qədər maye qəbul etməsi, gün ərzində 45-60 dəqiqə civarında kardio idmanlarla məşğul olmaq, mütləq şəkildə yuxu rejiminə çox ciddi şəkildə diqqət etmək lazımdır. Bildiyimiz kimi gecə yuxusunu heç bir şey əvəz eləmir. Günün üçdə birini yuxuda olsaq və stressdən uzaq olsaq bizim təbii şəkildə çəkimizin azalması göz önündə olacaq".

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova: “Ümumiyyətlə, arıqlama çayları, yaxud kapsullar şəklində arıqlama həbləri biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Bu zaman istehlakçıları aldatdıqları və ən çox istifadə etdikləri üsul bunların bitki mənşəli olması ilə bağlıdır. Unutmayın ki, bir məhsulun bitki mənşəli olduğunu demək onun hər zaman faydalı olduğunu göstərmir. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, yan təsirləri də var. Əgər bitki mənşəli hər hansı bir çay insanlarda arıqlamaya səbəb olursa, bu, insan orqanizminin təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir. Çünki bunlar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır. Bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi, eyni zamanda bağırsaq mikroflorasının pozulması ilə nəticələnir. Belə olan halda insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur.

Təbii ki, əgər bunlar təyinatsız şəkildə istifadə olunursa, bu zaman orqanizmdə daha ciddi fəsadlara yol açır və ciddi anoreksiyanın yaranmasına, vitamin və mineral çatışmazlığından saçların tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması, mədədə hər hansı bir problemlərin olması, eyni zamanda orqanizmin daxili orqanlarının funksiyasının pozulması ilə nəticələnir ki, mütləq şəkildə bu kimi məhsullardan istifadı etməkdən uzaq durmaq lazımdır.

Gənc xanımlarımız ana olmadan öncə bunlardan istifadə edirsə, bu zaman orqanizmin zədələnməsinə və dünyaya gələcək körpənin xəstəlikli olmasına səbəb olur. Həmçinin, xərçəngə, diabetə və mədəaltı vəzinin tamamilə sıradan çıxmasına səbəb olur. Çünki süni müdaxilələr orqanizmə zərərlidir.

Bu məhsullar daha çox reklamlarla satılır. Onların harada istehsal olunduğu, mənşəyi bəlli olmadığı və istehsalçı şirkət haqqında güvənilir məlumat olmur. Bu zaman da istifadəçilər hara və kimə müraciət edəcəyini bilmir. Fəsadlarla qarşılaşdıqdan sonra isə demək olar ki, gec olur.

Bunları hər zaman blogerlər, müğənnilər və digər tanınmış simalar istifadə edir. Həmçinin, estetik müdaxilə olunaraq arıqlamış şəxsləri çaylar adı ilə kilo vermiş kimi qələmə verərək insanları aldadırlar.

Əgər çəkimizi normada saxlamaq istəyiriksə, mütləq sağlam qidalanmağa, gündəlik həyat tərzinə, yuxu rejiminə və fiziki aktivliyimizə diqqət edək. Çünki yalnız bu yolla sağlam çəkini saxlamaq olar. Qalan digər vasitələrin mütləq şəkildə fəsadları olacaq.

Bir insan 1 ayda 7-8 kilo çəki atırsa, bu orqanizmdə əzələ itkisində və dəri sallanmasına səbəb olur. Bunlar da qarşısıalınmaz problemə çevrilir”.

Dietoloq Ləman Süleymanova: "Piylənmə müasir cəmiyyətimizin ən qlobal səhiyyə problemlərindən biridir. Hər artıq çəkidən əziyyət çəkən insan uzun illər yığdığı çəkidən tez bir zamanda və rahat şəkildə azad olmaq istəyir. Bu da onları bəzən yanlış addımlara sövq edir.

Çox təəssüflər olsun ki, insanların hisslərindən istifadə edən işbazlar var. Onlar sosial şəbəkələrdə profillər yaradaraq bu insanlara arıqladıcı dərmanlar və zərərli kokteyllər tövsiyə edirlər. Bunları reklam edənlərin əksəriyyəti də məşhur simalardır.

Arıqladıcı dərman, kofe, çay və kokteyllərin çox ciddi fəsaları var. Satışda olan 70 faiz arıqladıcı çay, kofe və kokteyl adı altında olan bu kimi məhsullara çox zəhərli, insan orqanizminə mənfi təsir göstərən maddələr əlavə olunur. Xüsusən də, bir yapon bitkisi var ki, həmin bitkinin orqanizmə çox mənfi təsiri var. Belə ki, bu bitkinin yarpaqlarında xüsusi ağır narkotik tipli maddə və insanda dövriyyədə olan hormonların aktivliyini aşağı salan, qadınlarda və kişilərdə sonzuluq yaradan, süd vəzi xərçənginə səbəb olan ciddi bir maddə var. Bu bitkidən istifadə olunması tibb aləmində qadağandır. Əsasən də qaraciyərə ciddi təsir edir. Bu bitkinin həmin çay və kofelərdə olması isə onun tərkibində qeyd olunmur. Bunun arıqlamağa heç bir təsiri yoxdur. Sadəcə olaraq, bədəndəki mineral və vitamin balansını mənimsəyir. Bir də güclü sidikqovucu, yuxugətirici və xərçəng əmələ gətirən təsiri var.

Ümumiyyətlə isə, arıqladıcı məhsulların tərkibində olan bütün maddələr qaraciyər və mədəaltı vəzə dağıdıcı təsir göstərir. Hətta bunlar qaraciyərin transplantasiyasına belə səbəb ola bilər. Yəni, qaraciyəri ümumiyyətlə sıradan çıxarır. Görün, bunların tərkibində nə qədər ciddi maddələr var.

İnsanda görmə qabiliyyətinə və beyin qan dövranına ciddi təsir edir. Bu məhsullar insanı özündən asılı edir. Belə ki, insan onu dayandırdıqdan sonra aclıq hormonu çox yüksəlir. Ciddi dırnaq çürüməsi, saç tökülməsi, dəridə quruluq və s. yaradır. İnsanı vaxtından əvvəl qocaldır, qadınlarda aybaşı dövriyyəsini pozur, yumurtalıqlara zərər verir. Həmçinin güclü sümük ağrıları və çəkinin sürətlə artımı baş verir.

Böyrəyində anadangəlmə problemi olan insanlar var ki, onlarda ciddi böyrək çatışmazlığına gətirib çıxarır. Baş ağrısı, baş gicəllənməsi, miqren ağrıları yaradır. Piylər parçalanmır, boşalır. Yalandan 3-4 kiloqram ayırlayıb əvəzində 10-15 kiloqram çəki alırsınız. Çünki immun sistemi kəskin zəifləyir. Bir müddət sonra isə artıq beyin anlayır ki, orqanizmdə nələr baş verir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə