“Bakıdan küçə ticarəti tamamilə yığışdırılmalıdır“ - QURUM RƏSMİSİ AÇIQLADI
“Küçə ticarəti İtaliya, Portuqaliya kimi dünyanın bir çox ölkələrində mövcuddur. Bu əsasən bələdiyyələr tərəfindən həftəsonları təşkil olunur. Məhsullar satıldıqdan sonra həmin ərazi təmizlənir və həftəboyu da təmiz olaraq qalır. Yalnız Azərbaycanda küçə ticarəti necə və harada gəldi həyata keçirilir və fərdi xarakter daşıyır. Zənbildə, uşaq arabasında balıq satanları dəfələrlə müşahidə etmişik”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bazar ətrafında böyük küçə ticarəti həyata keçirilir: “8-ci km bazarı düşünürəm ki, insanların hüquqlarının pozulduğu və ən çox təhlükəli ərzaq məsullarının satıldığı yerdir. Dəfələrlə KİV tərəfindən həmin ərazidən çəkilişlər aparılsa, təhlükəli məsullar göstərilsə də bunlar bir nəticə verməyib. Bu işə nəzarət edən dövlət orqanının jurnalistlərlə əlaqəsi yox dərəcədədir. Yəni ictimai rəyə dəyər vermirlər. Belə olduğu müddət ərzində də küçə ticarəti gözəl Bakını pis günə qoyacaq. Bu baxımdan da Bakıdan küçə ticarəti tamamilə yığışdırılmalıdır.
Çox təəssüf ki, məsələ üzrə müvafiq dövlət orqanlarının birgə işini görmürük. Bu məsələ həll edilmədikcə də insanların küçə ticarətindən zəhərlənmə halları baş verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə