Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsi 3 saylı Neft və Qaz Çıxarma sahəsində neft və qaz hasilatı üzrə usta Nahid Məmmədovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Sizə necə müraciət edək? Neftçi, yoxsa dənizçi?
- Düşünürəm ki, neftçi kimi müraciət etsəniz daha doğru olar.
- Neçə ildir bu sahədə çalışırsınız? Özünüz haqqında məlumat verə bilərsiniz?
- 1972-ci ildə Bərdə rayonu Məmmədli kəndində doğulmuş, 1990-1995-ci illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetində təhsil almışam. 50 yaşım var. Universiteti bitirər-bitirməz təyinat ilə Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin 3 saylı Neft və Qaz Çıxarma Sahəsində fəaliyyətimə başlamışam və hələ də bu sahədə çalışıram.
- Dənizdə çalışmaq asan, yoxsa çətindir?
- Çətindir. Amma işimi sevirəm. Etiraf edim ki, ilk başlar bu iş mənə çox daha çətin gəlirdi, lakin zaman keçdikcə alışdım. Düşünürəm ki, işini sevgi ilə görməlisən. Əks halda, uğursuz və cansıxıcı hal alar.
- Heç olubmu ki, gəmi dənizdə olarkən hər hansı problem yaşansın?
- Hər bir sahədə problem qaçılmazdır. Məncə, bu, normal haldır.
- Küləkli havalarda dənizlə necə mübarizə aparırsınız?
- Güclü küləkdən əvvəl idarədən bizə məlumat verirlər və qabaqlayıcı tədbirlərimizi görürük. Təəssüf ki, bəzən küləkli hava şəraiti ilə bağlı evə bir neçə gün gec də gedə bilirik, yaxud belə havaya görə evdən işə də gedə bilmirik.
- Bayramları da dənizdə qeyd edirsiniz?
- Növbəli iş rejimində çalışdığım üçün elə olur ki, bəzi bayramları dənizdə kollektivlə birlikdə keçirirəm. Bir az belə məsələlər də işi daha çətinləşdirir. Çünki hər bir ailə başçısı kimi mən də bayramı öz evimdə ailəmlə birgə qeyd etmək istəyərəm.
- Nə vaxtsa bu sahədən öz istəyinizlə getmək istəyərsiniz?
- 28 ildir dənizdə çalışıram. Sizcə, ömrünün böyük bir qismini dənizə həsr edən biri üçün bu addımı atmaq asan ola bilər?! (gülür). Dəniz gözəldir, buradan ayrılmaq isə çətin.
- İşçi qrupunuz haqqında nə söyləyə bilərsiniz? Uzun müddət bir-birinizlə zaman keçirirsiniz. Bu sizi doğmalaşdırıbmı?
- Mənimlə bərabər burada 80 işçi çalışır. Onlar mənə çox doğmadır. Sanki bir ailə kimiyik. Düşünürəm ki, onlardan ayrılmaq çətindir.
- Övladınızın sizin peşənizi davam etdirməsini istəyərdiniz?
- Bir oğlum var. Mühəndisdir. Düzdür, mən işimi çox sevirəm, amma çətindir. Elə buna görə də oğluma qıymaram.
- Son olaraq gənclərə hansı tövsiyələriniz var?
- Gənclərə tövsiyəm odur ki, peşə seçərkən xeyli düşünün. Seçdiyiniz peşəni də sevib seçin. Amma tək sevməklə iş həll olmur. Ağıllı qərar verin. Elə bir peşə seçin ki, gələcəkdə orada uğur qazanın və iş tapmaqda çətinlik çəkməyin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB