“Fala baxdırmaq ağıllı insanlar tərəfindən qəbul edilmir” - SOSİOLOQ FİKİR BİLDİRDİ
“Fal baxdırmaq, fala inanmaq kimi məsələlər olduqca mürəkkəb xarakterlidir. Hər bir varlıq öz ətrafına müəyyən enerji paylayır. Bizim ətrafımızda isə elə həssas dalğalar var ki, bu enerjinin əsasında bəzi məsələlər haqqında informasiya əldə etməyə imkan verir. Lakin hər kəs bunu bacara bilmir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, bəzi insanlarda müəyyən bir qabiliyyət olur ki, o, enerjini duya bilsin. Amma belə insanların da sayı çox azdır. Buna görə də kimlərinsə bu sahədə konkret fikir deməsi doğru deyil.
Dinimiz fala inanmağı məsləhət bilmir. Çünki falçılar həm dediklərindən yüz faiz əmin ola bilməzlər, həm də onlar fala baxmaq, cadu etmək adı ilə enerji sisteminə daxil olurlar ki, bu da insana zərər verə bilər. Fal baxdırmaq bu və ya digər halda ağıllı insanlar tərəfindən qəbul edilmir və məsləhət görülmür.
“Fala baxma, faldan da qalma” ifadəsinin ikinci hissəsini isə falçılar uydurublar. Müəyyən kütlə insanın fala inanmasına səbəb isə qarşılarına həqiqətən də güclü enerjiyə sahib insanlar çıxmasıdır. Amma istənilən fala inanmaq da, baxdırmaq da təhlükəlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə