“Kartda olan pullar vətəndaşın təqsiri ucbatından yoxa çıxırsa,…” - VƏKİL AÇIQLADI
“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16/3 saylı, 10 iyul 2012-ci il tarixli Ödəniş kartlarının emissiyası və istifadə qaydalarında qeyd olunmuşdur ki, kart sahibi ilə emitent bank arasında bağlanmış müqavilədə müqavilə üzrə təhlükəsizlik tələblərinin və digər şərtlərin pozulması halında tərəflərin məsuliyyəti göstərilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, yəni, bu barədə məsuliyyətlə bağlı müddəalar Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilədə əks olunur: “Bankların vətəndaşlarla bağladığı əksər müqavilələrdən görünür ki, kart Bankın mülkiyyətidir və kartın istifadə müddəti bitdikdən sonra Müştəri onu Banka qaytarır. Kart Banka qaytarılmadığı halda Bank tərəfindən birtərəfli qaydada bloklaşdırılır və etibarsız hesab edilir.
Əsas və əlavə kartlarla aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti Müştəri (əsas kartın saxlayıcısı) daşıyır. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqəlidirsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır.
Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir.
Buradan belə nəticəyə gəlirik ki, kartda olan pullar vətəndaşın təqsiri ucbatından yoxa çıxırsa ( itirilirsə), buna görə özü məsuliyyət daşıyır.
Lakin bankın təhlükəsizlik qaydalarına və birbaşa hüquqa zidd fəaliyyəti ucbatından vətəndaşa maddi ziyan dəyirsə, kartında olan pul vəsaitləri oğurlanırsa, bu halda bank məsuliyyət daşıyır.
Bununla bağlı vətəndaşı Azərbaycan Respublikası Mərkəzi Bankına və məhkəməyə müraciət edə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB