5.80 x 7= 40.60 FELYETON

Ay qardaş, vallah, lazım deyil, nə lazım axı bu qədər xərc?.. Başa düşürük, imkanınız bir o qədər də yaxşı deyil. Qazandığınız heç özünüzü idarə etmir. Hələ bir durub kiməsə hədiyyə almaq nə üçündür axı? Vallah, sizi buna təhrik edən də yoxdur. Sizdən bunu istəyən də yoxdur. Uman da yoxdur. Siz Allah, nahaq əziyyət çəkirsiniz, vallah ehtiyac yoxdur...

Uşaqdılar da, borcları yaxşı oxuyub universitetə girməkdir. Bunu son vaxtlar elə böyük bir məsələyə çevirirlər ki... Uşaq ki, universitetə qəbul olundu, qohum-əqrəba başlayır hədiyyə almağa. Valideynlər də başlayır qonaqlıq verməyə. Deyirsən, axı bunlar niyə belə edirlər, nə olub ki?.. Məşədi İbad deməli, heç hənanın yeridir. Nədi-nədi ki, uşaq məktəbə girib. Ay qardaş, ay bacı, uşağın məktəbə girməsi onun ən birinci vəzifələrindəndir də. Özünüzə bu qədər xərci nə üçün vurursunuz?..

Yaxşı, deyirsiniz ki, nə olar ki, hədiyyə alanda. Doğrudan ey, nə olar ki?.. Bir kiçik, yaddaqalan hədiyyə ilə nə olacaq ki, yəni. Amma özünü xərcə salan kişilər də olur. Adam belə hadisələrlə qarşılaşanda deyir, nə lazım ki, bu qədər xərc.

Budur ey, icra başçılarından biri rayon üzrə 600-700 bal toplayan 7 tələbəyə 7 saat alıb. Bu tələbələr 15 sentyabrı iplə çəkirlər ki, həmin saatları qollarına taxıb universitetə getsinlər. Çox gözəl, bu, elə bir xatirədir ki, həyat boyu unudulmayacaq. Uşaqlar hər o saata baxanda onlara göstərilən hörmət və ehtiramın dəyərini anacaqlar.

Heç saatların qiymətinin dəyəri də pis deyil. Hər biri 5.80 qəpik olan bu saatları 7-yə vuranda, gör nə qədər edir? 5.80x7= 40.60 qəpik. Görün, nə böyük ürək sahibləri var. İndiki dövrdə 40.60 qəpyindən keçən hələm-hələm adam tapılmaz. O da ola elin uşağına. Vallah vəzifədə işləyən dayılar, əmilər, atalar var ki, heç doğma balasına, qohumuna bu qədər xərc çəkib hədiyyə almaz. Lakin icra başçılarından bunu edənlər var. Həm vaxtını ayırıb tələbələrlə görüşən, həm də onlara ümumilikdə 40.60 qəpik xərc çəkən rayon rəhbərinə, halal olsun.

Vallah, hədiyyənin böyüyü.-kiçiyi olmaz, deyərlər. Ötən illərdə də başqa bir rayonun icra başçısı voleybol üzrə birinci yerə çıxan idmançıların hərəsinə bir elektrik çaydanı hədiyyə etmişdi.

Ondan qabaqkı il icra başçılarından biri rayon üzrə olimpiada qaliblərinin hərəsinə bir şüşə qənddan hədiyyə etmişdi.

Vallah, bunları qiymətləndirmək lazımdır. Yaxşı, qoy o biri rayonların icra başçıları da bu addımları atsın da. Görürsünüz, bu addımı hələm-hələm adam da atmır. Buna birinci böyük ürək lazımdır, ikinci vaxt, üçüncü də dəyər. Çox təəssüf ki, hər kəsdə böyük ürək də, vaxt da olmur, dəyər də verməyi bacarmır.

Odur ki, 600-dən yuxarı bal toplayan 7 tələbənin saat kimi hədiyyə ilə dəyərləndirilməsini, vallah, mən öz adıma böyük hadisə hesab edirəm. Deyənlər var ki, əşi, bunların hərəsinə 100 manat verərdin, gedib özlərinə bir yubkadan, şalvardan, köynəkdən alardılar da. Saatı nə edirdilər axı. Lakin bu cür danışanları mən çox qınayıram. Çünki pal-paltar geyinildikcə cırılıb-dağılan bir şeydir. Lakin saat ömürlük qalandır.

Nə üçün insanların əməyini dəyərləndirməyək ki?.. Axı kişilər xərc çəkir... Tələbələrə saat alır ki, metroda başlarını qaldırıb ta saata-filana baxmasınlar, qaçsınlar oxumaq dalınca. İdmançiya elektrik saydanı hədiyyə edirlər ki, səhər-səhər məşqə-filana yubanmasınlar, tezcə çaylarını qaynadıb, içib qaçsınlar. Olimpiada qaliblərinə də şüşə qənddan alırlar ki, evə çatanadək ora-bura çırpıb sındırsınlar, anlasınlar ki, bax, ehtiyatsızlıq edəndə nəyəsə nail ola bilməzsən. Ona görə də ehtiyatsızlıq, məsuliyyətsizlik etmək lazım deyil. Çünki qarşıda hələ olimpiadalar çoxdur...

Bax, bu cür yanaşmanın qarşısında heç kimə yaraşmaz ki, deyə ki, saat yox, pul verərdilər, elektrik çaydanı yox, idman forması, şüşə qənddan deyil, bir qələm və ya kitab verərdilər..

Bəli, haqqımız yoxdur. Çünki bizim dəyərli atalarımız deyiblər ki, bir hədiyyə alanda, ya öz adına, ya da verdiyin adamın adına layiq al. Bu kişilər də işlərini bilirlər, vəssalam. Adları-sanları var axı...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə