"Şiddətə məruz qalan uşaqlar..." - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Şiddətə məruz qalan uşaqlar..." - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Valideynləri tərəfindən şiddətə məruz qalan uşaqlarda dostluq hissinin inkişaf etməməsinin şahidi oluruq. Öncəki illərə nisbətən hazırda uşaqların dostluq münasibəti qura bilməməsinin başlıca səbəbi valideynləri tərəfindən təzyiqə, şiddətə məruz qalmalarıdır ki, bu da onların psixologiyasında sanki bir xaos yaradır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, valideyn şiddətinə məruz qalan uşaqlarda gənclik dövründə dostluq hissinin motivlərinin dəyişdiyini müşahidə edirik: "Məsələn, yeniyetmə bir qız kimdənsə xoşu gəldiyini anası ilə bölüşür və qarşılığında ana ilk növbədə sakit qarşılasa da, daha sonra fiziki zorakılıq tətbiq etməyə başlayır. Bunu yaşayan yeniyetmə artıq düşünür ki, əgər hər hansısa bir sirrimi dostumla da bölsəm, daha sonra ondan zərbə alaram. Belə hallardan sonra artıq həmin uşağın psixologiyasında ciddi dəyişikliklər olduğunu görürük".

Psixoloq sözlərinə davam edərək bildirib ki, eyni zamanda, uşaq yaşlarından şiddətə məruz qalmış şəxslər ədavətə, düşmənçiliyə meyilli olurlar: "Onlar gələcək həyatlarında iş yoldaşlarına, dostlarına qarşı kin-küdurət hissi bəsləyirlər. Çünki şəxsi münasibət qura bilmirlər. Digər tərəfdən valideyn tərəfindən şiddətə məruz qalmaq uşaqların sosial fəallığını aradan qaldırır. Həmin uşaqlar xroniki stresdən yaranan depressiv vəziyyətə düşürlər. Onlar sakit qalaraq hətta bəzən öz bilik və bacarıqlarını belə göstərə bilmirlər. Özgüvəninin məhv olması gələcəkdə onların günahkarlıq və tükənmişlik sindromuna düşməsinə gətirib çıxarır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə