"Əmlakların sığortalanması məcburidir" - AYDINLIQ GƏTİRİLDİ

"Əmlakların sığortalanması məcburidir" - AYDINLIQ GƏTİRİLDİ

“Azərbaycanda daşınmaz əmlakın sığortalanması "İcbari sığortalar haqqında" qanunla tənzimlənir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, qanuna əsasən, ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlaklarının sığortalanması məcburidir: “Daşınmaz əmlakının icbari sığortası olmayan fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gənce, Sumqayıt və Naxçıvandakılara 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Qeyri-yaşayış obyektlərinin sığorta tarifləri isə əmlakın yerləşdiyi yerə, təyinatına və həcminə görə müəyyən edilir”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Qanun mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı (kupçası) olan bütün mənzillərin sığortalanmasını tələb edir. Qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi mənzil və evlər isə sığortalana bilməz. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində qısaqapanma, maşınların, aparatların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma və digər oxşar hallar sığorta hadisəsidir. Həmçinin təbii fəlakətlər- zəlzələ, vulkan, firtina, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta hadisəsi hesab olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə